PDF Oxu

Müxalifət

  • 20

Radikalların növbəti xəyanəti

Radikalların növbəti xəyanəti
Radikal düşərgəyə daxil olan müxalifət partiyalarının - AXCP (i), Müsavat, ADP, "KXCP" və digərlərinin Azərbaycanın milli maraqları ilə hesablaşmaması, məqsədli şəkildə dövlətin, xalqın mənafeyinə zidd addımlar atması artıq ənənəyə çevrilib.
Diqqəti çəkən odur ki, radikal düşərgənin təmsilçiləri ölkədən bir addım kənara atan kimi, ya ermənilərlə saziş bağlayıb hansısa öhdəlik götürürlər, ya da erməni kəşfiyyatının təsir dairəsinə düşürlər. Bu sırada Ruslan Bəşirli, Səid Nuriyev, Eynulla Fətullayev kimiləri ifşa olunub layiqli cəzasını alsa da, radikal düşərgənin başbilənləri - İsa Qəmbərov, Əli Kərimov, Arif Hacıyev və digərləri xəyanətkar mövqedən geri çəkilmək niyyətində deyillər. Əksinə, onlar ermənilərin toruna düşərək vətən xaininə çevrilənləri ciddi-cəhdlə himayə edirlər. Bu şəxslər özlərinin reallıqdan uzaq hakimiyyət iddialarını təmin etmək ümidi ilə ermənilərlə də işbirliyinə getməyə hazır olduqlarını dəfələrlə sübut ediblər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər zaman sazişçi mövqe tutan radikal düşərgə öz iddialarını təmin etmək naminə işğalçı Ermənistana güzəştə getməyə hazır olduğunu dəfələrlə büruzə verib. Radikalların seçkidən-seçkiyə bunu açıq şəkildə sezdirmələri, məsələn, Müsavat başqanı İ.Qəmbərov kimi başqa bir ölkədə erməni müxalifəti ilə bir masa arxasına əyləşərək, saziş imzalamaları diqqətdən yayınmır. Xatırladaq ki, bir qədər əvvəl, erməni mənbələri AXCP (i) sədri Ə.Kərimovun hakimiyyətə gələcəyi təqdirdə, Dağlıq Qarabağ məsələsində Ermənistana böyük güzəştlər etməyə hazır olduğunu yazır, onun ermənilər qarşısında qeyri-rəsmi şəkildə belə bir öhdəlik götürdüyünü bəyan edirdilər. Belə vəziyyətdə Ə.Kərimov və ona yaxın sayılan mətbuat orqanları yalnız baş verənləri təkzib etməklə, bunun uydurma olduğunu iddia etməklə kifayətləndilər.
İ.Qəmbərov isə, göründüyü kimi, köhnə dostundan yenə bir addım irəli gedib. Ə.Kərimovun ermənilərə verdiyi vədlər müqabilində kölgədə qalmaq istəməyən Müsavat başqanı nümayişkar tərzdə Almaniyada erməni müxalifəti ilə saziş imzalayıb. Başqa sözlə, AXCP (i) sədrinin gizli şəkildə etdiyini, o, aşkar şəkildə həyata keçirib. Bununla ermənipərəstliyini açıq formada ortaya qoyan İ.Qəmbərov, nəhayət ki, olduğu kimi görünə bilib. Vaxtilə dostu A.Hacıyevin etiraf etdiyi kimi, "9 dövlətin razılığı ilə" Azərbaycan parlamentinin sədri seçilən və müəyyən müddət dövlət başçısı vəzifəsini icra edən bu şəxs yenidən erməni müxalifəti ilə münasibət qurmaqla hər zaman xəyanətə hazır olduğunu bir daha təsdiqləyib.
Müsavat başqanının Almaniyanın Potstam şəhərində Azərbaycan, Ermənistan və Gürcüstanın müxalifət partiyalarının görüşündə öz üzərinə götürdüyü öhdəliklər deyilənləri əyani şəkildə sübut edir. Ən maraqlı məqamlardan biri də müvafiq görüşdə imzalanan gizli bəyannamənin müddəalarının məxfi saxlanılmasıdır. Belə ki, həmin görüşdə Cənubi Qafqazın müxalifət partiyaları arasında imzalanan birgə bəyannamənin gerçək məzmunu və əsil mətni müvafiq sənədə imza atanlardan başqa heç kəsə bəlli deyil. Bəlli olduğu kimi, həmin sənədə Müsavat başqanı İ.Qəmbərov, Erməni Ümumilli Hərəkatının sədri Aram Manukyan və Gürcüstan Respublikaçı Partiyasının sədri David Usupaşvili imza atıblar. Müsavata yaxın medianın yaydığı məlumatlarda bildirilir ki, tərəflər Cənubi Qafqazda münaqişələrin dinc yolla nizamlanmasına dair üzərlərinə öhdəlik götürüblər. Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğu bir şəraitdə radikal müxalifət təmsilçisinin belə bir separatçı sazişə imza atması istənilən halda arzuolunmaz və yolverilməzdir. Bu, ölkənin siyasi maraqlarına qətiyyən cavab vermir. Digər tərəfdən, müvafiq sənədin mətninin indiyədək tam açıqlanmaması olduqca müəmmalı və şübhəli görünür.
Gözlənildiyi kimi, müsavatçıların ciddi etirazlarına baxmayaraq, İ.Qəmbərovun müvafiq sənədə imza atması Müsavat daxilində böyük narazılıq dalğası yaradıb. Xüsusən, "AXCP (i)-Müsavat" blokunu təmsil edən namizədlər İ.Qəmbərovu təmsilçisi olduğu partiyanın imicinə böyük zərbə vurmaqda və müxalifəti məqsədli şəkildə nüfuzdan salmaqda günahlandırırlar. Müvafiq sənəddə Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı ölkəmizin maraqlarına zidd məqamların yer alması İ.Qəmbərovu müxalifət üçün arzuolunmaz şəxsə çevirib. Əslində, bir neçə il əvvəl "cinsi azlıqların hüquqlarını müdafiə" xartiyasına qoşulanların, bu gün Azərbaycanın maraqlarına zidd olaraq, ermənilərlə işbirliyinə getməsi heç də təəccüblü deyil. Belələrinin milli duyğuları, vətənpərvərlik hissləri, mənəvi-əxlaqi duyğuları çoxdan aşınıb, deqradasiyaya uğrayıb. Bu səbəbdən, maddi-korporativ maraqlarını təmin etmək naminə onlar istənilən addımı atmağa hazırdırlar.
Heç bir sənəd Azərbaycanın bu hüququnu əlindən ala bilməz. Lakin Azərbaycan müxalifətin artıq ikinci dəfədir ki, milli maraqlarımıza zidd addımlar atır. Görünür, radikalların kəskin eyforiyaya çevrilən hakimiyyətə gəlmək ehtirası, elə bir həddə çatıb ki, onlar bundan ötrü erməni cəlladlarının dinc soydaşlarımızın - azərbaycanlıların qanına bulaşmış əllərini belə sıxmaqdan çəkinmirlər.
Bütün bunlar radikal düşərgənin tənəzzülünü şərtləndirən başlıca məqamlar sırasındadır. Bu düşərgədə mənəvi deqradasiya o həddə çatıb ki, onlar artıq milli maraqlar üzərində siyasi alverə başlayıblar. Belə vəziyyət, nəticə etibarilə, radikalların siyasi səhnədən silinməsini şərtləndirir. Çünki Azərbaycanın siyasi palitrasında xəyanətkarlara yer yoxdur.

Digər xəbərlər