Radikalların “calaq” siyasəti
AXCP (i) sədri Əli Kərimov deyib ki, Müsavatla AXCP (i) bir partiyada birləşəcək, yəni calaq olunacaq. İndi bu "cütləşmə"də qadının kimliyi məlumdur, "kişi"nin də ki, özünüz tanıyırsınız. Yəqin ki, Hafiz Hacıyev də ki, "şam tutacaq".
Radikal müxalifətin o yolu qalmayıb ki, əl atmasın, burunları girməyən o deşik qalmayıb ki, başlarını ora soxmasınlar. İndi də əl atıblar "birləşmək" variantına. Tutaq ki, birləşdiniz, yəqin bilirsiniz ki, VHP, BQP, BAXCP, DADP və başqa bir neçə partiya sizinlə birləşməyəcək. ADP, "Ümid", ALP, AMİP isə Müsavat-AXCP (i) cütlüyü ilə bir sıra məsələlərdə razılığa gələ bilməyəcəklər. Seçkidən öncə müxalifətin birləşmək ideyası real olmadığı kimi, bu gün də bu fikir həyata keçməyəcək. Çünki bu ideyanın müəllifləri yekəxanalıqdan əl çəkmirlər. Hələ bir neçə ay bundan öncə, ADP sədri Sərdar Cəlaloğlu və "Ümid" sədri İqbal Ağazadə ilə dialoq aparan Müsavat funksioneri Arif Hacıyev özünü müxalifətin xilaskarı kimi təqdim edirdi. Onun hərəkəti, danışıqları opponentini alçaldırdı, Arif kişi isə özünü "müəllim" kimi aparırdı. İsa Qəmbərovla da əlaqəsi olan Müsavat fəalı deyir ki, əgər birləşmək baş tutmasa aksiya keçirəcəyik, bu da istənilən effekti verməsə, şəhərdə bir yerə yığışıb qarşımıza nə keçdi qırıb-dağıdacağıq. Ay millət, bu qaragüruhçuların niyyətinə baxın, bu, düşmənçilik deyilmi? Heç şübhə etmirəm ki, bu radikalların kökü gedib barbar tayfasına çıxır. Məsələnin başqa tərəfinə baxaq. Müsavat başqanı İ.Qəmbərov Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla əməkdaşlıq sazişi imzaladı. Ermənistanda Aram erməni hökumətindən narazıdır, buradada ki, İsa Azərbaycan hökumətindən. Görəsən, onlar hansı məsələlərdə razılığa gəlib saziş imzalayıblar? Bəs bu məsələlərin içərisində, Qarabağ problemi də varmı? A.Manukunyan, yoxsa İ.Qəmbərov Qarabağı "güzəştə" gedir? Əgər İ.Qəmbərov Qarabağın qeyd-şərtsiz Azərbaycana qaytarılmasını erməni Manukunyandan tələb edibsə, bəs onda necə olub ki, Manukunyan buna imza atıb? Aydındır ki, bunların məqsədi tamamilə başqadır. İlk növbədə, bunun kökündə pul durur. A.Manukunyan Ermənistan hakimiyyətinin əleyhinə olduğunu İ.Qəmbərova inandıraraq, bu pərdə altında Azərbaycanda siyasi sabitliyi pozmaq istəyir. Adama sual verərlər: bəs Qərb sizinlə niyə saziş bağlamır? Dədə kimi arxalandığınız ABŞ niyə sizinlə dostluq etmir və saziş imzalamır? ABŞ-ın arabir qərəzli mövqeyinin sizinlə əlaqəsi yoxdur. Bir gənc deyirmiş ki, mən siyasi lider olmaqçün gedəcəm müxalifətə. Xəbər göndərdim ki, a kişi, müxalifət zavod deyil ki, lider "istehsal" eləyə. Onsuz da körpəsindən qocasınadək hamısı özünə "lider" deyir.