Müsavat şou yaratmağa çalışır
Müsavat partiyası həm cəmiyyətdə, həm də siyasi dairələrdə nüfuzunu tamam itirdiyindən gündəmdə qalmaq üçün şoular düzəldir. Gah AXCP (i) ilə birgə seçki bloku, gah bu partiya ilə birləşmək, gah da digərləri ilə blok yaratmaq cəhdləri onu göstərir ki, İsa Qəmbərov kimilər bir neçə funksionerlərinin mandat qazanması üçün min oyundan çıxırlar.
Getdikcə balacalaşan və yoxa çıxan partiyanın lideri olmaq İsa bəyin xoşuna gəlmir, o, daha bir neçə kiçik partiyanı da Müsavata qatıb liderlik etmək istəyir. 1988-ci ildən müxalifət tarixi göstərir ki, İsa Qəmbərov olan yerdə dağıdıcı intriqalar olub, müxalifətin birliyi olmayıb. Bu adam həmişə közü öz qabağına çəkib. Şəxsi və qrup maraqlarını Azərbaycan xalqının maraqlarından üstün tutub.
İsa Qəmbərovun liderlik iddiası absurddur. Müxalifətin lideri olmaq istəyən şəxs siyasətdə mənəviyyatı hər şeydən üstün tutmaldır. Həmkarlarımdan biri İsa Qəmbərova irad tutanda ki, müxalifətdaxili münasibətlərdə şərəfli, namuslu siyasət yürütmək lazımdır. Başqan cavab vermişdi ki, "Siyasətdə nə şərəf, nə namus?" Artıq şərhə ehtiyac yoxdur. Belə adam müxalifət lideri ola bilməz.
1990-cı il 20 yanvarda sovet ordusu Azərbaycan xalqını qıranda İsa Qəmbərov mətbuata etiraf etdiyinə görə, bir dostunun evində çay içirdi. Sonra da Primakov "KQB" sədri Vaqif Hüseynova tapşırırdı ki, ona toxunmayın. 1998-ci ildə 8 noyabr hadisələrində İsa Qəmbərov meydandan qaçan birincilər arasındaydı.
2003-cü il 16 oktyabrda daxili işlər nazirinin müavinlərinin birinin maşınında öz ofisini tərk edən və bir daha meydana qayıtmayan, döyülən, öldürülən fədakar insanları meydanda qoyub qaçan və ay yarım evindən çölə çıxmayan da İsa Qəmbərov idi. 2005-ci ildə 26 noyabr mitinqində meydanın arxa qapısından birinci qaçan və dərhal şəhərdən çıxıb mətbuat konfransına belə gəlməkdən imtina edən də İsa Qəmbərov oldu.
Yəni, yeri gələndə, ekstremal situasiyada dabanına tüpürən adamdan lider olmaz. Ona görə də İsa Qəmbərov öz dostları vasitəsi ilə "lider" imicini üfürməsin. Çünki onun üfürülmüş imici adi bir tikana rast gələ bilər. Ondan Azərbaycan müxalifətinə lider olmayacaq. Əksinə, keçən il bələdiyyə seçkilərində müxalifətin bir araya gəlməsinə İsa Qəmbərov imkan vermədi.
Bu gün də Azərbaycan müxalifətinin bir araya gəlməsinə mane olan, agent axtarışına çıxan, "KQB" ilə əməkdaşlığa dair ünvanına söylənilmiş, konkret faktlardan qaçan Müsavat başqanıdır. Məlum olduğu kimi, rəqiblərindən biri başqanın "kliçka"sını və agentura işinin nömrəsini mətbuatda açıqlayıb, amma bunları açıqlayan adam indiyə kimi İ.Qəmbərov tərəfindən məhkəməyə verilməyib.
Əslində, normalda hər bir siyasətçi bu ləkəni üzərinə götürməz, həmin iddianı irəli sürəni məhkəməyə verərdi. Çoxları da İsa Qəmbərovun məhkəməyə müraciət edəcəyini gözləyirdi.
Ən "böyük" çekist adına iddialı olan İsa Qəmbərov bununla sovet "KQB"-sinin AXC-yə yeritdiyi, bu günə kimi müxalifətdə "at oynadan" "Molotov" kliçkalı agent olduğunu boynuna alır... və utanmadan müxalifətin liderliyinə iddia edir.
Göründüyü kimi, radikal düşərgədə liderlik edənlərin kim olduğunu xalq yaxşı bilir. Bu üzdən də onların millət vəkili seçiləcəyi mümkün deyil. Seçkiyə az qalıb, amma bu adamların hələ də ciddi bir iş gördükləri haqda məlumat yoxdur.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, radikal müxalifət liderləri artıq özlərinin bütün əməllərini çıxarıb qoyublar ortaya. Bu səbəbdən də, liderlərin xalqın səsini qazanacağı inandırıcı deyil. Təklikdə də, partiyanın dəstəyi ilə belə bunların heç biri millət vəkili seçilməyə belə gücü yetəcək səviyyədə deyil.
Qarşıdan gələn parlament seçkilərində AXCP (i)-Müsavatın birgə iştirakı da heç bir nəticə verməyəcək. Bu, ucuz şoudan başqa bir şey deyil. Bu adamlar özləri də bilirlər ki, belə bir şey mümkün deyil. Deməli, əsas məqsəd müxtəlif şoularla bir müddət də siyasi səhnədə qalmaqdan ibarətdir. Bu oyunlara isə uzağı parlament seçkilərindən sonra son qoyulacaq.
Çünki bu seçkidə ölkədə bütün partiyaların və liderlərin imkanları bir daha ortaya qoyulacaq və millət vəkili seçilməyə belə gücü yetməyən "lider"in böyük iddialarda bulunmasının absurd olması ortaya çıxacaq.