Radikal müxalifət düşərgəsində baş verən çaxnaşmalar, qarşıdurmalar, seçki məğlubiyyətindən sonrakı qarşılıqlı ittihamlar bir sıra partiyaların yüksək rütbəli funksionerlərinin haqlı narazılıqları və ittihamları ilə nəticələnir. Bütün deyilmiş ifadələrin sonluğu, konkret olaraq, istefa tələbi ilə yekunlaşır.
Bu tipli qəti tələblərdən biri də "ACP"-nin sədr müavini Nizami Məmmədov tərəfindən edilmişdir. Mətbuata açıqlama verən "ACP" rəsmisi radikal müxalifəti köhnəlmiş, heç nəyə yaramayan və səriştəsiz adlandıraraq bütün məğlubiyyətlərin səbəbini məhz partiya sədrlərində görmüşdür: "Onların hələ də göhnə təfəkkürə malik olmaları hər ötən gün düşərgəni daha da ağır məğlubiyyətlərə düçar edir".
Radikal müxalifətin heç bir zaman birləşə bilməyəcəyinə də əmin olan sədr müavini, əslində, sözügedən düşərgənin köklü şəkildə dəyişməsini vurğulayır. Eləcə də, bu dəyişikliyin başdan başlamasını məqsədəuyğun hesab edən Nizami Məmmədov lider-sədr qarışıq hər kəsin bu addımı atmasını tələb edir: "Heç bir uğurlu siyasətə imza ata bilməyən müxalifət rəsmiləri lider və sədr olmasından asılı olmayaraq, bütövlükdə, istefaya getməlidirlər".
Qeyd edək ki, onun açıqlaması "ACP" daxilində də ciddi çaxnaşma yaradıb. Belə ki, bu açıqlamadan sonra Nizami Məmmədovun istənilən vəziyyətdə müavin postunu sədr postu ilə əvəz edəcəyi ehtimal olunur. Çünki onsuz da partiya sədri Rəsul Quliyevin fəaliyyətsizliyi, okeanın o tayındakı uğursuz "biznes-planları" və "ACP"-yə yönəltdiyi maliyyəni azaltması adıçəkilən partiyanı pis durumda buraxıb. Bu və digər şəkildə idarəçiliyi boynuna götürən Nizami Məmmədov eyni anda ismarıc verir ki, sədrlik postu onun əlinə keçsə, partiyanın "siyasi kursunda" köklü dəyişikliklər edəcək. Sadəcə, onun verdiyi son açıqlamaları da bunu deməyə əsas verir: "Liderlər istefaya getdikləri təqdirdə, müxalifətin dəyişilməsi gündəmə çıxa bilər". Bu isə sədr müavininin öncələr də ifadə etdiyi "loyal idarəçilik" prinsiplərini yürüdəcəyinə dəlalət edir.
Əslində, bütün radikal müxalifət partiyalarında istər-istəməz struktur dəyişikliyinin reallaşacağı, köhnəlmiş siyasətbaz-uğursuzların arxivə gömüləcəkləri gün elə də uzaqda deyil. Çünki həmin proqnozları mətbuatdan, siyasi analitiklərdən daha çox üzləşdikləri həqiqət deyir.
Başqa bir tərəfdən, radikal düşərgədəki partiyaların heç birində, demək olar ki, görülən xırda-para işlərin müqabilində maaş və ödəmələr yerinə yetirilmir. Daha dəqiq desək, üzləşdikləri partiyadaxili siyasi problemlərdən başqa, sosial problemlərlə də qarşılaşan funksionerlər və siravilərin əlacları tamamilə kəsilib və onların bulunduqları tələbləri içində bu problem də qabardılıb. Müəyyən xarici donorlardan maddi baxımdan yararlanan sədrlərin "beş-üç" qəpiklə öz partiyadaşlarının başlarını qatmaları onları möhkəm qəzəbləndirib. Xüsusilə, "ACP" sədrinin partiyasını düşdüyü bataqlıqdan xilas etmək yerinə Cənubi Amerika ölkələrində "pul qoyub-pul götürmək" amacı Nizami Məmmədovun "şah" və "mat" addımını atmağa vadar edib.
Şübhəsiz ki, "ACP"-nin bu taktikasından digər radikal müxalifət partiyalarının funksionerləri də istifadə edəcək. Yəni həm partiyaya sahib çıxmaq, həm də sıraviləri maddi durum vədi ilə öz tərəflərinə çəkmək addımları bütün hallarda yeni əks-sədanın çıxacağına şərait yaradacaq. Hər halda, "ACP"-nin etirafı radikal düşərgənin məhvinə tərəf atılan növbəti addımdır.