PDF Oxu

Müxalifət

  • 15

Təbliğat kampaniyası ərəfəsində müxalifət düşərgəsində pərakəndəlik yaranıb

Təbliğat kampaniyası ərəfəsində müxalifət düşərgəsində pərakəndəlik yaranıb
Parlament seçkiləri ilə bağlı təbliğat - təşviqat kampaniyasına start verilməsinə bir neçə gün qalsa da, müxalifət düşərgəsində təşviqat öncəsi dağınıqlıq müşahidə edilir. Qeyd edək ki, parlament seçkilərinə qatılmaq istəyən və deputat mandatı almağa iddialı olan müxalifətçilərin sayı kifayət qədər çox olsa da, imzatoplama kampaniyasında müxalifətin gözləntiləri özünü doğrultmadı.
Müxalifət partiyaları ayrı-ayrı bloklarda birləşərək seçkiyə blok şəklində qatılmaqla bütün dairələr üzrə namizəd irəli sürməyə qadir olduqlarını nümayiş etdirməyə çalışsalar da, bloklarda təmsil olunan partiyaların öz daxilində seçki dairələrinin bölüşdürülməsi ilə bağlı ziddiyyətlərin ortaya çıxması blokdaxili proseslərdən də yan ötmədi. Bloklarda birləşən partiyalar daxilində başlayan ziddiyyətlər bir səbəbi, ümumi qərarın olmasına baxmayaraq, hər iki partiyanın təmsilçilərinin eyni seçki dairəsindən namizəd olmaq iddialarından əl çəkməməsi ilə bağlı olsa da, digər tərəfdən bu partiyalar arasında aparılan danışıqların mükəmməl olmadığı və ortaya qoyulan siyahıların razılaşdırılmış sənəddən çox görüntü xarakteri daşıyan bir kağız parçası olması ilə bağlı idi. Çünki belə olmasaydı, digər bir partiya rəhbəri ilə ümumi siyahını razılaşdıraraq həmin siyahıya imza atan "liderlər" öz partiyalarında yer uğrunda dava - qırğın çıxaran funksionerlərinə "həmin dairədən namizədliyini vermək istəyirsənsə, get, sən də ver" - deməklə yaxasını məsuliyyətdən kənara çəkməklə işini bitmiş hesab etməzdi.
Amma müxalifət düşərgəsinin problemləri bununla da bitmədi. Məsələ burasındadır ki, müxalifətin qaldırdığı hay-küyə, seçki öncəsi yenidən bir sıra "şou"lar yaratmaq istəyinə baxmayaraq, imzatoplama kampaniyasından sonra prosesin əvvəlində müxalifətin qaldırdığı gurultudan və hay-küydən heç bir əsər-əlamət qalmadı. Doğrudur, illərdən bəri qaragüruhçuluğu özlərinə peşə edən bəzi müxalifət nümayəndələri imzatoplama kampaniyasında 40 min seçicinin təmsil olunduğu bir seçki dairəsindən 450 imzanı toplaya bilməməsini guya ki, onlara yaradılmış hansısa problemlərə bağlamaqla özlərini sığortalamağa çalışdılar. Amma bu iddialar o qədər də ciddi səslənmədi. Çünki əhali arasında böyük sosial elektoratının olduğunu iddia edən müxalifət partiyalarının təmsilçilərindən fərqli olaraq, seçkilərə müstəqil şəkildə qatılan və hansısa elektoratının olmasını iddia etməyən sıravi insanlar belə, 450 imzanı asanlıqla toplayaraq, namizədliklərini qeydə aldıra bildilər. Əslində, bu mənzərə müxalifət düşərgəsinin təmsilçiləri üçün nəticə çıxarmağa kifayət etməli idi. Ancaq belə görünür ki, müxalifət seçki uğursuzluğunu sona qədər yaşamaq niyyətindədir.
Onu da qeyd edək ki, imzatoplama kampaniyasının uğursuzluğu müxalifət partiyalarının bütün seçki dairələri üzrə mübarizə aparmaq iddialarının elə iddia kimi qalması ilə müşayiət olundu. Məsələn, 125 seçki dairəsinin əksəriyyətində namizədlərinin deputatlıq mandatı uğrunda mübarizə aparacağını iddia edən "AXCP (i) - Müsavat" seçki blokunun cəmi 23 nəfər təmsilçisi deputatlığa namizəd kimi qeydə alınıb. Bu namizədlərin seçki təbliğatını necə aparacaqları isə, hələlik, sual altındadır. Baxmayaraq ki, dövlət tərəfindən bütün namizədlərə seçki təbliğatını normal şəkildə aparmaq üçün lazımi şərait yaradılıb. Müxalifətin təşviqat kampaniyası dövründə də uğursuzluqla üzləşəcəyi istisna deyil.
Məsələ burasındadır ki, seçki prosesinin əvvəlində müxalifət funksionerlərinin bir-biri ilə yer üstündə başlayan "intriqalar"ı artıq yeni mərhələyə keçib. Bu dəfə çəkişmələr müxalifət partiyalarının qeydə alınan və alınmayan namizədləri arasında başlayıb. Məlumatlara görə, müxalifət partiyalarının qeydə alınmayan namizədləri namizədliyi qeydə alınan hansısa partiyadaşının seçki təbliğatına dəstək verməkdən imtina edərək, "onun deputat seçilməsindən mənə nə" səpkili fikirlərdən çıxış edirlər. Namizədliyi qeydə alınmayanların sayı qeydə alınanlardan çox olduğundan müxalifət partiyaları daxilində hazırda seçki təşviqatının necə aparılmasından çox, daxili intriqaların necə yatırdılması müzakirə olunmaqdıdır. Çünki bu çəkişmələrin böyüməsi sonda həmin partiyaların xarici donorların yardımlarından məhrum etməsi ilə nəticələnə bilər ki, bu da "liderlər"in qətiyyən marağında olan məsələ deyil. "Liderlər" üçün əsas olan beş ildən bəri xarici donorlardan və beynəlxalq təşkilatlardan alacaqları birdəfəlik "böyük mükafatlar" və bundan sonrakı beşilliyin xərcləri üçün yüksək tarifli maaş cədvəlinin formalaşdırılmasına nail olmaqdır. Əhali arasında müxalifətə olan inamsızlıq, uzun illərin seçki uğursuzluğu təcrübəsi bu seçkilərdə də öz sözünü deyəcək. Odur ki, müxalifət düşürgəsində təmsil olunan partiyalar seçkilərə dağınıq vəziyyətdə qatıldığı kimi, bu prosesi elə pərakəndə şəkildə də yola verməli olacaqlar.

Digər xəbərlər