Oyuncağa çevrilmiş müxalifətin gülüş dolu mitinq şousu
Son günlər radikal müxalifət düşərgəsində böyük səs-küylə qeyd olunan mitinq məsələsi də iflasa uğradı. Bir müddət öncə Almaniyaya çağırılaraq, orada hesabat verən Müsavat başqanı İsa Qəmbərova məhz mitinq keçirmək barəsində göstəriş verən ağalarının sonda onlar üçün vəd edilmiş pulun vaxtında göndərməmələri ortaya çıxdı. Beləliklə də, müxalifət düşərgəsində ağız boşluğuna sığmayan cümlələrlə qeyd olunan mitinq şousu beləcə sona yetmiş oldu. Səbəb isə, həmişə olduğu kimi, aydın olsa da, müxalifətçi "bəy"lər bu dəfə də, özlərini sudan quru çıxarmağa çalışırlar. Onlar iddia edirlər ki, oktyabrın 10-da müxalifətin mitinq keçirməsi parlament seçkisindən öncə təbliğat aparmaq kimi qələmə verilə bilər. Elə buradan da, maraqlı bir sual doğur ki, müxalifətçilər mitinq keçirmək barəsində qərar verəndə, yəqin ağılları başlarında olmayıb? Çünki bir neçə aydır ki, müxalifət yetkililəri oktyabrın 10-da "möhtəşəm" mitinq keçirəcəkləri barəsində uydurma bəyanatlar verirdilər. Amma sonradan onlar növbəti dəfə də vermiş olduqları qərarın üstündən keçməli oldular. Mitinqin vaxtını dəyişməklə guya taktiki gediş etmək niyyətində olduqlarını bildirən müxalifətçilər, əslində, şəxsi maraqlarını ucuz bir aksiyaya qurban verməməkdə israrlı idilər. Bəs müxalifətçilərin mitinq qərarını dəyişmələrinə nə səbəb oldu? Bu işin içində nə əmmanın olub-olmamasına baxmayaraq, fakt budur ki, Almaniyadan İ.Qəmbərova vəd edilmiş maliyyə dəstəyi vaxtında gəlib çatmayıb. Ona görə də, onlar vermiş olduqları qərarı yenidən dəyişmək məcburiyyətində qalıblar. Növbəti dəfə isə onlara vəd verilib ki, bir həftəyə sizə zəruri miqdarda vəsait göndəriləcək. Müxalifətçilər də bu vədə əməl edərək, bir həftə sonraya qədər mitinqlərinin vaxtını dəyişməli olublar. Amma yenə də, ortaya maraqlı bir sual çıxır ki, müxalifətə mitinq keçirmək üçün pul nəyə lazımdır? Əgər onlar iddia etdikləri kimi elektorata malikdirlərsə, onlara da, mitinqə gəlmək barəsində məlumat vermək kifayət etməlidir. İnkarolunmaz fakt isə ondan ibarətdir ki, bu gün elektorat baxımından korluq çəkən, ictimai qınaq obyektinə çevrilən müxalifət üçün birlikdə yas mərasimində iştirak etmək belə mümkün deyil.
Mitinq keçirmək məsələsinin müxalifətçilər tərəfindən yenidən gündəmə gətirilməsində hansı məqsədlərin güdülməsi məsələsinə gəlincə isə, bu halın ancaq donor təşkilatlardan pul qoparmaq prinsipinə əsaslandığını söyləmək kifayət edər. Eyni zamanda, düşərgə yetkililəri bu ilin payızında keçiriləcək parlament seçkilərində heç bir uğur əldə etmək şanslarının olmadığını anlaya-anlaya prosesə qatılmaları da konyunuktur maraqlara hesablanıb. Çünki onlara havadarlıq edənlər "seçkiyə qatılın sizə pul verəcəyik" deyə vədlər çatdırıb. Müxalifətçilər isə pul adı eşitməsin! Pulun adı gələndə, dədəsini də yadından çıxaranlar seçkiyə qatılıb müəyyən gərginlik yaradaraq, süni şoular təşkil edib qazanc əldə etmək niyyətindədirlər. Onları şəxsi ciblərindən başqa heç nə düşündürmür. Bu baxımdan da, müxalifət düşərgəsində gündə yüz kərə mitinq barəsində səslənən sözləri onların özlərindən başqa heç kim duymur. Çünki "mitinq keçirəcəyik" deyib sonradan aksiya belə keçirə bilməyənlər özləri gülüş hədəfinə çevrilməkdən, deyəsən, yaman həzz alırlar. Məhz yuxarıda sadalanan bütün faktlara və müxalifət düşərgəsində baş verən son olaylara nəzərə salaraq, belə nəticəyə gəlmək olur ki, sonun başlanğıcı radikal düşərgə üçün daha böyük biabırçılıqlarla müşahidə olunacaq.