PDF Oxu

Müxalifət

  • 13

Müsavatdan "Demokratik Müsavat"a doğru və ya yubileyə parçalanma hədiyyəsi

Müsavatdan "Demokratik Müsavat"a doğru və ya yubileyə parçalanma hədiyyəsi

Müsavat partiyasındakı məlum istefalardan sonra təşkilatda ikinci və bu dəfə kütləvi istefa dalğası baş qaldırmaqdadır. Tanınmış xəbər saytlarından verilən yoxlanılmış məlumatlara görə, bir sıra Divan üzvləri, rayon təşkilatlarının sədrləri, eləcə də, nəzarət-təftiş komissiyasının üzvləri partiyanı tərk etmək haqqında qərar qəbul etmiş və istefa ərizələrini hazırlayaraq İsa Qəmbərova təqdim etməyə hazırlaşırlar.
İstefa verən müsavatçılar sırasında təşkilatın Nərimanov rayonu üzrə sabiq sədri, Sülhəddin Əkbərovun qardaşı Səlahəddin Əkbərov, Beyləqan rayon təşkilatının sabiq rəhbəri, hələ seçkidən öncə partiya sıralarından istefaya getmiş Tapdıq Abbasın oğlu Tural Abbaslı, Müsavatın Naxçıvan təşkilatının sədri Meydan Babayev, partiyanın humanitar şöbəsinin müdiri Səftər Nəhmətli, Divan üzvü Səxavət Əlisoy, Müsavat Ali Məclisinin sabiq katibi Seyidəli Məmmədli, Yasamal rayon təşkilatının sabiq rəhbəri Ramiz Mirzəoğlu, təhsil komissiyasının sabiq sədri Kamil Mənsimov, Sumqayıt təşkilatının sabiq sədri Bəhruz Qəndilov, Xətai rayon təşkilatının sabiq sədri Vidadi Hüseynov, gənclər təşkilatının keçmiş rəhbəri Elnur Məmmədli, Qaradağ rayonunun təşkilat sədri Feyruz Mustafa və digərləridir. Onu da vurğulayaq ki, partiya daxilində yaranmış böhranlı vəziyyət orada fəaliyyət göstərənlərə qarşı diktatura və təqib rejimini xatırladır. Belə ki, yuxarıda adı çəkilən T.Abbaslıya qarşı, atası T.Abbasa görə pis münasibət yaranıb və ona başqanın adamları tərəfindən təzyiqlər göstərilir. Lakin Müsavat partiyasını tərk edənlər sırasında yalnız Sülhəddin Əkbərovla İbrahim İbrahimlinin tərəfdarları deyirlər. Belə ki, partiyanın rəhbərlik orqanını tərk edərək sıravi üzv kimi qalan və Türkiyəyə gedən sabiq müavin Vurğun Əyyubovun yaxınları da istefaya getmək qənaətindədirlər. V.Əyyubovun Bərdə və Ağdam rayon təşkilatlarında xeyli tərəfdarlarının olduğu sirr deyil və onlara bircə işarə kifayətdir ki, onlar da kütləvi istefalara imza atsınlar. Əgər nəzərə alsaq ki, V.Əyyubov məclis sədrliyinə seçkilər zamanı S.Əkbərova dəstək veribdir, bununla da Arif Hacıyevə qarşı çıxıbdır, onda məntiqə uyğun olaraq V.Əyyubovun da istefası elə də uzaqda deyil. Əslində, bütün bu addımlar öncədən planlaşdırılmış bir variant idi. Partiya daxilində baş verən hər bir qarşıdurma məlum olayın inkişafına təkan verirdi. Yəni, Müsavat partiyasının iki hissəyə parçalanacağı artıq bəlli idi və buna nail olan narazılar qrupu yaxın vaxtlarda başqan İ.Qəmbərova ikinci - "Demokratik Müsavat Partiyası" adlı ölümcül zərbəni "Domokl qılıncı" kimi endirməyə hazırlaşır. Digər məlumatlara görə isə, daha öncələr Müsavatın tərkibindən istefa vermiş və hazırda ekspert kimi fəaliyyət göstərən sabiq Divan üzvləri Rasim Musabəyov və Çingiz Qənizadə də "DMP"-nin tərkibində səlahiyyətli yerlərə namizəddirlər.
Bu arada "Şərq" qəzetinə müsahibə verən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da bütün hallarda İ.Qəmbərovu günahkar hesab edir: "Mən partiyanın bütün strukturlarının rəhbərliyini, başqanı xəbərdar etmişdim ki, bu adamın (Sülhəddin Əkbərovun - R.R.) partiyanın ikinci postuna gətirilməsi yolverilməzdir. Bunun üçün imkanları əldən vermək olmaz, qoymaq olmaz ki, o, partiya strukturlarını ələ keçirsin. Mənim bu xəbərdarlığım və bu istiqamətdə fəaliyyət göstərməyim partiya rəhbərliyinin xoşuna gəlmədi. O zaman da mən deyirdim ki, bütövlükdə məclis, partiya üzvləri, rəhbərliyi səhvə yol verdi ki, belə bir adamı partiyanın ikinci postuna gətirdilər. Mən də etiraz əlaməti olaraq məclis üzvlüyündən və partiyadakı vəzifələrimdən istefa verdim və kənara çəkildim" (4 dekabr 2010-cu il).
Eyni zamanda, R.Arifoğlu başqan İ.Qəmbərovun ondan üzr istəməsinin vacibliyini də vurğulayıb. Bu halın bu cür də davam etməsi digər bir məqama dəlalət edir. Daha dəqiq desək, kütləvi istefaların davam etdiyi bir zamanda, guya İ.Qəmbərovun yanında qalaraq onu dəstəkləyənlər, əslində, yeni boş qalmış postlar uğrunda bir-birləri ilə yeni çəkişmələrə start verəcəklər. Onsuz da yarı hissəsi qalmış Müsavatın bundan sonra da parçalanmamasına heç kim proqnoz verə bilməz. Çünki bu proqnoza ehtiyac da qalmır. Müsavatın "Demokratik Müsavat"a, "Yeni Müsavat Partiyası"na və digər müsavatlara parçalanacağı isə 2011-ci ildə qeyd etməyə hazırlaşdıqları "100 illik yubiley"ə əvəzsiz bir hədiyyə olacaqdır.

P.S. Adıçəkilən partiyada baş verən parçalanma böhranı elə sürətlə davam etdi ki, partiyanın bütöv şəkildə qurultaya gedə bilməməsi, eləcə də, "Müsavatın 100 illik yubileyi" dərdi də başqa yandan biabırçılıqlarına səbəb oldu...

Digər xəbərlər