Müxalifət reketçiliyə başlayıb
Zaman-zaman hazırkı müxalifət liderlərinin yeniləşməsinə ehtiyacın olması barədə, fikirlər səslənib, təkliflər, ideyalar irəli sürülüb. Çünki siyasi proseslərə qatıldıqları 20 il ərzində təfəkkürlərində və düşüncələrində heç bir müasirliyə nail ola bilməyən radikal müxalifət bu vəziyyəti aradan qaldırmaq haqqında belə düşünməyib.
Qanlarına hopmuş meydan təfəkkürü və daim kiminsə təsiri altında olmaq düşüncəsi onları öz üzərlərində işləməklə müasir dövrün tələblərinə uyğunlaşmaqdan çəkindirib. Məhz buna görə də, heç zaman Azərbaycan siyasi səhnəsində təmsil olunan partiya sədrləri ciddi şəxslər kimi qəbul olunmayıblar. Sosial bazalarının olmaması, seçkilərdə məğlubiyyət, əqidə dostlarının onlardan imtina etməsi, partiyaların parçalanması və digər məsələlər radikalların idarəetmədə zəif, təşkilatçılıqda qeyri-peşəkar olmalarından irəli gəlir. Xarici maraqlı qüvvələrin müxalifət düşərgəsində hökm sürən qeyri-müəyyənliyi aradan qaldırmaq cəhdləri də nəticə verməyib. Pul gücünə problemi həll etmək istəkləri, tələb və təkidləri də iflasa uğrayıb. Bu belə olub və bundan sonra da belə olacaq. Yalnız müxalifətin müasirləşməsi, köhnə təfəkkürlü partiya sədrlərinin yeniləri ilə əvəz olunması müxalifət deyilən anlayışa ictimai fikrin dəyişməsinə yol aça bilər. Amma "Böyük Quruluş Partiyası"nın sədri Fazil Qəzənfəroğlunun dediyi kimi bəzi müxalif partiya sədrləri müxalifətdə uzun illər qalmaları ilə fəxr edirlər. F.Qəzənfəroğlu bu cür xəstə təfəkkürlü partiya sədrlərinə "Əməkdar müxalifətçi" adının verilməsinə ehtiyac da olduğunu qeyd edir.
Bütün bunlara əsaslanaraq, demək olar ki, hazırkı radikal müxalifət, çətin ki, yeniləşməyə meyil göstərsin. Bütün seçkilərdə olduğu kimi, müxalifət noyabrın 7-də keçiriləcək parlament seçkiləri ərifəsi də birləşməyə, bir olmağa cəhdələr göstərdi. Hətta bununla bağlı gündə bir partiyanın qərargahında yığıncaqlar da keçirdilər. Amma hər dəfə olduğu kimi, bu dəfə də birinci partiya, aparıcı lider olmaq iddiaları ümumi müxalifətin birliyini yaratmaq eyforiyasının xülyaya çevrilməsinə səbəb oldu. Nəticədə, iki, üç partiya bir araya gələrək müxtəlif adlarda bloklar yaratdılar.
Diqqətçəkən məqam ondan ibarətdi ki, müxalifət düşərgəsini təmsil edən 10-a yaxın seçki blokunun əksəriyyəti insanları şantaj etmək, şər, böhtan səsləndirməklə məşğuldur. Bəzən isə müxalifətin üzdəniraq ünsürləri reketçilik edir, beynəlxalq təşkilatlara Azərbaycan əleyhinə "donos"lar göndərirlər. İki gün öncə isə, AXCP (i) sədri Əli Kərimov və Müsavat seçki qərargahının katibi Gülağa Aslanlı ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin qulluğunda olaraq, ağıllarına deyil, ağızlarına gələni danışıblar. Cəmi 450 imzanı toplaya bilməyən, sivil seçki mübarizəsinin nə olduğunu dərk edə bilməyən Ə.Kərimov "Azadlıq" qəzetinin reket müxbirləri sayağı siyasi reketçilik mədəniyyətsizliyini ortaya qoyub. Deyilənə görə, müvvəqəti işlər vəkili də, Azərbaycan əleyhinə bəh-bəhlə şər, böhtan səsləndirdiyinə görə, Ə.Kərimova bir "malades" deyib. Onu da deyib ki, "gedin sizlərlə şəxsən özüm məşğul olacağam". Bizə isə, onu demək qalır ki, siyasətdə olmaq abır-həyanı itirmək, əxlaqını qəpik-quruşa satmaq demək deyil.