Əli Kərimov Mirzə Sakitə çatası 10 min avronu mənimsəyib
Son 10 ildə AXCP (i)-ni tərk edənlərin məhz bu qurumun sədri Əli Kərimovdan narazı qalması və onun fəaliyyətini açıq şəkildə tənqid etməsi diqqətdən yayınmır. Əslində, bütün bunların səbəbkarı məhz Ə.Kərimovun özüdür. Onun AXCP (i) daxilində despotik, manipulyativ rəftarı, ətrafında olanlara səmimiyyətdən uzaq, qeyri-ciddi münasibəti burada əksəriyyəti ondan uzaqlaşdırıb, incik salıb. İş o yerə çatıb ki, Ə.Kərimovu canıyananlıqla müdafiə edən Mirzə Sakit kimi şəxslər belə, bu gün onu riyakarlıqda, saxtakarlıqda, xəyanətdə ittiham edirlər.
Hər zaman aldadaraq AXCP (i)-yə cəlb etdiyi şəxslərin problemlərindən öz xeyrinə yararlanmağa çalışan Ə.Kərimov Ruslan Bəşirli, Səid Nuriyev, Aqil Xəlil kimi çoxlarını bədbəxt edib. Həmin şəxslər vaxtilə "Yurd"un rəhbərinin ən yaxın tərəfdaşlarından sayılırdılar. Bəlli olduğu kimi, vaxtilə 2000 dollar müqabilində erməni kəşfiyyatının toruna düşən bu şəxslər hakimiyyətə gələcəkləri təqdirdə Qarabağ məsələsini konyak içə-içə, şokolad yeyə-yeyə həll edəcəklərini vəd etmişdilər. Bu səbəbdən, erməni mediasının bu gün Ə.Kərimovun ermənipərəst dairələrlə separat danışıqlara gedərək, hakimiyyətə gələcəyi təqdirdə Qarabağ məsələsində böyük güzəştlərə getməyə hazır olması barədə geniş məlumatlar yayması heç də təsadüfi deyil. Doğrudur, o, bütün bunları uğursuz şəkildə təkzib etməyə çalışır. Lakin keçmiş dostları Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Sakit Allahverdiyev və digərlərinin bu şəxsi aşkar şəkildə xəyanətkar adlandırmaları, müvafiq ittihamlarını konkret arqumentlərlə sübuta yetirmələri onun əsl simasını, daha doğrusu riyakarlığını, simasızlığını üzə çıxarır. Sözdə haqq-ədalətdən dəm vuran Ə.Kərimovun əslində öz şəxsi, maddi, korporativ maraqlarını təmin etmək üçün Mirzə Sakit kimi ona inanan adamlardan sui-istifadə etməyə çalışması, onları qərəzli fikirlər səsləndirməyə, təhqir, böhtan xarakterli ifadələr işlətməyə, cinayət xatarakterli əməllər törədərək həbsxanaya düşməyə vadar etməsi deyilənləri əyani şəkildə təsdiqləyir.
Mirzə Sakitin "axar.az" saytına verdiyi geniş müsahibədə səsləndirdiyi faktlardan bəlli olur ki, o və onun kimi bir neçə nəfər Ə.Kərimov tərəfindən "siyasi məhbus" oyunu ilə, xarici donorlardan qrant almaq məqsəd ilə istifadə olunan alətə çevrilib. Amma onların əksəriyyəti təəssüf ki, bunu əvvəlcədən başa düşməyiblər. Həqiqəti bildikləri, anladıqları zaman isə çox gec olub. Başqa sözlə, Mirzə Sakitin söylədikləri bir daha sübut edir ki, onun kimi şəxslər Ə.Kərimova yalnız maddi-korporativ maraqlarının gerçəkləşməsi, qrant əldə etmək üçün lazımdır: "Görünür, xarici təşkilatlardan qrant alıb yeməkdən ötrü qəzet rəhbərliyinə mənim həbsdə qalmağım daha çox sərf edirmiş. Çünki həbsdən azad olunandan sonra məni işdən uzaqlaşdırdılar. Sənəd gərək olan da isə bəlli oldu ki, heç mən bu qəzetin işçisi olmamışam".
Göründüyü kimi, Ə.Kərimov və "Azadlıq" qəzetinin rəhbərliyi burada öz əməkdaşlarının əmək hüququnu, eləcə də əmək qanunvericiliyini aşkar şəkildə pozublar. Onlar əvvəlcə qəzetin əməkdaşı adlandırıb təmənnalı şəkildə "müdafiə" etdikləri şəxsə sonradan bir işçi kimi adi arayış belə vermək istəməyiblər. Mirzə Sakitin yazılarına isə bu qəzetdə, birmənalı olaraq, embarqo qoyulub. Bir sözlə, məqsədli şəkildə "siyasi məhbus" adlandırılaraq qrant mənbəyi missiyasını yerinə yetirdikdən sonra o, daha Ə.Kərimova lazım olmayıb.
Diqqəti çəkən odur ki, Mirzə Sakit "Azadlıq" qəzetində işdən uzaqlaşdırılmasını və bununla bağlı yaşantılarını Ə.Kərimovun timsalında müxalifətin ədalətsizliyi ilə əlaqələndirir: "Bu müxalifətin ədalətsizliyidir. Müxalifət rəhbərliyinin "dillənmə", "səsini çıxarma", "öz içimizdə qalsın", "aha bu iqtidardı, bunu qışqıra-qışqıra demək gərəkdi" yanaşması çox rəzil və rüsvayedicidir. Bu riyakarlıqdır, buna haqq mübarizəsi və ümumiyyətlə, mübarizə demək mümkün deyil". Fikrimizcə, burada əlavə şərhə ehtiyac duyulmur. Ə.Kərimov və radikal müxalifət haqqında belə sərt ifadələri işlədən şəxs AXCP (i)-nin ən sadiq fəallarından sayılır və o, bu fikirləri çox ciddi, tutarlı faktlarla əsaslandırır. Onun söylədiklərindən o da bəlli olur ki, Ə.Kərimov özünə yaxın saydığı bir neçə nəfərlə birlikdə "Azadlıq" qəzetinə, eləcə də sədri olduğu partiyaya ayrılan maliyyə vəsaitini şəxsi məqsədləri üçün istifadə edir. AXCP (i)-də və "Azadlıq" qəzetində çalışan sıravi işçilər isə iş yerlərini itirməyə qorxduqlarından bütün bunlara etiraz edə bilmir, Ə.Kərimovun diqtəsi ilə hazırlanan "qara piar"ı həyata keçirir, şər-şəbədə yazmaqla məşğul olurlar. Bu şəxslərin bir çoxunun siyasi düşüncəsi həddən artıq bəsit, diletant səviyyəsində olduğundan onlar Ə.Kərimov kimilərinin toruna asanlıqla düşürlər. Burada istər fəal cəbhəçilərin, istərsə də qəzet əməkdaşlarının vəziyyəti olduqca acınacaqlıdır: "Mən haqsızlığa müxalifəm. "Azadlıq" qəzetinin rəhbərliyi elə bir şərait yaradıb ki, bir-iki nəfəri çıxmaq şərtilə işçilər maaşlarının kəsiləcəyindən və iş yerini itirəcəyindən qorxub səsini çıxarmır. Budurmu demokratiya?"
Deyilənlərdən o da aydın olur ki, Ə.Kərimov son bir il ərzində qəzetə ayrılan 100 min manatdan çox vəsaiti mənimsəyib: "Son bir ildə izləmişəm, üst-üstə "Azadlıq" qəzetinə 100 mindən çox pul gəlib. Gerd Butserius Fondunun "Şərqi Avropada azad mətbuat" pul mükafatı, KİV-ə Dəstək fondu, prezidentin yardımyla birgə bu qədər məbləğin üstünə qəzet satışından da əldə edilən gəliri gələk. Hanı bu qədər pul? Hara axır? Qəzetin gəliri şəffaf olmadığından və şəffaflığa nəzarət mexanizmi olmadığından bu pulları işçilər görmür".
Qəzetin antisanitariya şəraitində fəaliyyət göstərməsi "Azadlığ"a ayrılan vəsaitin Ə.Kərimovun və onun ətrafında olan bir-iki nəfərin cibinə axdığını təsdiqləyir: "Təsəvvür edin ki, ölkədə heç bir qəzetin redaksiyası "Azadlıq"ın redaksiyasıqədər çirkli və antisanitar vəziyyətdə deyil. "Bizim Yol", "Yeni Musavat" qəzetləri də artıq təmirli, hər cür şəraiti olan redaksiyalarda fəaliyyət göstərir. "Azadlıq"ın rəhbərliyi redaksiyada siçovulların, tarakanların işçilərin əl-ayağına dolaşmasına adi baxırlar. Hətta bu redaksiyanın adicə tualeti də yoxdur. Qapını açanda zibil vedrəsindən daşan zibil üstünə gəlir. Çünki bu qədər gəlirlə 10 manatlıq zibil vedrəsini alıb redaksiyaya qoymurlar. Adicə kauçuk, ağzıaçıq su vedrəsindən zibil qabı kimi istifadə olunur".
Burada Mirzə Sakitin Ə.Kərimovu və Azər Əhmədovu ona çatası 10 min avronu fırıldaqla mənimsəməkdə günahlandırması da diqqətdən yayınmır. Bu mənada, Ə.Kərimov kimilərinin 5-10 min "irəli" düşməkdən ötrü həbsxanada olan bir şəxsin cibinə girməkdən belə çəkinmədikləri aydın görünür: "Azadlıq" qəzetinə Gerd Butserius Fondunun "Şərqi Avropada azad mətbuat" pul mükafatı veriləndə mən həbsdə idim. Təşkilatın əməkdaşları bizim evdə olublar və o zaman bu mükafatın 10 min avrosunun mənə verildiyini bildiriblər. Telefon danışığı zamanı AXCP-nın sədri Əli Kərimli də mənə dedi ki, Norveçin verdiyi mükafatın on mini sənindir. Lakin sonralar Əli bəy bu sözünü dandı və dedi ki, mən bu pulu deməmişəm, başqa mükafatdan danışırdım. Amma nədənsə Əli Kərimli bu günə qədər söhbətin hansı puldan və mükafatdan getdiyini mənə deməyib. O zaman bu pulu cibinə basmaq istəyənlər öz adlarını mənə qoyub aləmə car çəkdilər ki, Mirzə Sakit pula göz dikib. Məni tanıyanlar yaxşı bilir, mən pulgir adam deyiləm. Əgər pulgir olsaydım mənə bu adı qoyanlar kimi min oyuna girərdim və milyonlar qazanardım".