Radikal müxalifət düşərgəsində yaranmış bloklar iflasa uğradı
Radikal müxalifət düşərgəsində iflas sindromu davam etməkdədir. Seçkiöncəsi yaradılmış müxalifətin oyuncaq blok və birlikləri imzatoplama kampaniyası dövründəcə fəaliyyətlərini dayandırmalı olublar. Tamamilə sosial bazadan məhrum olmuş müxalifətin məhz prosesdə özünü bu cür sığortalamaq cəhdləri də baş tutmadı.
Özlərini tamamilə "Soros" və "Nauman" kimi fond və təşkilatlarının quluna çevirmiş isa qəmbərovlar, əli kərimovlar, lalə hacıyevalar, eldar namazovlar elə onların sifarişi ilə də gündə bir məntiqdən çıxış edirlər. Bir məsələni də diqqətə çatdıraq ki, bu il ölkəmizin həyatında mühüm əhəmiyyətə malik olan parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, radikal müxalifət düşərgəsində də anormal proseslər baş verməkdədir. Yağışdan sonra çoxalan göbələklər kimi, radikal müxalifət düşərgəsində hal-hazırda, demək olar ki, addımbaşı bir oyuncaq bloka rast gəlmək olur.
Proqnozlaşdırıldığı kimi, düşərgədə hər seçkiöncəsi yaradılan blok və birləşmələr də, sadəcə olaraq, mövsümi xarakter daşıyır. Hələ seçkinin başlanmasına müəyyən bir vaxt qalmış ortaya atılmış bu cür oyun və hiyləgərliklər müxalifətin hansı imkan və gücə malik olduğunu növbəti dəfə aşkara çıxarmışdı.
Amma bu dəfə də, düşərgədə özlərini hamıdan ağıllı göstərməkdə iddialı olan Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov nəhayətdə öz gücsüzlüklərini sığortalamaq üçün seçki bloku yaratmağa qərar verməli olmuşdular. Hələ bu günə qədər də, başa çatmayan bu qərarın icrası İ.Qəmbərov və Ə.Kərimovun bütün iyrənc işlərini açıq şəkildə cəmiyyətə nümayiş etdirdi. Məlum oldu ki, heç bir halda, radikal müxalifət düşərgəsində iki tərəfin bütün prinsipial cəhətləri kənara ataraq, birləşməsi mümkünsüzdür. "AXCP (i)-Müsavat" seçki blokunun yaradıldığını elan edən İ.Qəmbərov və Ə.Kərimov cütlüyü də sonradan başlarının daha böyük qalmaqala düşəcəyindən xəbərsiz idi. Məhz seçki kampaniyasının imzatoplama prosesində öz iflaslarını yaşayan müxalifətin oyuncaq blokları tamamilə fəaliyyətlərini dayandırmalı olublar. Çünki hazırda düşərgədə özlərini az qala böyük bir "qəhrəman" kimi göstərməyə çalışan riyakar ünsürlər, nəyin bahasına olur-olsun, maraqlarını gerçəkləşdirməkdə israrlı görünürlər. Fakt isə odur ki, "AXCP-Müsavat" seçki blokunun ilkin addımı məhz, onun heç bir gücə və imkana malik olmadığını açıq şəkildə nümayiş etdirdi. Elə bu məsələnin ardınca blokun fəaliyyətinə, demək olar ki, xitam verildi. Sadəcə olaraq, İ.Qəmbərovla Ə.Kərimov hazırkı mərhələdə uzun müddət baş sındırıb yaratmış olduqları blokun fəaliyyətini dayandırmasını etiraf etməkdən çəkinirlər. Analoji hal ADP və "Ümid" partiyası tərəfindən yaradılmış "Qarabağ" seçki blokunda da baş verməkdədir. Bu blok da fəaliyyətini başlamamışdan sona yetirib. Sadəcə olaraq hər iki analoji halda ad məsələsi qalmaqdadır. Bu isə müxalifətin hələ də köhnə təfəkkürdən qurtula bilməməsini isbatlamış olur.
Ümumilikdə isə, hazırda düşərgədəki çaxnaşma və yeni-yeni yaradılmış blokların bir-birinə qarşı dayanması müxalifət üçün yaxşı heç nə vəd etmir. Proqnozlar və düşərgədə olan hadisələr, onu deməyə əsas verir ki, payızda keçiriləcək parlament seçklərində böyük uğursuzluqla və acı məğlubiyyətlə barışmaq istəməyən radikal müxalifət qüvvələri məhz sonluqda özləri-özlərinə qarşı dayanmış olacaqlar. Çünki bu cür hallar müxalifət üçün heç də yeni bir tendensiya deyil. 2003-cü ildə keçirilmiş prezident seçkiləri, 2005-ci ildə keçirilən parlament seçkiləri və bunun ardınca 2008-ci ildə növbəti dəfə keçirilən prezident seçkisi, 2009-cu ildə keçirilmiş bələdiyyə və referendum müxalifətin ümumi mənzərəsini cəmiyyət üçün dəfələrlə açıq şəkildə nümayiş etdirdi. Məhz bu seçkilərin ümumi sonluğunda isə müxalifət yetkililəri qazanmış olduqları acı məğlubiyyətin səbəblərini bir-birilərinin ayağına yazmaqla, özlərini sığortalamağa çalışdılar. Elə bu parlament seçkilərindən sonra da, analoji vəziyyətin baş verməsi gözləniləndir.