Konstruktiv müxalifət bir araya gələ bilmədi
Parlamentə seçkilərdən az müddətdən sonra ölkədə konstruktiv müxalifət kimi tanınan BQP, BAXCP, MDP, VHP, DİP və "Ümid" partiyalarının bir araya gələrək, blok yaratmaq arzuları reallaşmadı. Belə ki, ayrı-ayrılıqda mətbuata açıqlamalar verən həmin partiyaların sədrləri müxtəlif bəhanələr gətirərək, yaradıcılığı nəzərdə tutulmuş "islahat" blokunda cəmləşməkdən imtina etdilər.
BQP sədri Fazil Qəzənfəroğlu bu barədə mətbuata verdiyi açıqlamasında DİP sədri Asim Mollazadəni, BHP sədri Sabir Rüstəmxanlını, MDP sədri Fərəc Quliyevi, eləcə də, "Ümid" partiyasının sədri İqbal Ağazadəni ciddi ittihamları ilə qarşı-qarşıya qoymuşdu. Bu ittihamlardan sonra BQP sədrinə elə də ciddi cavab reaksiyaları verilmədi. Bu isə sözügedən ittihamlarla razılaşmaq anlamına gəlməkdədir. F.Qəzənfəroğluna dəstək verən isə yalnız BAXCP sədri Qüdrət Həsənquliyev oldu. Lakin azlıqda qalan iki partiya yetkilisinin parlamentdə fraksiya yaradacaqları da inandırıcı görünmür.
Digər tərəfdən "Ümid" sədri İ.Ağazadənin də fraksiya yaratmaq istəyi parlamentdaxili müxalifətdə parçalanmalara, əks-reaksiyalara səbəb olub. Əldə etdiyimiz məlumatalara görə, MDP sədri dolayısı ilə İ.Ağazadə ilə razılığa gəlib. Lakin onların da mühüm qərar verə biləcəkləri reallıqdan kənar görünür. Məsələ orasındadır ki, vaxtilə bir "cəbhədə" olan F.Quliyevlə F.Qəzənfəroğlunun yenidən birləşməsi barədə məlumatlar ötürülməkdədir. Bu səbəbdən də İ.Ağazadə bütün gücünü səfərbər edərək, sözügedən birləşməyə mane olmağa çalışır. Ümumiyyətlə, "Ümid" sədri bütövlükdə "ana müxalifətçilik" obrazını parlamentdə canlandırmaqdan ötrü BQP sədrinə qarşı "hücum planı" hazırlamışdı. Onun Milli Məclisdəki müxalifət partiyaları ilə apardığı danışıqları nəticə verməsə də, mətbuata verdiyi açıqlamaları tamamilə başqa məqamlardan xəbər verir. Görünür, İqbal bəy dezinformasiya siyasəti ilə sükanı öz əlində saxlamağı düşünür.
Məsələ ilə bağlı münasibət bildirən VHP sədri Sabir Rüstəmxanlı isə nikbin açıqlamaları ilə ictimaiyyəti inandırmağa çalışır ki, parlamentdə fəaliyyət göstərən müxalifət mənsubları guya yaxın vaxtlarda bir araya gələ biləcək. Ancaq seçkilərdən öncə parlamentdə müxalifət birliyinin vacibliyi barədə pafoslu fikirlər bildirən konstruktiv partiya sədrləri nəticə etibarilə nə bloklarda, nə də fraksiyalarda nəinki bir fikir üzərində dayana bilirlər, eləcə də, birləşməkdən məhrum oldular.
BAXCP sədri Qüdrət Həsənquliyev də yaxın günlərdə məsələ ilə bağlı münasibət bildirərkən, qeyd etmişdi ki, o öz partiyası adından tək fəaliyyət göstərəcək və heç bir fraksiyaya qoşulmayacaq. Ancaq sonradan müəyyən vasitələrlə onun F.Qəzənfəroğlu ilə danışığa getməsi, hələlik, bu iki partiyanın birlikdə fəaliyyətindən xəbər verir. Onu da qeyd edək ki, bu günə qədər Milli Məclisdə fraksiyalar halında birləşən müxalifət partiyaları elə də ciddi uğurlara imza ata bilməyiblər. Hətta həmin fraksiyaların fəaliyyətsizliyi ilə nəticələnəcəkdir. Bu isə, ümumilikdə, konstruktivlərin də birləşə bilməməsinin aşkar nümunəsidir.
RÖVŞƏN