PDF Oxu

Müxalifət

  • 20

DÜNYƏVİ DÖVLƏT YÜKÜ

DÜNYƏVİ DÖVLƏT YÜKÜ
Dünən "Mediaforum" saytında Dövlət Təhlükəsizlik Komitəsinin (Milli Təhlükəsizlik Nazirliyi) keçmiş əməkdaşı, polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, Müsavat partiyası Divanının keçmiş üzvü İlham İsmayılın "Dünyəvi dövlət yükü" adlı maraqlı məqaləsi dərc olunub. Müəllif məqaləsində MTN-in Azərbaycan dövləti üçün əhəmiyyətini, bu qurumun xalqın və dövlətin təhlükəsizliyi yolunda necə ağır mübarizələrdən keçdiyini faktlarla ortaya qoyub.
Azərbaycanın xaricdən və daxildən necə böyük təhlükələrə məruz qaldığını və bunun hansı səbəblərdən qaynaqlandığını müəllif qısaca olaraq belə xarakterizə edib: "Azərbaycanın bir dünyəvi dövlət quruluşuna malik olması və bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti ayrı-ayrı ideoloji qrupları, təşkilatları, onların arxasında dayanan dövlətləri narahat edir. Bu, adicə rahatsızlıq deyil. Bəzi ideoloji mərkəzlər, dövlətlər Azərbaycana təzyiq vasitəsi kimi terrora əl atır, bu məqsədlə ölkə vətəndaşlarından istifadə etməklə onları təşkilatlandırıb, terror aksiyalarını həyata keçirməyə sövq edirlər.
Beynəlxalq terrorizmin ən aktiv qolu dini zəmində fəaliyyət göstərən radikal terror təşkilatlarıdır. Bu gün dünyada fəaliyyət göstərən onlarla terror təşkilatı məhz dini məsələləri bayraq edərək, ən dəhşətli terror aksiyaları həyata keçirirlər. Azərbaycan da bu məkrli fəaliyyətin hədəfindədir".
Müəllif qeyd edir ki, sivil dünyaya inteqrasiya yolu tutmuş Azərbaycan öz geopolitik mövqeyinə və enerji resurslarına görə dünyanın diqqət mərkəzindədir: "Bu diqqət hər zaman xoşməramlı deyil və Azərbaycanda mövcud dövlət quruluşunu teokratik dövlət sistemi ilə əvəz etmək istəyən qüvvələrin, ölkəmizə qarşı yönəldilmiş siyasətlərinin qarşısının alınması üçün MTN-in özəl xidmətlərini vurğulamaqla heç bir mübaliğəyə yol vermirik".
Dünyanın əksər ölkələrində dövlətin və xalqın təhlükəsizliyini əsasən ordu qoruyur. Məsələn ABŞ, Rusiya kimi ölkələr daxili və xarici təhlükəsizliklərini ordunun vasitəsilə təmin edirlər. Azərbaycan Respublikasında terrorizmə qarşı mübarizə kimi çətin vəzifə Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilib. Son illər MTN bu istiqamətdə gördüyü işlərlə Azərbaycan dövlətçiliyinə böyük töhfə verib.
İ.İsmayıl MTN-in Azərbaycanın təhlükəsizliyi üçün həyata keçirdiyi önəmli əməliyyatların bəzilərini xatırladır: "2007-ci ildə məşhur "Əl-Qaida" və "Əl-Cihad" beynəlxalq terror təşkilatları ilə bağlı olduğu bilinən "Əbu-Cəfər" ləqəbli ərəb mənşəli şəxs başda olmaqla, 17 nəfərlik dəstə MTN-in əməliyyatı nəticəsində zərərsizləşdirildi. Dəstənin məqsədinin Azərbaycanda terror aksiyaları törətməklə əhalidə xof yaratmaq, şəriət dövləti qurmaq kimi planlar hazırladığı məhkəmədə sübut olunub. Təsəvvür etsək ki, MTN bu istiqamətdə əməliyyat şəraitinə zəif nəzarət etsəydi, nələr baş verərdi və belə terror aktlarından "ruhlanan" neçə-neçə dəstə əmələ gələrdi.
2007-ci ilin oktyabrında Azərbaycanın müxtəlif dövlət qurumları və ABŞ-ın Bakıdakı səfirliyi əleyhinə terror aktı keçirmək istəyən və bu məqsədlə silah-sursat əldə edib gizlənən qrupa aid dəstə üzvlərinin yenə MTN tərəfindən zərərsizləşdirilməsi Azərbaycan dövlətinin Qərbə inteqrasiyası yolunu kəsmək istəyən dairələrə nazirliyin ciddi zərbəsi idi.
2008-ci il prezident seçkisi ərəfəsində şimal sərhədində "Meşə qardaşları" ekstremist təşkilatının üzvlərinin təxribatları ara vermirdi. Bu dəstə başçıları Mollaçiyevin rəhbərliyi ilə Bakıdakı "Əbu Bəkr" məscidini partladıb insanların ölümünə səbəb olmaq və ciddi siyasi bir dönəmdə panika yaratmaq, sabitliyi pozmaq məqsədi güdürdü. Qısa müddətdə dəstə üzvlərinin yaxalanması onların məkrli planlarının olduğunu üzə çıxardı. Dəstə üzvləri Quba və Qusar rayonunda hakimiyyət orqanlarını ələ keçirmək kimi, faktiki dövlət çevrilişinə cəhd etmə niyyətində olduqlarını istintaqda etiraf etdilər".
Müəllif vurğulayır ki, MTN-in qeyd etdiyi əməliyyatları mətbuatdan bizə məlum olanların heç də hamısı deyil. Əksər əməliyyatlar sakitcə həyata keçirilir, terrorçu və cinayətkar qruplaşmalar zərərsizləşdirilir. Elə bunlarla da təsdiq olunur ki, Azərbaycanın xüsusi xidmət orqanı kimi MTN bu sahədə dövlətin bel sütunlarından biridir.
Son vaxtlar dünyada baş verən ardı-arası kəsilməyən terror hadisələrinin çoxluğu fonunda Azərbaycandakı sabit durum istər-istəməz adamı düşündürür və bu sabitlikdə MTN-in çox da təbliğ olunmayan (belə də olmalıdır) fəaliyyətinin necə böyük olduğu qənaətinə gəlirsən.
Ümumiyyətlə, sabiq MTN-çi, Müsavat Divanının keçmiş üzvü İ.İsmayılın ölkənin ən mühüm qurumu haqda yazdığı etiraflar Azərbaycan dövlətinin və xalqının taleyinin nə qədər etibarlı əllərdə olduğunu ortaya qoyur. Sonralar siyasi fəaliyyətini ölkənin ən radikal partiyası olan Müsavatın Divan üzvü kimi davam etdirən sabiq "kaqebeşnik" qeyd etdiyi faktlarla, əslində, Azərbaycan dövlətçiliyinin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində xarici və daxili təzyiqlərə davam gətirdiyini, güclü dövlət qurmaq üçün təhlükəsizlik orqanlarının nə qədər böyük rol oynadığını etiraf edir.
Sonda keçmiş "MTN-çi" İ.İsmayılın məqaləsində xatırlatdığı bir hadisə MTN-nin təvazökarcasına fəaliyyətini və "adsız qəhrəmanlar"ın ölkəmiz üçün nə qədər önəmli olduğunu anlamağa kifayət edir:
"Sovet filmi "Sakit mövsüm"də belə bir məqam var: dövlət üçün xaricdə çox böyük iş görüb, çox keşməkeşdən sonra xarici ölkənin casusu ilə dəyişdirilən kəşfiyyatçı vətəninə dönür. Təyyarə meydanında böyük qələbəlik, sevinc var, əldə şüarlar tutulub, gənclər hay-küy salır, orkestr ifa edir. Bir anlıq tamaşaçıya elə gəlir ki, qəhrəman kəşfiyyatçı qarşılanır. Amma yox, bu hay-küy xaricdə qələbə qazanmış yüngül atletlərin şərəfinədir. Dövlət əhəmiyyətli işi görüb gələn kəşfiyyatçını isə təyyarənin arxasında 2 əməkdaş və maşın gözləyir. Onlar sakitcə maşına əyləşib gedirlər".

Digər xəbərlər