Pənah Hüseynovla Əhməd Orucov arasında məhkəmə qalmaqalı
Radikal düşərgədə müxtəlif bloklar və birliklərdə təmsil olunan partiya sədrləri bir-birilərini yanlış siyasət yürütməklə suçlamaqda davam edirlər. Daha dəqiq desək, onlar "fəaliyyət" göstərdikləri qurumlarda digərlərinin təmsil olunmadıqlarını bəhanə edərək, öz siyasi oyunlarından kənarlaşdırmağa çalışırlar. Belə ki, son vaxtlar "İctimai Palata"da təmsil olunan və "cırtdan" partiya sədri kimi gündəmdə tanınan AXP sədri Pənah Hüseynovla başqa "cırtdan" təşkilat - "Azadlıq" partiyasının rəhbəri Əhməd Orucov arasında cərəyan edən hadisələr müəyyən gərginliyə doğru yürüməkdədir.
Xatırladaq ki, hələ bir müddət bundan öncə, "Azadlığ"ın sədri Əhməd Orucov "İctimai Palata"nı və orada təmsil olunanları dolayısı ilə təhqir etmişdi. Məsələ ondadır ki, Əhməd Orucov bilavasitə sözlərini AXP sədri Pənah Hüseynova ünvanlayıb. O, adıçəkilən qurumu "heç nəyə yaramayan tövlə", qurumda özünü xüsusi söz sahibi hesab edən Pənah Hüseynovu isə "naxırbaşı" adlandırıb. Çünki vaxtilə Pənah Hüseynov da "Azadlıq" partiyasının təmsil olduğu "Demokratiya Uğrunda Hərəkat" siyasi qurumunu və Əhməd Orucovu sərt şəkildə təhqir edərək söyüb. Məhz müəyyən müxalifət kuluarlarında edilmiş bu söhbət yayıldıqdan sonra, daha doğrusu, Pənah Hüseynova çatdıqdan sonra o, öz düşərgədaşını cavabsız qoymayıb. Əldə edilən xəbərə görə, Pənah -Oruc söz atışmasında (söyüşməsində -R.R) növbə Hüseynova çatdıqda, o, Orucova şəhər ətrafındakı fermasında bəslədiyi mal-qara ilə yeni siyasi təşkilat yaratmağı "məsləhət görüb". Bu, həm də radikalların "vur-vurum" prinsipinə hesablanmış addımdır. Və beləliklə, bu iki şəxs arasında "naxırbaşı"-"mal-qara" söhbətinə start verildi. Lakin məsələnin digər tərəfi də mövcuddur ki, bu da kimin ilk olaraq öz tərəflərindən törədilən təxribata tez uymasıdır. Yəni məhkəməyə kim birinci müraciət edəcək? Çünki ortada "şərəf" və "ləyaqətin" pozulması məsələsi var ki, bu da kimin tez qabağa düşməsindən asılıdır. Necə deyərlər, kimin "naxırbaşı", kimin isə "mal-qara" partiyasının sədri olması məhkəmədə müəyyənləşəcək.
Ancaq maraqlıdır ki, Əhməd Orucovun birbaşa "İctimai Birlik" adına söylədiyi ümumi fikir nəyə görə həmin quruma gedib-gələn digər partiya və QHT sədrlərini qıcıqlandırmayıb, yalnız AXP sədri Pənah Hüseynovu özündən çıxarıb? Belə yerdə deyərlər ki, soğan yeməmisənsə, ay Pənah bəy, için niyə göynəyir? Məgər sən "naxırbaşı"san? Yox, əgər həqiqətən də, qarpız alverindən "naxırbaşlığa" keçmisənsə, bu ayrı məsələ, bilərik ki, Pənah bəy "İctimai Palata"nın iclaslarına qatılmadığı gün nobata-filana çıxıb, mal qara otarır, işi çoxdur. Çünki belə olmasa idi, bu qədər adamın içində ortaya yalnız Pənah çıxmazdı. Yəni digərləri də "naxır", ya da "naxırbaşı" olduqlarını inkar etmək üçün Əhməd Orucova qarşı savaş açardı.
Bir sözlə, belə getsə, radikal müxalifət düşərgəsində təmsil olunan bütün blok və birliklər, "mərkəzlər" və qurumlar öz adlarında və səlahiyyətli nümayəndələrində dəyişiklik etməli olacaqlar. Məsələn, filan blokun həmçobanları Filankəsov və Behmənkəsov, ya da ki, beşməkan axurunda cəmləşən mehtərlər təşkilatı və sair, və ilaxır...
Hər halda, baş verən hadisələr bunu deməyə əsas verir və məhz həmin qurum və birlik sədrlərinin davranışları, qarşılıqlı ifadələri məsələni tam çılpaqlığı ilə ortaya qoyur. Ona görə də onlar mütləq lazımi məhkəmə strukturlarına müraciət edərək, kimin kim olduğuna açıqlıq gətirməlidirlər ki, görək kim "naxırbaşı", kim "mal-qara" təşkilatının sədri, kim "axurbaşı", kim isə "tövləbaşıdır"... Bir sözlə, radikal düşərgədə yeni etaplı dönəmə start verilib və bu yeni dönəm Pənah Hüseynovla Əhməd Orucov arasında başlamış, eləcə də, "vur-vurum" prinsipinə hesablanmış müxalifət "yeniliyidir". Hər halda, çox maraqlıdır...