PDF Oxu

Müxalifət

  • 17

Əlvida "ACP", əlvida, biznes!

Əlvida "ACP", əlvida, biznes!
ABŞ-da məskunlaşan "ACP" "lideri" bir müddət öncə, siyasət meydanından uzaqlaşmağını bəyan edərək, biznes layihələri üzərində çalışmaq istəyində olduğunu açıqlamışdı. Yəni, siyasi uğurlardan kasadlıq çəkən, ümumiyyətlə, heç bir halda müvəffəqiyyət qazana bilməyən Rəsul Quliyev "yeni uğurlarını" neft biznesində əldə edəcəyini yəqin etmişdi.
Bu minvalla latın ölkələrinin neft emalı zavodları ilə əlaqələr qurmağa çalışan R.Quliyev Venesueladan tutmuş Boliviyaya, oradan da son dayanacaq olan Braziliyaya qədəmlərini qoymuş və sübut etməyə çalışmışdır ki, bu sənaye üzrə neçə milyonlarla gəlir əldə etmək olar. Amma onun keçmişini, həyat yolunu müxtəlif vasitələrlə araşdırıb öyrənən Latın Amerikasının məşhur neft sənayeçiləri və maqnatları layihələrdən imtina etmiş, R.Quliyevin arzuolunmaz şəxs olduğunu bildirmiş və birtərəfli olaraq ondan imtina olunmuşdur (hər halda, Rəsul bəyin, əslində, vətən xaini, həmçinin, neft və qara kürü oğrusu olduğu üzə çıxmışdı - R.R.). Bu biznesdə də heç nə əldə edə bilməyən "ACP" "lideri" siyasi həyata qayıtmaq üçün yeni "plan-layihələr" cızma-qaralamağa başlamışdır. Və bu dəfə onun ağlına yenidən AMİP "lideri" Etibar Məmmədovla iş birliyi qurmaq fikri gəlmişdir. Xatırladım ki, bu iki şəxsin daha öncələr də müəyyən əlaqələri olmuş, lakin bütün müxalifət partiyalarında və onların liderlərində olduğu kimi, həmin əlaqələr kökündən kəsilmişdir. Qeyd edim ki, R.Quliyevin anında verdiyi qərarı anında dəyişməsi xarakteri - yəni, sözübütövlükdən kənar olması üzündən, vaxtilə E.Məmmədov ona "tüpürdüyünü yalayan" ayaması da qoşmuşdu. Ancaq bütün bunlara baxmayaraq, siyasi səhnədən, bütövlükdə, əriyib yox olma qorxusunu yaşayan "ACP" "lideri" "fəxri lider" kimi sonuncu rütbəsini də qumar kartı kimi qurban verməyə razıdır. Təki mətbuatda yaxşı, ya da pis, hər necə olursa olsun, adı çəkilsin...
Maraqlıdır, bəs görəsən, E.Məmmədov bu dəfə hansı fikrə düşəcək? Əcəba, onun yenidən R.Quliyevə bağlayacaq ilgək nədən ibarət ola bilər? Və R.Quliyev nəyə güvənərək yenidən E.Məmmədova tilov atır?
Vurğulamaq yerinə düşərdi ki, ABŞ-da yaşayan müəyyən erməni dairələri ilə sıx əlaqələrdə olan "ACP" "lideri" onlardan topladığı dilənçi payı ilə özünü və partiyasını dolandırır. Bundan xəbərdar olan AMİP "lideri" R.Quliyevlə yenidən hər hansı əlaqə qurmaqdan ömrü öz "kozır"larından istifadə etməyi düşünür. Adının açıqlanmasını istəməyən AMİP yetkililərindən birinin sızdırdığı məlumata görə, xarici təşkilatlardan əli üzülmüş E.Məmmədov yeni qazanc mənbəyini məhz erməniləri ilə sıx təmasda olan R.Quliyevdə görür. Bu səbəbdən də, onun ABŞ-a gedib yenidən "əski dostu" ilə görüşüb razılığa gələcəyi gözlənilir. Belə ki, o, R.Quliyevə təklif edib ki, erməni diasporasından diləndiyi ianəni Azərbaycanda yaradacaqları yeni koalisiya təşkilatına qoysunlar. Fəqət, bu dəfə R.Quliyev E.Məmmədovun fikrindən və təklifindən imtina edib. O deyib ki, pul qoyub pul götürmək olar, ancaq pul qoyub siyasətdə uğur qazanmaq olmaz. Burada digər nüans da ortaya çıxır ki, bu da R.Quliyevin E.Məmmədovdan istifadə edərək, ölkədə hər hansı biznes fəaliyyəti qurmaqdan ibarətdir. Yəni, "pul qoyub pul götürmək" ifadəsi də məhz buradan qaynaqlanır. Amma E.Məmmədov da biznes sahəsində, eləcə də, siyasi səhnədə R.Quliyevdən asılı qalmaq fikrində olmadığını açıq ifadə edib. O, eyni zamanda, R.Quliyevin məqalənin başlığında vurğuladığımız biznes uğursuzluğunu da ön plana çəkərək, bir növ onun qarşısında sədd çəkib.
Nəticə etibarı ilə belə qənaətə gəlmək mümkündür ki, R.Quliyevin güvəndiyi E.Məmmədov ABŞ-a gedib müəyyən danışıqlara başlasa belə, hər iki şəxsin fərqli düşüncələri üst-üstə düşməyib iflasa uğrayacaq. Və beləliklə, "ACP" "lideri"nin bu "fəxri" postda da çox davam gətirməyəcəyi yüz faizlik qənaətə hesablanıb. Habelə, onun biznes sahəsindəki uğursuzluğu da R.Quliyevi pis bir vəziyyətdə qoyub. Özü-özünü saldığı siyasi məngənədə sıxışıb qalan ACP "lideri"nin bircə yolu qalıb: həm "ACP"-dən, həm də biznesdən əlini üzüb uğursuzluğunu etiraf etmək.

Digər xəbərlər