PDF Oxu

Müxalifət

  • 21

Radikal müxalifət partiyaları mitinq keçirmək sevdasına düşüblər

Radikal müxalifət partiyaları mitinq keçirmək sevdasına düşüblər
Son günlər radikal müxalifət düşərgəsində böyük səs-küylə qeyd olunan mitinq məsələsi də iflasa uğradı. Bir müddət öncə, Almaniyaya çağırılaraq, orada hesabat verən Müsavat başqanı İsa Qəmbərova məhz mitinq keçirmək barəsində göstəriş verən ağalarının sonda onlar üçün vəd edilmiş pulları vaxtında göndərməmələri ortaya çıxdı.
Beləliklə də, müxalifət düşərgəsində ağız boşluğuna sığmayan cümlələrlə qeyd olunan mitinq şousu beləcə sona yetmiş oldu. Səbəb isə, həmişə olduğu kimi, aydın olsa da, müxalifətçi "bəy"lər bu dəfə də, özlərini sudan quru çıxarmağa çalışırlar. Onlar iddia edirlər ki, dekabrın 18-də müxalifətin mitinq keçirmək cəhdi parlament seçkilərində qazanmış olduqları acı və biabırçı məğlubiyyəti sığortalamağa hesablanıb. Elə buradan da, maraqlı bir sual doğur ki, müxalifətçilər mitinq keçirmək barəsində qərar verəndə, çox güman ki, ağılları başlarında olmayıb? Çünki bir neçə aydır ki, müxalifət yetkililəri dekabrın 10-da "möhtəşəm" mitinq keçirəcəkləri barəsində uydurma bəyanatlar verirdilər. Amma sonradan onlar növbəti dəfə də vermiş olduqları qərarın üstündən keçməli oldular. Mitinqin vaxtını dəyişməklə guya taktiki gediş etmək niyyətində olduqlarını bildirən müxalifətçilər, əslində, şəxsi maraqlarını ucuz bir aksiyaya qurban verməməkdə israrlı idilər. Bəs müxalifətçilərin mitinq qərarını dəyişmələrinə nə səbəb oldu? Bu işin içində hansı əmmanın olub-olmamasına baxmayaraq, fakt budur ki, Almaniyadan İ.Qəmbərova vəd edilmiş maliyyə dəstəyi vaxtında gəlib çatmayıb. Ona görə də, onlar vermiş olduqları qərarı yenidən dəyişmək məcburiyyətində qalıblar. Növbəti dəfə isə onlara vəd verilib ki, bir həftəyə sizə zəruri miqdarda vəsait göndəriləcək. Müxalifətçilər də bu vədə əməl edərək, bir həftə sonraya qədər mitinqlərinin vaxtını dəyişməli olublar. Amma yenə də, ortaya maraqlı bir sual çıxır ki, mitinq keçirmək üçün pul müxalifətin nəyinə lazımdır? Əgər onlar iddia etdikləri kimi çox elektorata malikdirlərsə, onlara da, mitinqə gəlmək barəsində məlumat vermək kifayət etməlidir. İnkarolunmaz fakt isə, ondan ibarətdir ki, bu gün elektorat baxımından korluq çəkən, ictimai qınaq obyektinə çevrilən müxalifət üçün birlikdə yas mərasimində iştirak etmək belə mümkün deyil.
Mitinq keçirmək məsələsinin müxalifətçilər tərəfindən yenidən gündəmə gətirilməsində hansı məqsədlərin güdülməsi məsələsinə gəlincə isə, bu halın ancaq donor təşkilatlardan pul qoparmaq prinsipinə əsaslandığını söyləmək kifayət edər. Eyni zamanda, düşərgə yetkililəri bu ilin payızında keçirilən parlament seçkilərindəki biabırçı məğlubiyyətlərini anlaya-anlaya belə bir prosesə qatılmaqla, diqqəti özlərinə yönəltməklə konyuktur maraqlarını güdürlər. Çünki onlara havadarlıq edənlər "seçkiyə qatılın, sizə pul verəcəyik" deyə vədlər vermişdilər. Onlar isə seçkiyə qatılıb özlərini gülünc vəziyyətə qoysalar da, verilmiş tapşırığı yerinə yetirmiş oldular. Elə bu səbəbdən də, onlar növbəti tapşırığı avans müqabilində yerinə yetirmək niyyətində deyillər. Çünki görünür, müxalifət düşərgəsində nəğd şəkildə iş görməyə öyrəşmiş yetkililər xarici conların verdiyi sözlərə aldanmaq istəmirlər. Ona görə də, onlar vermiş olduqları qərarlarını gündə yüz dəfə də olsa dəyişməyə hazırdırlar. Pul gəlib onların ünvanına çatmasa, müxalifətçilər küçəyə çıxıb özlərini gülüş hədəfinə çevirməyəcəkləri iddiasındadırlar. Onlar iddia edirlər ki, pulunu ver, gör metro stansiyalarının giriş və çıxışlarında, park və xiyabanlarda necə klounluq edirik. Müxalifətçilər isə pul adı eşitməsin! Pulun adı gələndə, dədəsini də yadından çıxaranlar seçkiyə qatılıb müəyyən gərginlik yaratmaq niyyətində idilər. Çünki onları şəxsi ciblərindən başqa heç nə düşündürmür. Bu baxımdan da, müxalifət düşərgəsində gündə yüz kərə mitinq barəsində səslənən sözləri onların özlərindən başqa heç kim duymur. Çünki "mitinq keçirəcəyik" deyib sonradan aksiya belə keçirə bilməyənlər özləri gülüş hədəfinə çevrilməkdən, deyəsən, yaman həzz alırlar.
Məhz yuxarıda sadalanan bütün faktlara və müxalifət düşərgəsində baş verən son olaylara nəzərə salaraq, belə nəticəyə gəlmək olur ki, sonun başlanğıcı radikal düşərgə üçün daha böyük biabırçılıqlarla müşahidə olunacaq.

Digər xəbərlər