Eldar Namazov Əli Kərimovun hədəfindədir
Parlament seçkilərindən sonra biabırcasına məğlubiyyətlə qarşılaşan AXCP (i) sədri Əli Kərimov durmadan, təmsil olunduğu müxalifət cəbhəsində özünə yeni düşmənlər axtarır və bununla da yeni qalmaqallar yaradır. Bir neçə gün öncə Müsavat başqanı İsa Qəmbərovu tənqid və təhqir edən və İ.Qəmbərovdan da tənqid, təhqirlərlə cavab eşidən "Yurd" şefi indi də "ANİF" sədri Eldar Namazova atmacalar ataraq, onu bəzi məsələlərdə günahlandırır.
Belə ki, Ə.Kərimov E.Namazovun müxalifət düşərgəsindəki bəzi partiyalarla əlbir olub AXCP (i)-yə qarşı çirkin işlərlə məşğul olduğunu bildirib. AXCP (i) sədri, həmçinin, onu da qeyd edib ki, E.Namazovun bu çirkin oyunlarının arxasında Müsavat başqanının əlinin olması istisna deyil. "Yurd" şefi çıxışında onu da bildirib ki, "ANİF" sədri heç bir siyasi nufuza, bacarığa sahib deyil və o, AXCP (i)-yə qarşı mənfi istiqamətdə apardığı kampaniyada nəticə əldə etməyəcək. Ə.Kərimov E.Namazovun İ.Qəmbərovla birləşdiyini söyləməklə, həm də onu bildirmək istəyir ki, İ.Qəmbərov Ə.Kərimovu məhv etmək istiqamətində apardığı planlaşdırmanın tərkibinə digər müxalifətçi qüvvələrlə birlikdə iş görmək ideyasını da daxil edib. Ə.Kərimovun fikirlərindən belə qənaətə gəlmək olur ki, o, həm də çox ciddi qorxu içərisindədir.
Məlumdur ki, E.Namazov siyasətdən uzaq olduğunu desə də, müxalifət düşərgəsində gedən bəzi oyunlara onun müdaxiləsi görünür. E.Namazov radikallar arasında gedən oyunlarda dolayı yolla iştirak etməklə özünün siyasi səhnədən silinmədiyini sübut etməyə çalışır. Lakin unutmaq olmaz ki, müxalifət cəbhəsinin üzvləri siyasi səhnədən silinməkdədirlər. Bu onların səmərəsiz, yaramaz, çirkinliklərlə dolu fəaliyyətlərinin nəticəsidir.
E.Namazov AXCP (i) sədrinin fikirlərinə münasibət bildirərkən, söyləyib ki, Ə.Kərimov, hər zaman olduğu kimi, yenə özünü itirib və nə danışdığını bilmir. O, müxalifət cəbhəsinin bütün üzvlərinə iftiralar və böhtanlar atmaqla məşğuldur. E.Namazov, həmçinin, onu da qeyd edib ki, nə İ.Qəmbərovla, nə də Ə.Kərimovla hansısa iş birliyi görmək istəmir və onların hər ikisini siyasi iradəsi olmayan insanlar kimi tanıyır.
Unutmaq olmaz ki, İ.Qəmbərov, Ə.Kərimov və E.Namazov siyasi iradəsi olmayan, siyasətdən tamamilə uzaq və hər zaman öz mənafeləri üçün çalışan insanlardırlar. Bu insanlar, hər zaman olduğu kimi, bu gündə bir-birilərinə qarşı düşmənçilik edirlər və bu düşmənçiliklərini sülhlə əvəz etmək niyyətində deyillər. Onlar özlərinə quyular qazır və bu quyuların içinə düşərək, məhv olurlar. Son zamanlar Ə.Kərimovun müxalifət cəbhəsində İ.Qəmbərova, E.Namazova və digərlərinə belə kəskin şəkildə düşmənçilik etməsi, onun nələrdənsə qorxmasını və bu qorxunun təsiri ilə özünü uydurma fikirlərlə müdafiə etməsini sübut edir. Əslində isə, İ.Qəmbərov Ə.Kərimov, E.Namazov hər zaman uydurma, yalan fikirlərlə çıxışlar edib və bu fikirlərlə özlərinə haqq qazandırmağa çalışıblar. Bu insanların heç bir sözünə qətiyyən inanmaq olmaz.