PDF Oxu

Müxalifət

  • 9

Ayrılıb birləşə bilməyənlər...

Ayrılıb birləşə bilməyənlər...

7 noyabr seçkilərində ağır məğlubiyyətə uğrayan AXCP (i)-Müsavat cütlüyü öz siyasi mövcudluğunu təsdiqləmək ümidi ilə birləşmə şousunu yenidən gündəmə gətirib. Lakin bu şərti siyasi cütlük çevrəsində baş verənlər göstərir ki, hələ 18 il əvvəl yolları ayrılan bu iki siyasi təşkilat, deyəsən, heç cür ortaq məxrəcə gələ bilməyəcəklər. Bu mənada, artıq sirr deyil ki, AXCP (i) ilə Müsavatın bir partiyada birləşməsi ideyası məhvə məhkumdur.
Uğursuz alternativ axtarışı

Doğrudur, tərəflər hələ də bu məsələnin gündəmdə olduğunu və birləşmənin məqbul variantının tapılması ilə bağlı ciddi götür-qoy etdiklərini iddia edirlər. Radikal düşərgə daxilində baş verənlər isə, onu göstərir ki, əslində, bu və digər müxalif qruplaşmalar kimi, həm AXCP (i), həm də Müsavat varlıqlarını qorumaq üçün müxtəlif variantlar axtarmaqdadırlar. Bəllidir ki, seçkinin nəticələri radikalların reallıqdan uzaq iddialarının, sadəcə, illüziya olduğunu bütün çılpaqlığı ilə ortaya qoyub.
Radikal müxalifət partiyaları, xüsusən, AXCP (i)-Müsavat cütlüyü seçki prosesinin gedişində reallığın heç də düşündükləri kimi olmadığını əyani şəkildə gördülər. Onlar bir daha şahidi oldular ki, iki-üç müxalif qurumun bu və ya digər formada nominal birləşməsi ictimaiyyəti qətiyyən maraqlandırmır və seçici rəyini belə ucuz şoularla dəyişmək mümkün deyil. İndi onlar, faktiki olaraq, siyasi arxiv tullantısı kimi nəzərə çarpırlar. Odur ki, siyasi arxivə getməsi ilə barışmaq istəməyən radikal müxalifət düşərgəsi düşdüyü vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarır.

İsa Qəmbərov AXCP (i)-ni "özəlləşdirmək" istəyir
Radikalların bu vəziyyətdən çıxmaq üçün ortaya atdığı variantlardan biri də AXCP (i) ilə Müsavatın eyni partiyada birləşməsidir. Həm Müsavat, həm də AXCP (i) mənsublarının müvafiq açıqlamalarını izlədikdə zahirən aldadıcı bir təəssürat yarana bilər ki, bu məsələ, praktik olaraq, çoxdan həll olunub. Ancaq keçmiş AXC-nin şinelindən çıxan bu iki partiyanın qarşılıqlı münasibətlərinə tarixi retrospektivdə nəzər saldıqda, aydın olur ki, vəziyyət tamam fərqlidir. Hər iki partiya arasında uzun müddət kəskin, barışmaz rəqabət mövcud olub. AXCP (i) təmsilçiləri Müsavat funksionerlərini həmişə xəyanətkarlar kimi səciyyələndiriblər. Müsavatın başbilənləri isə hər zaman AXCP (i)-ni siyasi rəqib kimi necə zəiflətmək, parçalamaq, iflasa uğratmaq barədə düşünüblər. Başqa sözlə, müsavatçılar "biz baş olaq, siz bədən" tezisini ortaya ataraq, cəbhəçiləri potensial əlaltıları kimi dəyərləndiriblər, onları öz cılız ambisiyalarını həyata keçirmək üçün bir alət, vasitə sayıblar. Əslində, hər iki partiyanın vahid seçki siyahısında yerlərin üçdə ikisinin Müsavatdan olan namizədlərə ayrılması İsa Qəmbərovun başqanlıq etdiyi partiyanın AXCP (i)-ni "bədən" kimi özəlləşdirmək niyyətindən geri çəkilmədiyini bir daha təsdiqləyir.

"Mən elə söz deməmişəm..."
Müsavat başqanı "islahatçı" cəbhəçilərə birləşmək təklif etdiyini inkar edir
Bütün bunlar həm müsavatçıların, həm də "islahatçı" cəbhəçilərin yaxşı xatirindədir. Onlar sözdə incikliyin aradan qaldırıldığını söyləsələr də, olub-keçənləri, eləcə də, öz siyasi iddialarını və maraqlarını heç də yaddan çıxarmayıblar. Bununla bağlı seçkidən əvvəl başlayan müzakirələr seçkidən sonra daha da intensivləşib. Bəlli olduğu kimi, AXCP (i)-nin seçkidən əvvəl keçirilən qurultayında Müsavatla birləşməni dəstəkləyən qərar qəbul edilib. Seçkidən sonra birləşmə mövzusuna qayıda biləcəklərini ifadə edən Müsavatın məsələyə münasibəti isə hələ də qeyri-müəyyən olaraq qalır. Bu təşəbbüs İ.Qəmbərov tərəfindən dilə gətirilsə də, Müsavatda baş verən son olaylar - Sülhəddin Əkbərin öz tərəfdarları ilə birlikdə partiyanı tərk etməsi müsavatçıların çoxunun bu birləşməyə qarşı olduğunu ortaya çıxarıb. Baş verənlərin müqabilində ən qəribə və ziddiyyətli açıqlama yenə İ.Qəmbərovun dilindən səslənib. Məsələ burasındadır ki, indi o, əvvəl söylədiklərini inkar edir. Başqa sözlə, İ.Qəmbərov bildirir ki, bir müddət əvvəl, müvafiq birləşmə təklifini səsləndirərkən, konkret olaraq, AXCP (i)-ni nəzərdə tutmayıb. Müsavat başqanının son söylədikləri isə "Təşəbbüs İsa bəydən gəlib" - deyən AXCP (i) sədri Əli Kərimov tərəfindən təəccüblə və narazılıqla qarşılayıb.

Birləşmə ehtimalı sıfıra bərabərdir
Son vaxtlar bu mövzuda müzakirələr açıq müstəviyə keçib. Belə ki, AXCP (i)-nin təsir dairəsində olan "Azadlıq" qəzeti bu məsələni davamlı olaraq, gündəmdə saxlamağa çalışır, müxalifət düşərgəsinin təmsilçilərini bu barədə fikirlərini ifadə etməyə sövq edir. Müsavata yaxınlığı ilə seçilən "Yeni Müsavat" qəzeti də ara-sıra bu məsələni gündəmə gətirir, "şərtsiz birləşmə" ideyasını müxtəlif, incə üsullarla qarşı tərəfə sırımağa cəhd göstərir. Prinsip etibarı ilə, hazırda AXCP (i) və Müsavatın birləşməsini qeyri-mümkün edən bir sıra amillər özünü qabarıq şəkildə göstərir. Birincisi, birləşmədən nə qədər çox danışılsa da, bu partiyaların sıravi üzvləri buna heç də birmənalı yanaşmırlar. Digər tərəfdən, ötən əsrin 90-cı illərindən başlayaraq, builki parlament seçkiləri ərəfəsinə qədər AXCP (i) ilə Müsavat arasında münasibətlər heç vaxt normal olmayıb. Hər iki partiya müxalifət düşərgəsində təmsil olunsalar da, bir-birlərini davamlı şəkildə müxtəlif məsələlərdə ittiham ediblər. Bu ittihamlar əksər hallarda şəxsi ədavət, kəskin, barışmaz rəqabət həddinə qədər yüksəlib. Belə olan halda, iki partiyanın birləşməsi ehtimalı irəlicədən sıfır həddində görünür.

İsa Qəmbərov söylədiklərinə peşmandır
Aydındır ki, həm AXCP (i), həm də Müsavat mənsublarının bu prosesdən - birləşmə şousundan öz gözləntiləri var. Belə ki, Müsavat partiyasının nizamnaməsinə əsasən, İ.Qəmbərov partiyanın növbəti qurultayında başqanlıqdan getməlidir. O, bununla bağlı müxtəlif vaxtlarda əminliklə silsilə bəyanatlar verib. Lakin onun son açıqlamaları göstərir ki, Müsavat başqanı söylədiklərinə peşmandır. İ.Qəmbərov indi verdiyi vədi, söylədiyi sözü geri götürməyin çətin olduğunu anlayır. Bu şəxsin vəziyyətini çətinləşdirən məqamlardan biri də budur ki, onun müvafiq açıqlamaları başqanı olduğu partiya daxilində birincilik uğrunda mübarizəyə start verib. İ.Qəmbərov bilir ki, başqanlıqdan getsə, partiyasını qoruyub saxlaya bilməyəcək. Ona görə də AXCP (i) ilə Müsavatın birləşməsini, özünün isə birləşmiş partiyanın sədri olmasını arzulayır. Bəllidir ki, bu partiyalar birləşsə, Müsavatın nizamnaməsindəki müvafiq bənd də istər-istəməz qüvvədən düşəcək. Belə görünür ki, o, bu təklifi irəli sürərkən, məhz öz marağını önə çəkib.

AXCP (i) olmasın, "KXCP" olsun...
Və ya Müsavat başqanının növbəti kələyi
İ.Qəmbərovu fikrindən daşındıran, sonda fərqli açıqlama verərək, özü-özünü təkzib etməyə vadar edən səbəblər isə AXCP (i) sədri Ə.Kərimovun da "birləşmiş partiya"ya sədrlik iddiasında olmasıdır. Ə.Kərimov ümid edir ki, artıq Müsavat başqanı kimi son aylarını yaşayan İ.Qəmbərov birləşmiş partiyanın sədrliyinə iddialı deyil və bu səbəbdən özü özü sədrlik postuna asanlıqla yiyələnəcək. Lakin son olaylar göstərir ki, İ.Qəmbərov üçün AXCP (i) və ya "KXCP" birləşməyin heç bir prinsipial fərqi yoxdur. Hər hansı formal birləşmə ona, sadəcə, öz başqanlıq statusunu qoruyub saxlamaq üçün lazımdır. Eyni zamanda, İ.Qəmbərovun "islahatçı" cəbhəçilərə növbəti dəfə kələk gəldiyi aydın görünür. Çünki son qurultayında Müsavatla qeyd-şərtsiz birləşmək barədə qərar qəbul edən AXCP (i) Müsavat başqanının son söylədikləri fonunda siyasi seytnot vəziyyətinə düşmüş olur.

Alçaltmaq niyyətindən doğan qeyri-səmimi təklif
Buradan belə nəticə çıxır ki, İ.Qəmbərov bu təklifi verməklə, əslində, AXCP (i) mənsublarını növbəti dəfə aşağılamaq niyyəti güdüb. Bununla yanaşı, indi birləşmədən dəm vuran bu partiyaların funksionerləri arasında digər partiyanın sədrinə antipatiyası olan insanlar çoxluq təşkil edir. Uzun müddət AXCP (i) mənsubları Müsavat başqanı, Müsavat funksionerləri isə AXCP (i) sədri haqqında çox təhqiramiz fikirlər səsləndiriblər. Bu iki partiyanın təmsilçiləri arasında münasibətlərin problemli olması son parlament seçkiləri ərəfəsində özünü qabarıq şəkildə göstərirdi. Partiyaların təmsilçiləri seçilmək şanslarının olmadıqlarını bildikləri halda, müxtəlif dairələrdə vahid namizəd olmaq uğrunda ölüm-dirim savaşına çıxmışdılar. İndi bu mübarizənin birləşmiş partiyanın strukturlarına rəhbərlik etmək uğrunda davam etdiriləcəyi bəllidir. Diqqəti çəkən odur ki, seçkiyə vahid blokda gedən bu partiyalar vahid seçki qərargahı belə yarada bilməmişdilər. Beləliklə, yuxarıda sadalanan faktlar bir daha təsdiqləyir ki, AXCP (i) ilə Müsavatın bir partiyada birləşməsi ideyası fiaskoya məhkumdur. Bu ideya şərti olaraq, reallaşdırılsa belə, birləşmə prosesi tam şəkildə baş tutmayacaq. Əksinə, istənilən formatlı birləşmə hər iki partiyadan ciddi qopmalarla müşahidə ediləcək. Belə olan halda, iki radikal partiyanın nominal birləşməsi düşərgə daxilində yeni çəkişmələrə, növbəti qalmaqallara təkan verə bilər. Bu isə həm AXCP (i), həm də Müsavat üçün növbəti uğursuzluq deməkdir.

Digər xəbərlər