Bu bir faktdır ki, sivil dəyərlərdən, demokratik prinsiplərdən uzaq olan siyasətçinin ən azı siyasi proseslərdən cüzi uğur qazanması problemə çevrilir. Çünki cəmiyyət fəaliyyətini yalnız daxili və xarici qüvvələrin tapşırığı əsasında quran siyasətçiyə heç zaman dəstək verə bilməz. Bugünkü reallıqlara əsasən, demək olar ki, Azərbaycan siyasi səhnəsində kifayət qədər cəmiyyət tərəfindən qəbul edilməyən siyasətçilər mövcuddur.
Onların tam əksəriyyətinin müxalifət düşərgəsində təmsil olunduğunu söyləsək, səhv etmərik. Ona görə ki, müxalif partiya funksionerləri fəaliyyətlərini ancaq Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd qurmağa yönəldirlər. Faktlara istinad etsək, bunun əsaslı olduğunu görmək olar. Eyni zamanda, bir daha aydın olar ki, radikal müxalifət partiya sədrlərinin siyasi mübarizə hədəfləri ermənilərlə iş birliyinə getmək yolu ilə də olsa, Azərbaycan dövlətindən və xalqından qisas almaqdır.
ƏLİ KƏRİMOVUN ERMƏNİ SEVGİSİNİN RUSLAN BƏŞİRLİ OLAYI
Yada salmaq lazımdır ki, dəfələrlə radikal müxalifətin əsas təmsilçiləri hesab olunan Müsavat və AXCP (i) funksionerləri maddi və mənəvi dəstək əldə etmək üçün Avropanın erməni lobbisi ilə əlaqələr qurmağa çalışıblar. Daha doğrusu, hələ 1998-ci il parlament seçkiləri ərəfəsi Müsavat başqanı İsa Qəmbərovun Strasburqda Fransadakı erməni diasporasının rəhbəri Vardan Dəmirçiyanla görüşməsi və bu görüşün Fransa müxalifətinin səyi ilə keçirilməsi barədə Türkiyənin "Hürriyyət" qəzeti məqalələr dərc etmişdir. Sonrakı mərhələdə AXCP (i)-nin gənclər birliyinin üzvü Ruslan Bəşirlinin Gürcüstanda erməni kəşfiyyat orqanlarının əməkdaşları ilə görüş keçirərək, onlara partiyanın sədri Əli Kərimovun mövqeyinə çatdırılması radikal müxalifətin fəaliyyət istiqamətlərinin Azərbaycanın milli maraqlarına qarşı olduğunu açıq şəkildə ortaya qoydu. Sivil dəyərlərə, demokratik mübarizə prinsiplərinə əsaslansaydıq, o zaman AXCP (i) sədri Ə.Kərimov partiya sədrliyindən istefa verməli idi. Ancaq siyasi mədəniyyətdən uzaq olması Ə.Kərimovu istefa addımını atmaqdan çəkindirdi.
ERMƏNİ MƏTBUATINDA Ə.KƏRİMOVUN VƏ İ.QƏMBƏROVUN TƏBLİĞATI NƏ İLƏ BAĞLIDIR?
ÇÜNKİ İ.QƏMBƏROV VƏ Ə.KƏRİMOV DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN MİLLİ MARAQLARINA ZİDD HƏLLİ İLƏ BAĞLI ÜZƏRLƏRİNƏ ÖHDƏLİKLƏR GÖTÜRÜRLƏR
Hələ bir neçə ay əvvəl, mətbuatda radikal müxalifətin xarici maraqlı qüvvələrlə əlaqələrini genişləndirmək üçün hər cür vasitə və üsullardan istifadə edəcəklərinə dair yazılar dərc olunurdu. Təhlillərdə və şərhlərdə müxalifətin radikal qanadının Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqların tempini azaltmaq üçün səylər göstərəcəkləri də qeyd edilirdi. Bu proqnozlar parlament seçkilərinin imzatoplama kampaniyasında özünü göstərməklə yayılan məlumatların reallığı əks etdirdiyini ortaya qoydu. Erməni mətbuatında AXCP (i) sədri Ə.Kərimovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri və mülahizələri əksini tapmışdır. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumatda AXCP (i) sədri Ə.Kərimovun xarici dairələrin yardımı müqabilində Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla həllinə hazır olması barədə fikirləri qeyd olunmuşdur. Bir neçə gün əvvəl isə, Müsavat başqanı İ.Qəmbərovun ermənilərlə pərdəarxası əməkdaşlığının açıq müstəviyə keçməsi barədə KİV-lərdə məlumat yayıldı. Bəlli oldu ki, İ.Qəmbərov Almaniyanın Potsdam şəhərində Erməni Ümummilli Hərəkatının sədri Aram Manukiyanla qarşılıqlı əməkdaşlığa dair saziş imzalayıb. Müqavilənin mətni açıqlanmasa da, Müsavat partiyasının təşkilat şöbəsindən "Səs" qəzetinə verilən məlumata görə, sənəddə Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycanın maraqlarına zidd məsələlər öz əksini tapıb.
XALQIN MARAQLARINA QARŞI ÇIXANLARI XALQ BAĞIŞLAMAZ
Göründüyü kimi, radikal müxalifət xarici maraqlı qüvvələr qarşısında ölkəmizin milli maraqlarına zidd olan öhdəliklər götürürlər. İmzalanan sənədlərlə İ.Qəmbərov və Ə.Kərimov xalqımızın qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağdan siyasi alver kimi istifadə etməyə və bununla da milli maraqlarımıza zidd çıxış etməyə çalışırlar. Amma unudurlar ki, milli maraqlara qarşı çıxanları xalq bağışlamaz. İ.Qəmbərov və Ə.Kərimov dərk etmirlər ki, Azərbaycan torpaqları Erməni Ümmummili Hərəkatının lideri Levon Ter-Petrosyanın Ermənistan prezidenti olduğu zaman işğal edilib, 1 milyon insan ev-eşiyindən didərgin düşüb. Cocuq qatili Serj Sarkisyan öz xələfinin işğalçılıq siyasətini davam etdirərək, Dağlıq Qarabağa iddialar irəli sürür. İ.Qəmbərov isə beş-üç manata aldanaraq erməni mövqeyindən çıxış edir. BAXCP sədri Qüdrət Həsənquluyev düzgün olaraq İ.Qəmbərovun erməni ilə işbirliyinə getməsini rəzalət adlandırıb: "Əzizlərin məzarı erməni tapdağında qalan bir şəxsin ona bu mənəvi əzabı, acını yaşadan işğalçı ölkənin Azərbaycan torpaqlarının qəsb edilməsində bilavasitə iştirak edən siyasi qüvvənin nümayəndəsilə birgə bəyannamə imzalamasının bir adı var - rəzalət. Bu fakt, şübhəsiz ki, xarici qüvvələrin sifarişi ilə gerçəkləşdirilib və İsa Qəmbərovun, həmçinin, onun təmsil etdiyi siyasi düşərgənin antimilli mövqedə dayandıqlarını, öz hakimiyyət maraqlarının təmin olunması üçün Azərbaycan xalqının və dövlətinin əleyhinə istənilən sənədə imza atmağa hazır olduqlarını sübuta yetirir".