Bloklar dağıldı, növbədə partiyalardır
İctimai-siyasi proseslərdə, hələ də, özünü təsdiq etməyi bacarmayan radikal müxalifət partiyaları növbəti dəfə özlərini reklam etmək üçün müəyyən oyunlara əl atırlar. Nəzərə almaq lazımdır ki, tamamilə xarici donor təşkilatların asılılığında olan müxalifət partiyalarının istənilən prosesöncəsi özlərini nümayiş etdirmələri onların maraqları müstəvisində olur. Çünki riyakar müxalifət ünsürləri bu və ya digər prosesə ancaq şəxsi maraqlar müstəvisində qatılmağa üstünlük verirlər. Özlərini tamamilə "Soros" və "Nauman" kimi fond və təşkilatlarının quluna çevirmiş isa qəmbərovlar, əli kərimovlar, lalə hacıyevalar, eldar namazovlar, elə onların sifarişi ilə də, gündə bir məntiqdən çıxış edirlər. Bir məsələni də diqqətə çatdıraq ki, ölkəmizin həyatında mühüm əhəmiyyətə malik olan parlament seçkilərində acı və biabırçı məğlubiyyətlə üzləmiş müxalifət bu gün özünün ən ağır anlarını yaşamaqdadır. Yağışdan sonra çoxalan göbələklər kimi, radikal müxalifət düşərgəsində hal-hazırda, demək olar ki, addımbaşı bir oyuncaq bloka rast gəlmək olur.
Düşərgədə hər dəfə yaranan blok və birləşmələr, sadəcə olaraq, mövsümi xarakter daşıyır.
Qeyd edək ki, hələ parlment seçkilərinə start verilməmişdən öncə, ortaya atılmış bu cür oyun və hiyləgərliklər müxalifətin hansı imkan və gücə malik olduğunu növbəti dəfə aşkara çıxarmışdı.
Amma bu dəfə də, düşərgədə özlərini hamıdan ağıllı göstərməkdə iddialı olan Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov nəhayətdə öz gücsüzlüklərini sığortalamaq üçün seçki bloku yaratmağa qərar verməli olmuşdular. Seçkidən sonra isə blokun siyasi bir təşkilata çevriləcəyini iddia edənlər, hər halda, yarımçıq qalmış ideyalarını gerçəkləşdirməkdə nədənsə çətinlik çəkirlər. Çünki hələ də başa çatmayan birləşmə barəsində qərarın icrası İ.Qəmbərov və Ə.Kərimovun bütün iyrənc işlərini açıq şəkildə cəmiyyətə nümayiş etdirməkdədi. Məhz bundan da məlum olur ki, heç bir halda, radikal müxalifət düşərgəsində iki tərəfin bütün prinsipial cəhətləri kənara ataraq, birləşməsi mümkünsüzdür. Çünki "AXCP(i)-Müsavat" seçki blokunun yaradıldığını elan edən İ.Qəmbərov və Ə.Kərimov cütlüyü də sonradan başlarının daha böyük qalmaqala girəcəyindən xəbərsiz idi. Belə ki, AXCP (i)-nin namizədi kimi irəli sürülmüş şəxslər Müsavat partiyasının oyuncaq fiqurları üzündən öz iddialarından geri çəkildiklərinə görə, böyük təəssüf hissi ilə yaşayırlar.
Müxalifət üçün tipik cəhətlərdən olan birinin sözünün başqasının boğazından keçməməsi özünü bütün cəhətlərini açıq şəkildə göstərməkdədir. Məhz böyük bir qalmaqalın olacağından və növbəti dəfə biabırçılıqla üzləşəcəyindən ehtiyat edən radikal müxalifət qüvvələri daxildə bir-birilərinə qənim kəsiliblər.