PDF Oxu

Müxalifət

  • 13

Əli Kərimlinin köməkçisi Qabil Məmmədrzayevin cinayət işi üzrə məhkəmədə zərəçəkən şəxs dindirilib

Əli Kərimlinin köməkçisi Qabil Məmmədrzayevin cinayət işi üzrə məhkəmədə zərəçəkən şəxs dindirilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi Qabil Məmmədrzayev və digərləri - Elnur Mirzəliyev, Hüseyn Qurbanov, Racu Mehrəliyev və Mirzə Ağayevin cinayət işi üzrə məhkəmə başlayıb. SİA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçən məhkəmədə zərərçəkən şəxs Ruqayə Məmmədova dindirilib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib.
R. Məmmədova deyib ki, oğurlanan iki yüz mindən əlavə olaraq Mirzə Ağayevə iki yüz min manat pul verib: "Həmin pulları geri ala bilmirəm. Bundan şikayətçiyəm". Oğurlanan pulun mənbəyinə gəlincə zərərçəkən şəxs: "1992-ci ilə kimi Rusiyada işləmişəm və xeyli pul qazanmışam",- əlavə edib. Hakim məhkəmə istintaqının tamamlanması barəsində hökm vermək istəsə də vəkillərlə təqsirləndirilən şəxslərin hökmə münasibəti eyni olmadığı üçün proses dekabrın 10-na təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanında yerləşən evə maskalı şəxslər tərəfindən basqın olub. Bu zaman evdə iki azyaşlı uşaq olub. Həmin şəxslər evdə olan azyaşlılar Əmir Kərimlini və onun tanışı Qədir Azadlını tapança ilə hədələdikdən sonra uşaqların əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Maskalı şəxslər evdən 200 min dollar pul və külli miqdarda qızıl zinət əşyaları oğurlayıblar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləmiş Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. Qabil Məmmədrzayev tanışı Racu Mehrəliyevə Ruqayə Məmmədovanın evində külli miqdarda pulun olması barədə xəbər verib. Racu Mehrəliyev və Elnur Mirzəliyev evin sahiblərini bir müddət izlədikdən sonra mənzili soymaq qərarına gəliblər. Bu zaman Racu Mehrəliyev binanın həyətində gözləyib. Mənzilə isə Hüseyn Qurbanov və Elnur Mirzəliyev daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törədənlər tutularaq istintaqa təhvil veriliblər. Onlardan 1 ədəd beşbarmaq, 7 ədəd müxtəlif çaplı patron, 1 ədəd videokamera, 4900 dollar və 400 manat götürülüb.

Digər xəbərlər