"Cırtdan" partiyaların "cırtdan lider"ləri və onların "böyük" iddiaları olur
Mən müxalifətin radikal qanadını, daha doğrusu, ermənipərəst hissəsini qoyuruq bir yana. Onların kimliyi, nəyə xidmət etdiyi və nə üçün canfəşanlıq göstərdiyi hər kəsə bəllidir. Bəlli olmayan yalnız onların şərəf və ləyaqətlərinin hər gün yeni rəng alması, alçalmasıdır. Azərbaycan bir də elə partiyalar var ki, mənəviyyatı, ideologiyası, fəaliyyəti maddi və sosial bazası o qədər gülünc və cılızdır ki, onlara yalnız bir ad qoymaq olar: "Cırtdan" partiyalar". İctimaiyyətin də onlara verdiyi qiymət və ad yalnız budur. Bu partiyalar sırasında ilk yeri "Azadlıq", "Müasir Müsavat", "Vəhdət", "Sosial Demokrat" və "Xalq" partiyası tutur. Onların yalnız bir missiyası var: özlərini onun-bunun "orası"na - divar deşiklərinə soxmaq və yaxalarına sifətləri rəngində qalstuk vurub, "Don Kixot"luq etmək. Bu partiyalar bir əsərin qəhrəmanlarıdır, lakin müsbət qəhrəmansız qondarma topludur. Bu qəhrəmanların hər birinin "ayama"sı, qanuni adı var. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev arsızlıq, şərəfsizlik, əxlaqsızlıq simvoludur. Bu əsəri oxuyanlar, ən azı onun "domba" gözlərini qəzet səhifələrindən görənlər bunu gözəl bilir. H.Hacıyev radikalları danlayır ki, heç bir sosial layihəsi, siyasi istiqaməti yoxdur. Hafiz "bəyə" sual verirəm ki, sənin xaraba qalmış partiyanda neçə nəfər işçin və üzvün var? Üstəlik də, bəs sən niyə heç bir layihə hazırlamırsan? Ən azı ona görə ki, buna şərəfin, savadın və qabiliyyətin çatmır.
"Vəhdət" partiyasının sədri Tahir Kərimli "yalvarış" rəmzidir. Bu haqda heç danışmaq istəmirəm. Sadəcə, onu deyirəm ki, o, yeganə insandır ki, leksikonunda bu qədər "yalvarış və şikayət" var. "Azadlıq" partiyası da ki, sədri Əhməd Oruc kimi rəsmən "zindandır". O zindandır ki, bu zindanın yeri böhtan, tavanı xəcalət, divarları qorxaqlıq, qapısı isə erməni qapısıdır. Onun işi-gücü İ.Qəmbərova və Ə.Kərimova sətiraltı mesajlar "yamaq" etmək, söz gəzdirməkdən ibarətdir. Dünyada elə bir insan yoxdur ki, onun qədər "böyük" iddialı, lakin o qədər də fəaliyyətsiz olsun.
Bir kəlmə, "Yurddaş" partiya deyil, heç vaxt olmayıb və belə getsə, olmayacaq da. Elə partiya sədri Mais Səfərli kimi. Kişi "laməkan" olub, çəkilib buludlara və özünü ən yüksək siyasi rəhbərlər sırasında görür. Kef elə, qardaş, düzünü sən edirsən. "Əli aşından da olmusan, Vəli aşından da".
Bu da Pənah Hüseynovun keçmiş sədri olduğu "Xalq" partiyası. Əgər bu partiyada xalqdan əsər-əlamət varsa, Allah mənə lənət eləsin! Necə ki, P.Hüseynova edib. Yazıq "xalqçılar", qaldılar Pənahsız. P.Hüseynov vaxtilə baş nazir olanda, bu milləti necə günə qoydusa, sizi də o günə qoyub.
Bu da bizim "cırtdan"larımız. Bizim müxalifətçilər maraqlı filmlərdən, lentlərdən nümunə götürməkdənsə, gedib "cırtdan" nağılından örnək alıblar. Axı fəaliyyəti olmayan, boş-boş çərənləyən, yal axtaran, xəyanətkarların rəhbərlik etdiyi, sosial bazası olmayan, ermənilərə dilənən partiyalara nə ad vermək olar?!