Vədinə xilaf çıxan İsa...
Müsavat daxilində baş verən son olaylar bu partiya daxilində növbəti təşkilati böhranın yaşandığını göstərir. Əslində, burada yaşanan daxili gərginliyin Müsavat başqanı İsa Qəmbərovun uğursuz siyasi oyunlarının məntiqi sonluğu olduğu heç kəsə sirr deyil.
Bəlli olduğu kimi, İ.Qəmbərov 2010-cu ilin parlament seçkiləri ərəfəsində AXCP (i)-yə Müsavatla birləşməyi təklif etmiş, bunun müqabilində Müsavat başqanlığından gedəcəyini bildirmişdi. Bu isə Müsavatda başqanlığa iddialı olan digər funksionerlərin açıq fəaliyyətə keçməsinə səbəb olmuşdu. Lakin seçkilərdən sonra İ.Qəmbərovun öz söylədiklərini danması və partiyanın nizamnaməsini növbəti dəfə pozaraq, Müsavat başqanlığından getmək fikrində olmadığını bəyan etməsi digər iddialıları əməlli-başlı məyus edib. Bu mənada, son parlament seçkilərində AXCP (i)-Müsavat cütlüyünün üzləşdiyi böyük məğlubiyyət və İ.Qəmbərovun riyakarlığı, qeyri-səmimiliyi burada çoxlarının səbir kasasını daşdırıb.
Odur ki, partiyada Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin və Divan üzvü İbrahim İbrahimlinin istefası ilə başlanan yeni istefalar dalğası davam etməkdədir. Müsavat rəhbərliyi isə yaranmış vəziyyəti aradan qaldırmaqda aciz görünür. Diqqəti çəkən odur ki, bir qədər əvvəl partiyanın qabaqcıl funksionerləri kimi təqdim edilən bu şəxslər indi keçmiş həmkarlarının başlıca qınaq və tənqid obyektinə çevriliblər. Onları ittiham edənlərin sırasında İ.Qəmbərovun müavinləri ilə yanaşı, bir sıra keçmiş müsavatçıların da olması onu göstərir ki, əslində, bu əks-təbliğat məqsədli və planlı şəkildə aparılır. Maraqlıdır ki, Müsavatı tərk edənlərin çoxu AXCP (i)-yə yaxın olan media qurumlarına verdikləri müxtəlif açıqlamalarda sözügedən birləşmə ideyasının tərəfdarı olduqlarını vurğulayırlar. Bu, belə bir təəssürat yaradır ki, əslində, Müsavatdan son istefa verənlər İ.Qəmbərovdan fərqli düşünənlər və birləşməyə tərəfdar olanlardır. Doğrudur, burada AXCP (i)-yə yaxın sayılan media təmsilçilərinin mənsub olduqları partiyanı tərk edən narazı müsavatçıları məqsədli şəkildə yönəltməsi, istiqamətləndirməsi istisna deyil. İndiki halda belə səylərin mövcudluğu heç bir şübhə doğurmur. Bununla yanaşı, sabiq Müsavat funksionerlərinin müvafiq açıqlamalarının müəyyən mənada silsilə xarakter alması İ.Qəmbərovun başqanı olduğu partiyada yaranan ciddi qütbləşmədən xəbər verir. Hələ ki, İ.Qəmbərova sadiq görünən Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev S.Əkbər, İ.İbrahimli, A.Qeybulla, Q.Hüseynli və digərlərini müxtəlif vasitələrlə neytrallaşdırmağa çalışır.
A.Hacıyevlə yaxın münasibətlərə malik olduğu söylənilən sabiq müsavatçı Məlahət Nəsibova adlı bir şəxs S.Əkbərə qarşı kəskin ittihamlarla çıxış etməsi buna əyani misaldır. Xatırladaq ki, M.Nəsibova S.Əkbəri Müsavatın maraqlarını şəxsi maraqlarına satmaqda günahlandırmışdı. Əslində, İ.Qəmbərovun məqsədi A.Hacıyevin əli ilə digər müxalif partiyaları gəzərək liderlərlə görüşlər keçirən sabiq müsavatçıları gözdən salmaqdır. Odur ki, S.Əkbərlə İ.İbrahimlinin qəfildən hədəfə alınması istefa verənlərin atdıqları addımların Müsavatda narahatlıq doğurmasından xəbər verir.
Görünür, İ.Qəmbərov bununla baş verən istefaların qarşısını almağa və Müsavatın mövcudluğunu qoruyub saxlamağa çalışır. Qopmaların davam etməsi Müsavat təmsilçilərinin qarşı tərəfə yönələn ittihamlarının bir qədər də sərtləşməsinə səbəb olub. Müsavat təmsilçilərinin daha çox S.Əkbəri hədəfə alması onun uzun müddət partiyanın Ali Məclisinə rəhbərlik etməsi və başqanlığa iddialı olması ilə bağlıdır. İ.İbrahimlinin isə müqayisədə daha radikal ovqatlı görünməsi və başqanlıq iddiasından uzaq olması onu hələ ki, keçmiş partiyadaşlarının açıq hədəfinə çevrilməsindən sığortalayır. Başqa sözlə, İ.Qəmbərov S.Əkbəri özünə başlıca rəqib sandığından ona qarşı açıq "qara piar"a başlayıb. İ.İbrahimli isə, İ.Qəmbərovun təbirincə, daha zəif, müxalif dairələrdə qəbul olunmayan, qeyri-ciddi fiqurdur. Özü də hərəkat illərində qalmış, təfəkkürcə dəyişməmiş, yeni siyasi mühitə uyğunlaşmamış bir insandır. Digər tərəfdən, İ.İbrahimlinin Müsavatın rayon təşkilatlarında da kifayət qədər əlaqələri yoxdur. Bir sözlə, radikal düşərgədə siyasi cəhətdən bacarıqsız sayılan İ.İbrahimli Müsavatda ciddi qəbul edilmir.
S.Əkbər isə iddialı fiqur kimi, İ.Qəmbərov tərəfindən təhlükəli hesab edilir. Yayılan xəbərlərə görə, S.Əkbər Divan üzvlərindən bir neçəsi ilə danışıqlara gedib və onların istefasını əvvəlcədən razılaşdırıb. Bu şəxslər artıq istefa vermiş sabiq başqan müavini Qabil Hüseynli və keçmiş Divan üzvü Adil Qeybulladır. Hər iki şəxsin Müsavatla mənəvi bağları, əslində, çoxdan qırılıb. A.Qeybullanı narazı salan başlıca səbəb İ.Qəmbərovun təkidi ilə Müsavat Məclisi sədrliyinə onun deyil, rəqibi Arzu Səmədbəylinin namizədliyinin qeydə alınması olub. A.Səmədbəylinin partiyanın Məclisinə sədr seçilməsi isə yaranmış narazılığı bir qədər də kəskinləşdirib. Bu partiyanı tərk etmək fikrinə düşən A.Qeybulla üçün başlıca səbəb, Müsavatdan çoxdan incik düşən Q.Hüseynli üçün isə, sadəcə, bir bəhanə olub.
Diqqəti çəkən odur ki, sabiq partiyadaşlarının ittihamları müqabilində Müsavatı tərk edənlər heç də susmaq fikrində deyillər. Onlar Müsavat başqanını sözünün üstündə dayanmamaqda, vədinə xilaf çıxmaqda günahlandırır, baş verən istefalara məhz İ.Qəmbərovun səbəbkar olduğunu bildirirlər.
Göründüyü kimi, yeni istefalar dalğası Müsavatı əməlli-başlı silkələyib. Belə davam edərsə, bu partiyada nizamnaməni üçüncü dəfə dəyişmək bahasına olsa belə, başqanlıqdan getmək istəməyən İ.Qəmbərovdan başqa heç kim qalmayacaq.