Məğlubların uğursuz birlik şousu
Bəlli olduğu kimi, AXCP (i) ilə Müsavatın təmsilçiləri hələ parlament seçkiləri ərəfəsində bu iki partiyanın birləşməsi məsələsini gündəmə gətirmişdilər. Hətta AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərov ayrı-ayrılıqda müvafiq açıqlama verərək, seçkidən sonra bu məsələnin aktuallaşacağını bildirmişdilər. Lakin parlament seçkilərində düçar olduqları böyük məğlubiyyət bu nominal siyasi cütlüyü mürəkkəb dilemma qarşısında qoyub. Belə ki, vahid seçki bloku yaratmaqla seçkidə azı bir neçə mandat əldə edəcəklərini düşünən bu siyasi qruplaşmanın təmsilçiləri həyata keçirdikləri radikal ovqatlı "qara piar" müqabilində tam əks nəticə ilə üzləşiblər.
Başqa sözlə, ictimai rəyi çaşdırmaq, populist vədlərlə eloktoratın müəyyən bir qismini öz tərəfinə çəkmək istəyən radikal qruplaşmanın ümidləri doğrulmayıb. Radikallar tərəfindən birləşmənin ilkin mərhələsi kimi təqdim edilən "vahid siyahı" ilə seçkidə iştirak onların arzuladıqları və gözlədikləri nəticəni verməyib. Bu səbəbdən, birləşmə mövzusu indi hər iki müxalif partiya daxilində növbəti çəkişmələrə səbəb olub. Bu baxımdan, Müsavat çevrəsində birləşmə şousu ilə bağlı yaşanan ziddiyyətlər özünü qabarıq şəkildə göstərməkdədir. İ.Qəmbərovun bir müddət əvvəl partiyanın növbəti qurultayında başçılıqdan gedəcəyini bəyan etməsi başqanlığa iddialı digər partiya təmsilçilərini hərəkətə gətirib. Onlar bir tərəfdən İ.Qəmbərovu yanlış seçki taktikası seçməkdə günahalandırır, digər tərəfdən, seçkilərdə yaşanan uğursuzluğu əsas gətirərək, AXCP (i) ilə birləşməyə qarşı çıxırlar.
Beləliklə, İ.Qəmbərovdan sonra Müsavatı idarə etməyə çalışan qruplar artıq öz iddialarını açıq şəkildə ortaya qoyurlar. Burada Məclis sədri Sülhəddin Əkbərlə Müsavatın icra aparatının rəhbəri Arif Hacıyevin daha çox canfəşanlıq etdiyi aydın görünür. Artıq onların sədrliyə əsas iddiaçılardan olacaqları şübhə doğurmur. Hər iki funksioner əsas diqqəti Müsavatın taleyinə çəkir, partiyanın qayğısına qaldıqlarını göstərməyə çalışırlar. Bu mənada, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da İ.Qəmbərovun Müsavat rəhbərliyindən getməsini arzulayanlar sırasındadır. Odur ki, "İsa bəy getməlidir!" deyən R.Arifoğlu bunun "demokratiya naminə" atılması zəruri olan addım olduğunu vurğulayıb.
Burada aydın hiss edilir ki, Müsavatın digər təmsilçiləri İ.Qəmbərovun partiyanın başqanlığından getmək fikrini səmimi şəkildə söylədiyinə inanmırlar. Məsələn, Ali Məclis sədri S.Əkbər mövqeyini onunla əsaslandırır ki, Müsavat demokratik təşkilat olduğunu göstərmək istəyirsə, İ.Qəmbərovu başqan postunda başqası əvəzləməlidir. Diqqəti çəkən odur ki, S.Əkbərin bu mövqeyini AXCP (i)-nin təmsilçiləri də dəstəkləyir. AXCP (i) mənsubları bildirirlər ki, İ.Qəmbərovun başqanlıqdan getməsi nə Müsavata, nə də müxalifətə hansısa zərbə vurmayacaq. Əksinə, partiya da, düşərgə də inkişaf edəcək, Müsavat çevrəsində fərqli vəziyyət yaranacaq.
AXCP (i) mənsublarının bu tipli açıqlamalarının İ.Qəmbərovun köhnə rəqiblərindən sayılan Ə.Kərimov tərəfindən yönləndirilməsi də istisna deyil. Bu şəxsin "birləşmiş partiya"ya sədrlik etmək niyyətində olduğunu nəzərə alsaq, İ.Qəmbərovun "öz xahişi ilə" oyundankənar vəziyyətə salınması AXCP (i) sədrinin maraqlarına tam uyğundur. Lakin İ.Qəmbərova yaxınlığı ilə seçilən A.Hacıyevin son açıqlamaları göstərir ki, Müsavat başqanı, əslində, öz postunu tərk etmək niyyətində deyil. Sadəcə, Müsavatın nizamnaməsi ona beşinci dəfə partiyanın başqanı seçilmək imkanı vermədiyindən o, birləşmə oyunu və kiçik ad dəyişikliyi ilə öz sədrlik müddətini uzatmaq istəyir. Bu mənada, İ.Qəmbərovun rəhbəri olduğu təşkilata rəqib partiya sayılan AXCP (i)-yə Müsavatla birləşməyi təklif etməsi heç də təsadüfi deyil.
Obrazlı şəkildə deyilsə, İ.Qəmbərov, əslində, "bir güllə ilə azı iki dovşan" ovlamaq fikrinə düşüb. Lakin baş verən son olaylar onu göstərir ki, birləşmə məsələsi ilk andan siyasi şou yaratmağa hesablanıb və onun baş tutub-tutmaması nə AXCP (i), nə də Müsavat mənsubları üçün prinsipial əhəmiyyət kəsb etmir. Odur ki, parlament seçkilərində böyük məğlubiyyətə uğrayan AXCP (i)-Müsavat cütlüyü birləşmə oyunu ilə gündəmdə qalmağa çalışır. Bu isə radikalların növbəti fiaskosu deməkdir.