Müsavat partiyasının hər gün, hər an fəaliyyətini dayandırması gözlənilir
Müxalifət düşərgəsindəki qalmaqallı məsələlər, intriqalı münasibətlər indi açıq müstəvidə davam edir. Bir çoxları dözümlülük nümayiş etdirib mövqelərini saxlamağa çalışsalar da, digərlərinin hiddəti daha qabarıq formada nəzərə çarpır. Ona görə də, son günlər müxalifət partiyalarında, demək olar ki, "fövqəladə vəziyyət" hökm sürür. Xüsusilə, Müsavat partiyasındakı dillə deyilə bilməyəcək durum buradan qopmaların sürətlənməsi ilə nəticələnib.
Bu məsələlərə daha səlis aydınlıq gətirmək üçün müxalifət düşərgəsində olan ayrı-ayrı qütblərdə təmsil olunan şəxslərin mövqeyini öyrəndik. Müsavat icra aparatının rəhbəri Arif Hacıyev müxalifət cəbhəsində daşı qaldıranda da adının çıxmasını normal hal kimi qiymətləndirib və daş atıb başını altına tutub ki, mənim olanlarla heç bir əlaqəm yoxdur. Fakt isə A.Hacıyevin əl-ayağına dolaşan iki şəxsin Müsavatdan məhz onun diqtəsi ilə uzaqlaşdırıldığını təsdiqləyir. Digər həmsöhbətimiz ASDP-nin həmsədri Araz Əlizadə isə olanlara bir qədər fərqli mövqedən yanaşaraq, özlərini demokrat adlandıranlara ağıllı məsləhətlərinin olduğunu açıqladı.
Arif Hacıyev: "Biz müsavatçılar istefaları böyük təəssüf hissi ilə qarşılayır və bunun Müsavat partiyasından ciddi qopmalarla nəticələnməyəcəyinə ümid bəsləyirik"
Müsavat partiyasının icra apartının rəhbəri Arif Hacıyev mənsub olduğu partiyadakı prosesləri ört-basdır etməyə çalışsa da, görünən məqamları etiraf etmək məcburiyyətində qalmalı oldu. O, Müsavat daxilində sabitliyin yenidən pozulmasını daxili çəkişmələrin kritik xarakter alması ilə əlaqələndirməkdən başqa söz tapa bilmədi. Amma etiraf etdi ki, hər halda Müsavat partiyası daxilində baş verənlər xoşagəlməz bir hadisədir. "Biz müsavatçılar bunun böyük təəssüf hissi ilə qarşılayırıq. Bu istefaların isə Müsavat partiyasından ciddi qopmalarla nəticələnməyəcəyinə də ümid bəsləyirik. A.Hacıyev məhz parlament seçkilərindən sonra Müsavat partiyasında istefaların baş verməsini hansısa daxili qüvvələrin Sülhəddin Əkbərlə, İbrahim İbahimliyə təsir imkanları ilə əlaqələndirmək niyyətində olmadığını da açıqlayıb Bildirib ki, S.Əkbər və İ.İbarhimli özlərinə kifayət qədər özlərinə hörmət edən və Azərbaycan siyasətində fəal iştirak edən bir şəxslərdir. Ona görə də, düşünmürəm ki, hansısa, ayrı bir qüvvələr onları nəyəsə təhrik edə bilər - deyən A.Hacıyev hər iki şəxsin AXCP (i)- Müsavat birləşməsinə etiraz amillərini də nəzərdən keçirdiyini dilə gətirib. "Müsavat partiyası inteqrasiya istiqamətində fəaliyyət göstərir. Xüsusilə AXCP (i) ilə Müsavat partiyasının birgə fəaliyyəti müttəfiqliyi, inteqrasiyası istiqamətində müzakirələri davam etdiririk. Yəni hələlik, birləşmə məsələsi gündəmdən çıxarılmayacaq. Çünki bu məsələ gündəmdədir və Müsavat partiyasında bu istiqamətdə müzakirələr yeni başlayıb".
S.Əkbərlə İ.İbrahimlinin Müsavatdan getdikdən sonra yeni partiya yaratmaq planlarına da münasibət bildirən A.Hacıyev bunun gözlənilən və hər bir halda, onların iradəsindən asılı olan məsələ kimi dəyərləndirib. "Amma baş verməmiş hadisələr barəsində şərh verməyi xoşlamıram. Əgər hər hansı bir hadisə baş verməyibsə, ona şərh vermək və onunla bağlı hansısa bir tədbirlər həyata keçirmək barəsində danışmaq düzgün deyildir". Son zamanlar Müsavat partiyasının rayon təşkilatları ilə əlaqələrinin tamamilə kəsilməsi və partiyanın mərkəzində bu faktla bağlı heç bir addımın atılmaması məsələsinə də münasibət bildirən aparat rəhbəri Müsavat partiyasıın öz strukturunu qoruyub saxlamağa çalışdığını etiraf edib. Hər bir məsələyə olduqca ehtiyatla və fikirləşərək münasibət bildirən, eyni zamanda, S.Əkbər və İ.İbrahimlinin istefasına istehza ilə yanaşan A.Hacıyev Tapdıq Abbasın Müsavat partiyasından çıxarılmasından sonra qurumda müəyyən qədər narazılıqların yarandığını məhz bu istefaların da həmin proseslərin tərkib hissəsi kimi qimyətləndirilməsini, müəyyən mənada, təsdiqləyib. "Partiyadan kimlərinsə, çıxması və kimlərinsə partiyaya daxil olması prosesi normal bir bir haldır. Müsavat partiyası Məmməd Əmin Rəsulzadə ideyaları ətrafında yaranmış bir partiyadır. Bu partiya şəxsiyyətlər ətrafında yaranmış bir partiya deyil. Ona görə də, Müsavat partiyasından kimlərinsə, uzaqlaşması təəssüf hissi ilə qarşılanmalıdır".
Araz Əlizadə: "Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin Müsavatdan getməkdənsə, partiyada qalıb bu səhvləri düzəltmək üçün mübarizə aparmaları daha doğru seçim olardı"
Azərbaycan Sosial-Demokrat partiyasının həmsədri Araz Əlizadə, bizimlə söhbətində parlament seçkilərində sonra siyasi düşərgədə bir süstlüyün yaranmasını, xüsusilə də, Müsavat partiyasından baş verən qopmaların olmasını cəmiyyətin bəzi siyasi partiyalara marağının getdikcə azalması ilə əlaqələndirib. Bildirib ki, artıq əksər müxalifət funksionerləri də bu reallığı dərk etməyə başlayıblar. ASDP-də güman olunan istefaların olması ilə bağlı səslənən fikirlərə münasibətini açıqlayan A.Əlizadə, hələlik, təmsil olunduğu partiyada heç bir qopmaların olmayacağını və qurumda elə bir problemin olmadığını söyləyib. Müsavat partiyasındakı istefalara isə ASDP-nin həmsədri qeyri-ənənəvi formada münasibət bildirib. Qeyd edib ki, kiminsə hardansa düşməsi və. s məsələlər bizi qətiyyən maraqlandırmır. "Çünki biz özümüz sosial-demokratlar olaraq, o qədər aşağı mərtəbələrdə dayanmışıq ki, ancaq yuxarıdan aşağı düşənlərə baxa bilirik. Ona görə də, kiminsə haradan düşməsinə biz fikir bildirə bilmərik. Biz onu ancaq görə bilirik. Real mənzərə isə odur ki, bu gün Azərbaycanda, demək olar ki, müxalifət yox dərəcəsindədir. Amma hələ ruhdan düşməmişəm və ölkəmizin sağlam gələcəyinə inanıram. Düşünürəm ki, məndən sonra gələn siyasətçilər bəlkə də daha böyük uğur qazana bilərlər". Bəzi qüvvələrin seçkidə ağır məğlubiyyətlərini ört-basdır etmək üçün forum keçirirlər. "Sizin də həmin cərgədə olmağınız gözlənilirmi" sualına A.Əlizadə birmənalı formada cavab verib. O bildirib ki, Allah elməsin ki, mən bu insancıqlarla bir yerdə olum. "Çünki mənim 21 illik siyasi təcrübəm var. Və pisi yaxşıdan, yaxşını da pisdən seçməyi artıq bacarıram. Mənim təcrübəmdən isə müxalifət düşərgəsində heç kəs yararlana bilməz. Bu təcrübədən yararlanmaq üçün ən azı onların Araz Əlizadə qədər savadları olmalı və öz səhvlərindən nəticə çıxarmağı bacarmalıdırlar. Amma bir məsələ var ki, bu gün müxalifət düşərgəsində özlərini milli-demokrat adlandıran qüvvələr çoxluq təşkil edir. Ona görə də, Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin Müsavatdan getmələri düzgün seçim deyildi. Əgər onlar görürdülərsə ki, Müsavat partiyasında çoxlu səhvlər var, o partiyada qalıb bu səhvləri düzəltmək üçün mübarizə aparmaları daha doğru seçim olardı. Vaxtilə ASDP-də rəhbərlikdə olub mənim səhvlərimi qəbul etməyib partiyadan gedənlər qalıb mübarizə aparmalı idilər. Amma hər bir halda Müsavatdan iki aparıcı şəxsin getməsi bu partiya üçün böyük itkidir. Bu günə qədər isə ASDP-dən getmiş şəxslər Zərdüşt Əlizadə istisna olmaqla, heç bir itki deyil. Elşən Manafovun bizim partiyadan getməsini bəzən ASDP-nin itkisi kimi yozmağa çalışsalar da, bu heç bir itki demək deyildir. Bu baxımdan da, Z.Əlizadə mənim qardaşım olmağından əlavə əgər düşünürdü ki, partiya düzgün yolda deyil, o gərək qalıb mübarizəsini davam etdirəydi. Çünki onun lazımi qədər tərəfdarı vardı. Özlərini ASDP-dən getdikdən sonra siyasətçi kimi təqdim etmək istəyənlər, konkret olaraq, Arzu Abdullayeva kimiləri heç vaxt siyasətçi olmayıb. O, ən yüksək səviyyədə qeyri-hökumət təşkilatının rəhbəri ola bilər. Amma bir şeyi etiraf etmək lazımdır ki, vaxtilə onun geniş ürəyi vardı və bir çox işlər də görmüşdü. Çünki A.Abdullayevanı tərbiyələndirib üzə çıxaran mən olmuşam. Onun bir zamanlar Helsinki Vətəndaş Assambleyasına həmsədrliyə getməsi düzgün qərar olsa da, onun yenidən partiyaya qayıtmaq qərarı səhv addım idi".