Əli Kərimov erməni lobbisi ilə əlaqələrini genişləndirir
Daxili ziddiyyətlər məngənəsində sıxılan və heç bir imkanlara malik olmayan müxalifət partiyaları üçün sonluq çox çətin görünür. Ona görə də, bu gün müxalifət düşərgəsində bir qədər özünü fəal göstərməkdə maraqlı olan şəxslər müəyyən addımlar atmaq niyyətinə düşüblər. Həmişə olduğu kimi, bu məsələdə AXCP (i) sədri Əli Kərimov daha fəal olmaqla rəqiblərindən üstün olduğunu göstərməyə çalışır.
Ə.Kərimovun bu aktivliyi isə, müxalifətdaxili çəkişmələrdə uğur əldə etmək və rəqiblərini sıradan çıxarmaq prinsipinə əsaslanır. Bu dəfə AXCP (i) sədri milli maraqlar üzərindən siyasi bazarlıq etmək iddiasına düşüb. Belə ki, AXCP (i) sədri həm partiyasının qurultayında, həm də, ondan sonra mətbuata açıqlamasında xalqımızın qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağ məsələsində istənilən şərtlə güzəştin tərəfdarı olduğunu bildirib. Hətta Ə.Kərimov bir qədər də irəli gedərək, AXCP (i) "hakimiyyətə" gələrsə, Dağlıq Qarabağ problemində ermənilərə istənilən şərtlə güzəştə gedib məsələnin həllinə nail olacaqlarını da vurğulayıb. Ə.Kərimov bu açıqlaması ilə Ermənistandakı dostlarını bir qədər xoşhal etsə də, onun nə dərəcədə şikəst bir düşüncəyə malik olduğu növbəti dəfə öz sübutunu tapmış olub. Çünki dəfələrlə AXCP (i) sədri bu cür sərsəmləmələrlə diqqət mərkəzində olub. Amma danılmaz bir fakt ondan ibarətdir ki, bu gün radikal müxalifət düşərgəsində Ə.Kərimovun düşüncəsində olanlar da az deyildir. Onlar istənilən məsələdə şəxsi dividend əldə etmək niyyətini güddükləri üçün məhz bu cür bəyanatlarla da çıxış edirlər.
Sadəcə olaraq, Ə.Kərimov, hələlik, gözləmə mövqeyindən kənara çıxmaq istəmir. Əgər o, açıq şəkildə dırnaqarası fəaliyyətini qura bilsə, heç şübhəsiz ki, onun S.Sarkisyanla da gizli əlaqələrinin olması faktları ortaya çıxar. Amma təəssüf və təəccüb doğuran bir məqam da ondan ibarətdir ki, milli-mənəvi dəyərlərdən, vətənpərvərlik hisslərindən tamamilə uzaq düşmüş müxalifət yetkililərinin anti-Azərbaycan mövqeli qüvvələrlə əməkdaşlığı son zamanlar daha qabarıq şəkildə nəzərə çarpmaqdadır.
Bütün bu faktlar isə müxalifətin ümumi mənzərəsini növbəti dəfə cəmiyyət üçün açıq-aydın göstərmiş olur. İstənilən bir metod və vasitələrlə gündəmdə qalmaq, ambisiyalar naminə siyasi bazarlıqlara əl atmaq müxalifətin hədəfindəndir. Onlar, sadəcə olaraq, şəxsi maraqlar müstəvisində manevr etməklə imtiyazlar güdürlər.