Müxalifət pozuculuq aktları törətməyə hazırlaşır
Zəif, gücsüz insan ziddiyyətli məqamlarda imkanlarını dilinə və ağzına gələni danışmağa yönəldir. Çalışır ki, heç olmasa bu yolla vəziyyətdən çıxsın, əzilən, təhqir edilənlərdən olmadığını nümayiş etdirsin. Təbii ki, belə miskin insanlara hər kəsin yazığı gəlir və onun tərbiyəsində qüsurların olduğu qənaətinə gəlirlər. Bu qəbildən olan insan qrupuna müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərini xüsusi ilə misal olaraq göstərmək olar. Çünki müxalif partiya funksionerləri hər zaman özlərini küçə uşaqları kimi aparıblar.
Qeyri-ciddi açıqlamaları, məsuliyyətsiz bəyanatları ilə küçə psixologiyasından qurtula bilmədiklərini nümayiş etdiriblər. Noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq müxalifət yetkililəri öz çirkin daxili aləmlərinin dəyişməz olduğunu daha qabarıq şəkildə ortaya qoymaqdadırlar. Onlar gah ultimativ bəyanatlarla çıxış edir, gah da hakimiyyət orqanlarına hədələyici mesajlar ünvanlayırlar. Bununla kifayətlənməyib, icazəsiz aksiyalar yolu ilə şəhərdəki ictimai-siyasi sabitliyi pozacaqlarını bəyan edirlər.
Müxalifətin islah ola bilməməsinin başlıca səbəbi isə onların siyasətə gəlir mənbəyi kimi baxmaları ilə əlaqədardır. Yəni müxtəlif markalı xarici avtomaşınların alınması, yaşayış yerlərinin əldə olunması, müxtəlif xarici ölkələrə səfərlərin edilməsi siyasətin gücü hesabına olur. Sual yarana bilər. Müxalifət funksionerləri işləmədikləri halda qeyd olunan vasitələri necə əldə edirlər? Cavabı qısa və aydındır: Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsinə qısqanclıqla yanaşan bəzi anti-Azərbaycan mövqeli qüvvələr müxalifət hesabına bu uğurların davamlılığına problemlər yaratmağa çalışırlar. Qarşılıqlı əməkdaşlıq müqabilində radikal müxalifət maliyyə imkanları əldə edirlər. Müsavat Ali Məclisinin keçmiş üzvü Tapdıq Abbas bu günlər mətbuata verdiyi açıqlamasında partiyanın icra aparatının rəhbəri Arif Hacıyevin Novxanıda dördmərtəbəli villa tikdirməsinə, 100 min dollar dəyərində xarici avtomaşın almasına təəccüblə yanaşdıqlarını bildirib. Onu da qeyd edib ki, 1993-cü ildən bu günə qədər heç bir yerdə işləməyən A.Hacıyevin 100 min dollarlar dəyərində əmlakın sahibi olmasından təəccübləri gizlədə bilmirlər.
Eyni ittihamlarla ALP sədri Əvəz Temirxan da AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov haqqında da söyləmişdir. lKAXCP" sədri Mirmahmud Fəttayev mətbuata verdiyi açıqlamasında bəzi müxalifət partiya sədrlərinin Avropanın bəzi dairələri ilə qarşılıqlı öhdəliklər əsasında əməkdaşlığa malik olduqlarını söyləmişdir. Bir qədər əvvəl isə Müsavat başqanı İ.Qəmbərov partiyanın Ali Məclisinin toplantısıda lMBH" lideri Lalə Hacıyevaya işarə ilə bildirmişdir ki, müxalifət düşərgəsində İrana və Rusiyaya işləyən şəxslər var. Məhz bu ittihamdan sonra müxalifət mətbuatında L.Hacıyeva lMadam" ləqəbli lKQB" agenti kimi təqdim olundu.
Bir sözlə, radikal müxalifətin xarici maraqlı qüvvələrlə iş birliyində olmasına dair kifayət qədər faktlar mövcuddur. Faktlar 7 noyabr parlament seçkiləri ərəfəsi daha qabarıq şəkildə özünü göstərməkdədir. Müsavat başqanı İ.Qəmbərov Almaniyaya səfəri çərçivəsində Ermənistan müxalifətinin lideri ilə görüşüb onunla əməkdaşlığa dair müqavilə imzalaması radikalların fəaliyyətlərinin əsas xəttini də Azərbaycana düşmən olan qüvvələrlə də əməkdaşlıq təşkil etdiyini ortaya qoydu. Məhz erməni müxalifəti ilə görüşdən sonra Müsavat başqanı İ.Qəmbərov Azərbaycanın qaysaq bağlamayan yarası olan Qarabağla bağlı ziddiyyətli fikirlər səsləndirdi. Eyni zamanda, İ.Qəmbərov oktyabrın 17-də lAXCP (i)-Müsavat" blokunun birgə mitinqinin keçiriləcəyini bəyan etdi.
İ.Qəmbərovun erməni müxalifətinin lideri ilə görüşdən sonra qeyd etdiyimiz fikirləri və bəyanatları səsləndirməsi onu üzərinə çox böyük öhdəliklər götürdüyünü deməyə əsas verir. Dünən Müsavat qərargahında keçirilən mətbuat konfransında İ.Qəmbərov və Ə.Kərimovun seçkilərin təbliğat-təşviqat kampaniyasının başlamadan öncə Seçki Məcəlləsinin tələblərinə zidd bəyanatlar səsləndirmələri də onların təhlükə yarada biləcək pozuculuq aktlarına hazırlaşdıqlarını nümayiş etdirdilər. Ancaq bir məsələni qeyd etmək yerinə düşər ki, radikal müxalifətin üzərinə hansı öhdəliklər götürüb, hansı pozuculuq aktlarını keçirməyə hazırlaşmalarına baxmayaraq, bu cür əməllərin qarşısı asayiş keşikçiləri tərəfindən qətiyyətlə alınacaq. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmdir və hər hansı bir qüvvə bu sabitliyi pozmaq gücünə malik deyil.