Müxalifətdə birlik, yoxsa dağılma prosesi?
Müxalifət düşərgəsindən gedən son proseslər cəmiyyətdə və siyasi dairələrdə birmənalı qarşılanmır. Belə ki, AXCP (i) ilə Müsavat partiyalarının seçki ittifaqı yaratması və nəticədə "Azadlıq" blokunun dağılması digər partiyaları qəzəbləndirib. Siyasi müşahidəçilər və ictimai təşkilatlar da bu məsələyə öz münasibətlərini bildirdilər. Həm siyasi partiyalar, həm də ictimai təşkilatlar hesab edir ki, bu ittifaq xaricdən verilmiş sifariş əsasında reallaşır və müxalifətdəki digər partiyaları sıradan çıxarmağa hesablanıb.
"Son vaxtlar müxalifət daxilində baş verən proseslər müxalifətin onsuz da zəif olan gücünü daha da azaldıb. Onların daxilindəki rəqabət müxalifət daxilində seçki əhval-ruhiyyəsindən daha çox daxili münasibətlərin müəyyənləşdirilməsi ab-havasının olduğundan xəbər verir. Onlar daxili çəkişmələrlə müxalifət daxilində nüfuz mübarizəsi aparırlar. Qoy onlar bununla məşğul olsunlar. Amma biz YAP olaraq seçkilərlə məşğuluq"- bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib.
YAP Sədrinin müavininin fikrincə, Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməsi ideyası xaricdən verilmiş sifarişin icrasıdır. "Seçki kampaniyasında bu kampaniyaya cəlb olunan siyasi təşkilatların dəstək mənbəyi xalqdır, seçicilərdir. Bundan kənar hər hansı bir dəstəyə ümid bəsləyənin uğur qazanacağı mümkünsüzdür"- Əli Əhmədov qeyd edib.
Onun sözlərinə görə, bu vaxta qədər həmin partiyalar arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb. YAP funksioneri bu dəfə də yaranacaq birliyin iflas edəcəyini vurğulayıb: "Bizim üçün bu partiyaların birləşməsi hər hansı təhlükə mənbəyi yarada bilməz. Nəinki onlar, onlara birləşməyənlər belə o birliyə qoşulsalar da, onlar YAP-a təhlükə yaratmaq iqtidarında deyil. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısına çıxacaq rəqib mövcud deyil".
Müxalifət cəbhəsinin digər qanadlarında hesab edirlər ki, belə blokları, ittifaqları xalqın istəyi deyil, seçkidən-seçkiyə alınan qrantlar yaradır. Bəzi partiya funksionerlərinin fikrincə, səfirliklərdə hazırlanan bu planların arxasında maddi nöqteyi- nəzərdən silmə və qazanma əməkdaşlığı durur.
Lakin təcrübə göstərir ki, adları çəkilən "müttəfiqlər" ayrı-ayrılıqda dostlarından müəyyən dövr istifadə edərək, varlıqlarını indiyə kimi qoruyub saxlasalar da, sonda düşmən kimi vidalaşmalı olublar. Demokratiya "bani"ləri belə təcürbələrin və məşqlərin ictimayyət üçün nə dərəcədə zərərli olduğunu anlamırlar. İstər AXCP (i), istərsə də Musavat fəaliyyət göstərdikləri bütün dövrlərdə ortalığa etimadsızlıq, təkəbbür, nadanlıq və xəyanət qoyublar.
Yaxın tariximiz göstərir ki, Ə.Kərimov və İ.Qəmbərov dəfələrlə yaradılan blokların Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dönüş yaradacağını vəd versələr də, sonda heç bir nəticəsi olmayıb. Dəfələrlə bu şəxslər evcik-evcik oynayan uşaqlar kimi qurduqları blokları ayaqlayıb aradan çıxıblar.
Müsavatla AXCP (i)-nin yaratdığı seçkiqabağı bloklar, adətən, gurultulu və qarşılıqlı ittihamlarla dağılıb. Buna görə də iki partiyanın birləşmə ehtimalı absurd görünür. Müxalifət sadəcə düşdüyü durumdan çıxış axtarır. Güman edirlər ki, Qərb dairələri bu ideyaya siyasi və maddi dəstək verərsə, nəticə olar.
Siyasi ekspertlərin qənaətinə görə, hətta birləşmə reallaşarsa belə, ortaya xeyli suallar çıxacaq. Məsələn, AXCP (i)-dəki vəzifə sahiblərinə hansı postlar çatacaq? Və ya Əli Kərimov yetərincə avtoritar idarəçiliyə meyilli siyasətçidir, o, Müsavatda vaxtilə ona qarşı çıxanlarla eyni partiyada olmağa, onların tənqidlərinə tab gətirə biləcəkmi? Çətin! Çünki Əli Kərimovda bu keyfiyyətlər olsaydı, vaxtilə AXCP (i)-ni bölünməyə qoymazdı. Onun ambisiyaları fərqli düşüncəli insanların lideri olmasına imkan vermir.
Politoloqlar başqa məqama da diqqət çəkirlər ki, Müsavatda da xeyli vaxtdır başqan olmağa çalışanlar var. Ona görə də, onlar Əli Kərimovun birinci olmasına qarşı çıxacaqlar. Bundan başqa, lider məsələsində ortaq məxrəcə gəlmək çox çətin olacaq. Ona görə də iki partiyanın birləşməsini, hansısa uğurlara imza atacağını düşünmək çətindir. Hətta Qərb buna hər hansı formada dəstək versə də.
Göründüyü kimi, son illərdə bir-birini təhqir etməklə, qarşılıqlı ağır ittihamlar yağdırmaqla və cəmiyyətdə rəqibini gözdən salmağa çalışmaqla məşğul olanlar birləşmək ideyalarını ortaya ataraq özlərinə yeni imic yaratmağa çalışırlar. Lakin cəmiyyətdə artıq müxalifətə inam tamamilə itib və hər seçkidə bunun bariz nümunəsinin müşahidə edirik. Şübhə yoxdur ki, növbəti seçkilərdə də eyni mənzərə müşahidə olunacaq.