Qeyd edək ki, insanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Lakin müxalifətçilər naqislik və bədbəxtlik açarından istifadə edərək, parlament seçkilərindən sonra biabırcasına məğlub oldular və bu məğlubiyyətin ağrı-acısını hələ də yaşayaraq çaşqınlıq içindədirlər. Zəiflər hər zaman məğlub olurlar, hətta onlar öz məğlubiyyətlərini qəbul etməsələr belə, zaman onlara bir daha məğlub olduqlarını sübut edir. Bu məğlubiyyətdən sonra da onlar nə edəcəklərini, nə planlaşdıracaqlarını hələ də bilmirlər. Bütün bunlara baxmayaraq, bir-biriləri ilə yeni qalmaqallar yaradıb, özlərinə quyu qazmaqla məşğuldurlar.
Belə ki, seçkilərdən sonra müxalifət cəbhəsində hansı savaşların getdiyinin, kimlərin yenidən bir-birinə düşmən kəsildiyinin hamımız şahidi olduq. Son zamanlar AXCP (i) sədri Əli Kərimovun həm Müsavat başqanı İsa Qəmbərova və həm də "ANİF" sədri Eldar Namazova qarşı sərt çıxışları və onları tənqid və təhqir etməsi yeni alovlanan münaqişələri daha da şiddətləndirdi. Bu şiddətli və sərt xarakter almış münaqişələrin daha da pis hal alacağına isə şübhə yoxdur. Çünki artıq "Yurd" şefinin İsa "bəy" və E.Namazova qarşı başladığı mübarizəyə digər radikal "bəy"lərdə qoşulmağa başlayır. Maraqlısı budur ki, müxalifət cəbhəsində radikallar bir-birlərinə qarşı mübarizə apararkən öncə hansısa qruplar yaradıb savaşa başlayırlar, sonradan isə yaradılan qruplarda təmsil olunan üzvlər özləri özlərinə düşmən kəsilir.
Ə.Kərimov E.Namazovla İ.Qəmbərovun birləşdiyini ehtimal edərək, özünə müttəfiqlər axtarmağa başlayıb ki, ciddi şəkildə mübarizəyə başlasın. AXCP (i) sədri, İsa "bəy"ə qarşı son zamanlar düşmən kəsilən Rauf Arifoğlu ilə birləşməyə qərar verib. Məlumdur ki, R.Arifoğlu ilə İ.Qəmbərovun arasında soyuq yellərin əsməsi artıq uzun müddətdir müşahidə olunur. Demək olar ki, bu soyuq yellər artıq sərt qasırğa ilə əvəz olunub. R.Arifoğlu bir neçə dəfə çıxışlarında Müsavat başqanını siyasətdən başı çıxmayan, siyasi iradəyə və liderlik qabiliyyətinə sahib olmayan insan kimi tanıdığını bildirib. R.Arifoğlu onu da qeyd edib ki, İsa "bəy" Müsavat partiyasını öz səmərəsiz siyasəti nəticəsində məhvə doğru sürükləyib və artıq bu partiya məhv olur. R.Arifoğlunun söylədiyi bu fikirlərin İ.Qəmbərovla düşmənçiliyə dəlalət etdiyini bilən Ə.Kərimov bundan istifadə etmək qərarına gəlib və R.Arifoğluna Müsavat başqanına qarşı birgə mübarizə aparmağı təklif edib. AXCP (i) sədri bildirib ki, R.Arifoğlunun İsa "bəy" haqqında dediyi mənfi fikirlərə şərikdir, bu fikirlərlə tam razıdır və bu razılıq onlara İ.Qəmbərova qarşı birlikdə mübarizə aparmağa imkan verir. Lakin məlumdur ki, Ə.Kərimov da, İ.Qəmbərov da, E.Namazov da, R.Arifoğlu da siyasi iradəyə, gücə, idarəçilik qabiliyyətinə sahib olmayan insanlardır. Unutmaq olmaz ki, AXCP (i) sədri R.Arifoğlu ilə birləşib Müsavat başqanına qarşı mübarizə aparmaq istəsə də, elə "Yurd" şefinin və R.Arifoğlunun içlərində bir-birilərinə qarşı yüksək səviyyədə kin, nifrət var.
Sonda isə qeyd edək ki, bir zamanlar bir-birinə yalandan can deyib, can eşidən bu "bəy"lərin hazırda dilləri can sözünə nifrət edir və qulaqları can eşitmək istəmir. Özlərinə düşmən kəsilən müxalifətçilər nifrət hissinin ən uca zirvəsində dayanaraq, bir-birilərinə qarşı zidd addımları gücləndiriblər.