PDF Oxu

Müxalifət

  • 18

AXCP (i) ilə Müsavat partiyası arasında ad problemi yaşanmaqdadır

AXCP (i) ilə Müsavat partiyası arasında ad problemi yaşanmaqdadır
Son zamanlar müxalifət düşərgəsində böyük çaxnaşmalar və gərgin situasiyalar yaşanmaqdadır. Noyabrın 7-də keçirilən parlament seçkilərindən acı və biabırçı məğlubiyyətlə çıxmış müxalifət partiyaları hal-hazırda olduqca çətin bir duruma düşüblər. Sosial baza baxımından böyük çətinliklə üzləşən müxalifət partiyaları, demək olar ki, tamamilə iflic olublar. Bu sıradan düşərgədə özlərini hər kəsdən bir qədər aktiv göstərməkdə maraqlı olan AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov vəziyyətdən çıxış üçün daha optimal variantlar düşüncəsindədirlər. Birbaşa xarici donor təşkilatların diqtəsi ilə hərəkət edən müxalifət partiyalarının indiki halda düşmüş olduqları durumdan hansı yollarla çıxması böyük sual doğurmaqdadır. Çünki müxalifət bu günə qədər heç bir addımını xarici havadarlarının icazəsi olmadan atmayıb. Ona görə də, indiki şəraitdə nə Müsavat başqanı İ.Qəmbərovun, nə də ki, AXCP (i) sədri Ə.Kərimovun sərbəst formada hər hansı bir qərar vermək səlahiyyətləri yoxdur. Onlar, sadəcə olaraq, həmin donor təşkilatların yerli icraçıları olduğu üçün belə məqamlarda sərbəst şəkildə addım atmaq səlahiyyətləri də, əllərindən alınıb. Bundan əlavə müxalifət partiyalarının düşmüş olduqları ağır və böhranlı durumda da, adıçəkilən şəxslərin birbaşa məsuliyyət sahibi olmaları onlar üçün daha böyük əngəllər yaratmış olub. Məhz bu baxımdan da, müxalifət düşərgəsində fəaliyyət göstərən radikal qurumların başında əyləşdirilmiş şəxslər, sadəcə olaraq, formal fiqur vəzifəsini icra edirlər. Amma maraqlı bir məqam isə ondan ibarətdir ki, Müsavat başqanı İ.Qəmbərov parlament seçkilərində üzləşmiş olduğu acı və biabırçı məğlubiyyətin səbəbini öz tərəfdarlarının yarıtmazlığında görür. İ.Qəmbərovun iddiasına görə, istənilən qurumun namizədinin seçki prosesində müsbət nəticə belə əldə etməməsi onun tərafdarlarının günahıdır. Bu baxıidan da, Müsavat başqanı seçkidə növbəti dəfə rüsvayçılıq yaşamaqlarının səbəbkarlarını öz aralarında axtarmağa başlayıb. Eyni zamanda, onun iddiasından belə məlum olur ki, seçki günü sıravi müsavatçılar Müsavat başqanına dəstək olmayıblar. AXCP (i) sədri Ə.Kərimov da İ.Qəmbərovla son zamanlar hər bir məsələdə "həmrəy" olduğu üçün o da, həmkarının mövqeyini dəstəkləyib. Bildirib ki, yaşanan məlum acı və biabırçılıqla dolu olay AXCP (i)-dən də yan keçməyib. Ə.Kərimov seçkidə qarşılaşdığı acı məğlubiyyətin səbəbini öz tərəfdaşları ilə müzakirə edərkən də, açıq şəkildə cəbhəçilərin ona dəstək olmadığını etiraf edib. Doğrudur, bu cür məqamları həmişə onlar ictimaiyyətdən və mətbuatdan gizlətməyə çalışırlar. Amma etibarlı mənbəmizin verdiyi səlis məlumatlarda həm Müsavat partiyası daxilində, həm də, AXCP (i)-də parlament seçkilərinin nəticələrində səbəbkarlar üstündə dava-dalaşların baş verdiyi də qeyd olunur. Parlament seçkilərində adı müxalifət partiyalarının sıralarında olan şəxslərin məhz bu düşürgədən olan namizədlərə dəstək olmadığı faktları da ortaya çıxmış oldu. Seçki günü də, istər dairə, istərsə də, məntəqə seçki komissiyalarında müşahidə aparan müxalifət nümayəndələrinin özləri də bunu etiraf ediblər. Amma bütün bu problemlər bir kənara atan Müsavatla AXCP (i) ad davasını yaşamaqdadır. Bir müddət öncə, AXCP (i)-nin qurultayında qurumun sədri Ə.Kərimov tərəfindən səslənən birləşmə təklifi hələ də problem olaraq qalmaqdadır. Çünki nə AXCP (i)-də, nə də Müsavat partiyasında iddialarını bir kənara qoyub bir ad ətrafıda birləşməyə razı olan qüvvələr mövcud deyil. Eyni zamanda, burada digər bir problem isə adın müəyyənləşməsi məsələsidir. AXCP (i) və Müsavat partiyası, birləşəcəyi təqdirdə yarana biləcək yeni qurumun adının hansı partiyanın istəyinə uyğun şəkildə qoyulması məsələsi hələ də müəyyənləşməyib. Müsavat partiyasının Divan üzvü İbrahim İbrahimli bu birləşmə əsasında yarana biləcək yeni quruma Müsavat adının qoyulmasının daha məqbul olması təklifi ilə çıxış edib. AXCP (i)-də isə bu təklifin əleyhinə çıxan şəxslər müsavatçıların öz maraqlarını açıq şəkildə dilə gətirmələrindən təəssüf hissi keçirdiklərini bildiriblər. Bütün bunların fonunda isə "AXCP (i)-Müsavat" seçki blokunun siyasi bir təşkilata çevrilməsi təklifinin, hələlik, reallaşmaması və tərəflər arasında yaşanan intriqalar buradakı vəziyyətin heç də müsbət sonluğa çatmaq üçün qənaətbəxş olmaması fikrini söyləməyə əsas verir. Əlavə edək ki, adıçəkilən qurumlar arasında birləşmə ilə bağlı razılıq əldə ediləcəyi təqdirdə, yarana biləcək quruma ad qoyma məsələsi, görünür, daha böyük qalmaqallara yol aça bilər. Çünki heç də tərəflər arasında xoş olmayan münasibətlər bu cür xoşagəlməz halların baş verməsini təxmin etmiş olur.

Digər xəbərlər