PDF Oxu

Müxalifət

  • 17

Yenə pafos, yenə boşboğazlıq

Yenə pafos, yenə boşboğazlıq
Noyabrın 7-də keçirilmiş parlament seçkilərində qəti və köklü surətdə məğlub olmuş radikal müxalifət mənsubları yenidən "bir araya" gələrək forum keçiriblər. Özü də harda olsa yaxşıdı?- Müsavat partiyasının anarxiya yuvası kimi tanınan qərargahında. İlk öncə pürrəngi çay və mürəbbə dəstgahı masasının başında oturan anarxiya yuvasının başqanı İsa Qəmbərov söz aldı. O, tam qeyri-səmimilik şəraitində forumda iştirak edən AXCP (i) sədri Əli Kərimovu, "KAXCP" sədri Mirmahmud Fəttayevi, AMİP sədri Əli Orucovu və özlərini "vətəndaş cəmiyyətinin nümayəndələri" hesab edən iştirakçıları salamladı. Qeyd edim ki, bu tipli forum seçkilərdən sonra keçirilən sayca ikincisidir.
Dünya ictimaiyyəti və nüfuzlu təşkilatlar tərəfindən, beynəlxalq seçki monitorinqləri və "Exit Poll" qrupları adından baş tutmuş seçkilərin tam demokratik, dünya standartlarına uyğun keçirilməsi yetərincə ifadə olunub öz təsdiqini tapmasına baxmayaraq, Müsavat başqanı bu seçkiləri, öz təbirincə, "biabırçı" adlandırıb. Adlandırmağına adlandırıb, amma "biabırçı" ifadəsini işlətməklə, o, çox yəqin ki, öz biabırçılığını etiraf edib. Axı biz jurnalistlər onun məğlubiyyəti barədə məqalələr yazanda ümumi olaraq "İsa Qəmbərov biabırçı məğlubiyyətə uğradı" başlığını bir assosiativ fikir kimi formalaşdırırıq. Ona görə də o, uduzmasını məqalələrimizin başlıqlarındakı "biabırçı" kəlməsi ilə uzlaşdırmağa məcburdur. Nə isə, keçək sözügedən foruma.
Parlament seçkilərinin legitimliyini həzm edə bilməyən forum iştirakçıları anarxiya yuvasının başqanından vəcdə gələrək sözü AXCP (i) sədri Əli Kərimova verdilər. Fürsətdən istifadə edən "islahatçı" aravuran forum iştirakçılarına "əvəzsiz, fövqəlbəşər, əsrarəngiz" təklifdə bulundu. O, hazırda orada toplaşanlara "ölkədə demokratik vəziyyət formalaşdıra biləcək bir hərəkat" yaratmağın "zəruriliyindən" çayından qurtumlaya-qurtulmaya dəm vurdu. (Bunlar çay-mürəbbə süfrəsi arxasında oturanda nə isə olur, ona görə də çay onlara haramdır.- R.R.) Dedi ki, "əgər biz buna nail ola bilsək, gələcək daha böyük layihələr gerçəkləşdirmiş olarıq. Məsələn, 40 min imza toplayıb, qanunvericilik təşəbbüsü ilə çıxış edə, hətta 300 min imza toplayıb referendum keçirilməsinə nail ola bilərik" (??!!) Deyəndə ki, çay bunların ağıllarını başlarından alır, inanmırlar. Axı bunlar nə vaxt bir imza toplaya biliblər ki, indi durub 40-dan, 300-dən danışırlar? Qanunvericilik bazasına yanpörtü baxıb hansı qanunvericilik təşəbbüsündən dil-boğaza qoymurlar? 10 milyona yaxın əhalisi olan Azərbaycanda geydirmə və fırıldaqla "300 min imza" toplayıb, həmin 10 milyonun iradəsinə qarşı hansı sifətlə çıxırlar? Belə yerdə deyərlər ki, heyvərənə şükür...
Söz estafeti eks-deputat Pənah Hüseynova çatdıqda, onun çayı qurtarmışdı. İçdiyi çayın "çefir"indən xumarlanan Pənah bəy gözünü yumub ağzını açdı nə açdı: "Demokratiya uğrunda vahid vətəndaş hərəkatı yaratmaqla yanaşı, bu hərəkatı "ictimai palata", ya da "senat" adlandırmaq olar. Həmin hərəkata demokratik blokdan deputatlığa namizədlər və digər nüfuzlu şəxslər daxil olmalıdır." Burada Pənah bəyin hər yarağı qurtarmışdı, qalmışdı saqqal darağı. Saqqal olmayan yerdə saqqal darağı tələb edənin yeri, əslində, "ictimai palata" deyil, Maştağa qəsəbəsində yerləşən psixodispanser palatasıdır. P.Hüseynov oraya gedib, yerləşdiyi palatada "senat" da yarada bilər, "konqres" də, lap belə "lordlar palatası" da...
Hər halda, ABŞ qanunvericiliyindəki müddəaları, qanunvericilik bazasını Azərbaycanın qanunvericilik müddəaları ilə qarışdırmaq, bu qarışığı ya bilməyərəkdən, ya da bilərəkdən etmək nəticə etibar ilə adıçəkilən dispanserə gedib, psixoelektorat toplayıb, "senat" yaratmaqla nəticələnir... Allah ağıl versin. (Səmimi deyirəm. R.R.)
Forum iştirakçıları anarxiya yuvası başqanı İ.Qəmbərovun verdiyi çay-mürəbbə servisindən axırda o qədər xumarlanıb məst oldular ki, bir-birinin ardınca, beş dəqiqənin içində "bütün problemləri həll edib, oldular problemsiz hakimiyyət modeli quranlar". Yəni sonradan çıxış edən AXCP (i)-nin sədr müavini Nurəddin Məmmədlinin , "Demokratik İslahatlar Uğrunda" cəmiyyətin sədri Razi Nurullayevin fikirlərindən bəlli oldu ki, keçirilən saxta forumun "bazasında" alternativ parlament təşkil oluna, hətta alternativ hökumət strukturları yaradıla (?!) Necə deyərlər, bir dəliyə min dəli hay verdi, amma vay verən olmadı. İndi bunların içində bir ağıllı çıxmadı ki, desin, ay yazıqlar, axı sizin xülyalarınız, "ideyalarınız" səbət deşiyindən gilas tökülməkdən başqa heç nə deyil!
Sonda onu da bildirim ki, radikal müxalifətin boş-boş çərənləmələri, ortaq məxrəcə gələ bilməmələri onların bu biabırçılığa, rüsvay olmalarına səbəb olur. Həyasız-həyasız "hökumət strukturu" yaratmaqdan, "senat"dan daha nə bilim nədən qaqqıldaşırlar. Amma belə qaqqıldaşıb qa-qu eləmələrin axırının nə ilə bitəcəyi adıçəkilən forumun vəziyyətindən də məlumdur. Allah yenə də ağıl versin, yenə də səmimi deyirəm...


P.S. Mənə elə gəlir ki, İ.Qəmbərov öz anarxiya yuvasına toplaşan forum iştirakçılarına çay-mürəbbə qonaqlığı verərək, onların içinə nə isə özünəməxsus şey qatıb. Yoxsa bu "ağıllılar" birdən-birə durub forumun içində "hökumət" qurmazdılar...Ondan nə desən gözləmək olar əslində.

Digər xəbərlər