Siyasi aqoniyanın təzahürü
Parlament seçkiləri ərəfəsində "qara piar"ı intensivləşdirən radikal düşərgə yenə ənənəvi ampluasındadır. Hər şeyi qara rəngdə təsvir etməyə adət edən radikallar parlament seçkiləri kampaniyasının gedişatı ilə bağlı qərəzli, reallıqdan uzaq, həqiqətə uyğun olmayan bəyanatlar səsləndirməkdə davam edirlər. Belə görünür ki, onları seçkilərdə iştirakdan, bu prosesdə müəyyən uğur qazanmaqdan daha çox seçki kampaniyasını mümkün qədər gözdən salmaq maraqlandırır. Bu baxımdan, özlərini qələbəyə iddialı seçki bloku kimi təqdim edən "AXCP (i)-Müsavat" cütlüyünün xüsusi canfəşanlığı diqqətdən yayınmır. Aydın görünür ki, onlar bütün mümkün vasitələrlə ictimaiyyətdə parlament seçkilərini gedişatı barədə mənfi rəy formalaşdırmağa səy göstərirlər.
Prinsip etibarı ilə, radikalların yenidən mənfi ovqat üzərində köklənməsi, destruktiv fəaliyyət taktikasına üstünlük verməsi heç də təsadüfi deyil. Səsləndirdikləri iddialı bəyanatlara baxmayaraq, "AXCP (i)-Müsavat" blokunun seçkidə qismən, nisbi uğur qazanmaq şansının belə çox aşağı olduğu bəllidir. Bu, radikalların uzun illər ərzində iqtidara qarşı qərəzli şəkildə həyata keçirdikləri, nəticədə bumeranq effekti ilə onların özlərinə qarşı yönələn əks-təbliğatın nəticəsidir. Dünyanın bütün sivil, demokratik ölkələrində olduğu kimi, Azərbaycanda da seçicilər bu məsələdə böyük həssaslıq, diqqətlilik nümayiş etdirir, seçki prosesinə obyektiv, konstruktiv münasibət bəsləyən namizədlərə üstünlük verirlər. "Qara piar"la, başqalarını gözdən salmaqla seçicilərin səsini qazanmaq istəyənlər isə istənilən halda uğursuzluğa, müvəffəqiyyətsizliyə düçar olurlar. Başqa sözlə, təblğatını digərlərini gözdən salmaq, mənfi, neqativ emosiyalar üzərində kökləyən hər hansı namizəd bununla, əslində, öz gücsüzlüyünü, zəifliyini sübut edir.
"AXCP (i)-Müsavat" blokunun təsir dairəsində olan "Azadlıq", "Yeni Müsavat", "Bizim yol" və bu kimi digər qəzetlərdə seçki prosesi ilə bağlı gedən qeyri-ciddi, dezinformasiya xarakterli yazıları izlədikdə, aydın görünür ki, bu seçki qruplaşmasının təmsilçiləri müvafiq dairələrdə heç də seçki kampaniyası ilə deyil, təxribatla məşğul olurlar. İmzatoplama kampaniyasının xeyli müddətdir ki, başlamasına baxmayaraq, onlar hər bir namizədin qeydə alınması üçün yetərli olan 450 imzanı belə toplayıb, başa çatdırmaqda çətinlik çəkirlər. Bu, o deməkdir ki, seçicilərin mütləq əksəriyyəti belələrini, nəinki millət vəkili, hətta deputatlığa namizəd kimi belə görmək istəmirlər. Aydındır ki, bu gün 450 imzanı toplamaqda çətinlik çəkənlər son nəticədə seçicilərin heç 1 faizinin belə səsini qazana bilməyəcəklər. Ən qəribə və paradoksal məqamlardan biri budur ki, radikal düşərgənin namizədləri indi imzatoplamanı başa çatdırıb, təbliğat-təşviqat kampaniyasına hazırlaşmaq əvəzinə, başqalarının imzalarını saymaqla məşğuldurlar.
Həm AXCP (i), həm də Müsavat mənsubları siyasi müstəvidə çıxılmaz vəziyyətə düşəndə, bir qayda olaraq, iqtidara iftira, böhtan yağdırmaqla, milli maraqlara xəyanət etməklə özlərini sığortalamağa çalışırlar. Əslində, vaxtilə 9 xarici ölkənin razılığını almaqla hakimiyyətə gələn və 1 il ərzində ölkəni faciəyə sürükləyən, dağılmaq həddinə çatdıran AXC-Müsavat cütlüyündən, İsa Qəmbərov, Əli Kərimov kimilərindən başqa heç nə gözləmək mümkün deyil. Belələri öz cılız iddialarını təmin etmək xatirinə, hətta işğalçı Ermənistanla belə iş birliyinə getməyə hazır olduqlarını dəfələrlə sübut ediblər.
Bu mənada, Ə.Kərimovun adının erməni mediasında Dağlıq Qarabağ məsələsinin həllində ermənilərə böyük güzəştə hazır olan müxalifət təmsilçisi kimi hallandırılması heç də təsadüfi deyil. Əslində, o, bu ada - xəyanətkar tituluna layiq olduğunu Eynulla Fətullayev, Ruslan Bəşirli, Səid Nuriyev kimi sazişçi, mövqesiz şəxsləri ciddi-cəhdlə himayə və müdafiə etməklə isbat edib. Parlament seçkiləri ərəfəsində mxütəlif beynəlxalq qurumların təmsilçiləri ilə görüşərək, məqsədli şəkildə Azərbacyanda seçki kampaniyasının gedişi barədə qərəzli, təhrif olunmuş məlumatlar səsləndirən bu şəxs bununla sadəlövhcəsinə Azərbaycan hakmiyyəti haqqında mənfi rəy formalaşdıra biləcəyini güman edir. Lakin "AXCP (i)-Müsavat" cütlüyünün siyasi mətbəxində baş verənlər belələrinin gerçək simasını bir daha üzə çıxarır. Mirzə Sakitin, Sakit Allahverdiyevin, Sərdar Cəlaloğlunun etiraflarına rəğmən, radikal düşərgədə, əslində, dözülməz, despotik mühitin mövcudluğu heç kəsə sirr deyil. Bütün bunlara rəğmən, Ə.Kərimovun müxalif həmkarlarına münasibəti də çox da fərqli deyil. Müxtəlif vədlərlə ətrafına topladığı bir qrup şəxsə o, qrant qazanmaq, öz korporativ maraqlarını təmin etmək üçün bir vasitə kimi baxır.
Fikir verin. Bu şəxslər adi imzatoplama kampaniyasını düz-əməlli həyata keçirə bilmədikləri halda heç bir səbəb olmadan seçki prosesində total qanunsuzluqların baş verdiyini iddia edirlər. Əslində, bu, radikalların seçicilərin laqeyd münasibəti ilə üzləşdiyini təsdiqləyir. Bəllidir ki, Ə.Kərimov, İ.Qəmbərov kimi şəxslərə imza vermək, onları namizəd kimi görmək istəməyən seçicilər belələrini millət vəkili kimi, ümumiyyətlə, təsəvvür belə etmirlər. Radikal düşərgənin təmsilçiləri də bunu çox gözəl anlayırlar. Onlar çox yaxşı başa düşürlər ki, bu gedişlə seçkidə böyük məğlubiyyətləri qaçılmazdır. Bu səbəbdən, qərəzli şəkildə seçki kampaniyasının gedişatına qara yaxmaqla məşğuldurlar. İstisna deyil ki, onların bu addımı müxalifətin donorları sayılan xarici təzyiq qruplarının istəyi əsasında həyata keçirilir. Müxalif qəzetlərdə "qara piar"ın əndazəni aşması, şər-şəbədənin xüsusi yer tutması məhz belə düşünməyə əsas verir.
Bütün bunlar, ümumilikdə, AXCP (i)-Müsavat çevrəsində yaşanan siyasi aqoniyanın təzahürüdür. Artıq seçki ilə bağlı illüziyadan ayılan radikallar növbəti dəfə uğursuzluğa düçar olduqlarını dərk edirlər. Belə şəraitdə kin, küdurət, qərəz nümayiş etdirmək isə onların obyektivlik hissindən və siyasi mədəniyyətdən tam uzaq olduqlarını göstərir.