Ölkədə seçkiqabağı mühitin olduqca demokratik olmasına baxmayaraq, uğursuzluğa düçar olacağını öncədən anlayan radikal müxalifət yenə də müxtəlif bəhanələrlə aranı qatmağa çalışır. Öz nəzarətlərində olan mətbu orqanlarda yalan və böhtan dolu yazılar verməklə xalqın hakimiyyətə inamını zəiflətmək, özlərini xilsakar rolunda göstərmək istəyirlər. Bu sahədə xüsusi canfəşanlıq edən qəzetlərdən biri də "Azadlıq"dır.
Bu qəzetin səhifələrində absurd fikirlərə o qədər çox yer verilir ki, oxucu məəttəl qalır. Məsələn, qeyd olunur ki, seçkiöncəsi olduğundan ölkədə tikinti-quruculuq işlər aparılır, yeni iş yerləri açılır, maaş və pensiyalar artırılır və s.
Belə düşüncə ilə yanaşmaq normal təfəkkürə malik olmamaqdan irəli gəlir. Necə yəni, ölkədə seçki keçiriləcəksə bütün işlər dayanmalı, maaş və pensiya artmamalı, sosial və iqtisadi sahədə dövlət proqramları fəaliyyətini dondurmalıdırmı? Bu, necə məntiqdir. Cənablar, hər 5 ildə ölkədə 3 seçki keçirilir, o zaman bu 5 ilin 3 ili ölkədə iş dayansın və hökumət istirahətəmi getsin?
"Azadlıq"da yazılan uydurmalardan biri də ondan ibarətdir ki, guya YAP namizədləri üçün daha yaxşı şərait var, müxalifət namizədləri isə guya sıxışdırılırmış. Hətta təbliğat-təşviqat kampaniyası başlamamış YAP namizədlərinin seçicilər arasında təbliğat apardığı qeyd olunur. Gülməlidir.
Birincisi ona görə ki, vətəndaşlar, əslində, bəzi müxalifət namizədlərinin indidən təbliğata başladığını görür. "Yeni Müsavat" və "Azadlıq" qəzetlərini nəzərdən keçirmək, seçicilərə paylanmış namizəd buketlərinin kimlərə aid olduğuna diqqət yetirmək kifayətdir.
Bax, beləcə, "oğru elə bağırdı ki, doğrunun bağrı çatladı" misalı öz günahlarını başqasının boynuna yıxmaqla, guya cəmiyyəti çaşdıracaqlarını düşünürlər. YAP namizədlərinin çoxu hazırda müxtəlif sahələrdə məsul vəzifələrdə işləyir, əgər bu insanları nəzərdə tuturlarsa, bu da məntiqsiz yanaşmadır. Bu insanlar müəyyən vacib tədbirlərdə iştirak etməyə, ictimai vəzifələrini yerinə yetirməyə borcludurlar. İndi seçki olacaqsa, bu adamlar öz vəzifə borclarını yerinə yetirməsinlərmi?
"Müsavat-AXCP (i)" birliyi şousunun pərdəarxası
Siyasi müşahidəçilər müxalifət partiyalarının fəaliyyətlərini aktivləşdirməyə çalışmasının və Müsavatla AXCP (i)-nin yaxınlaşmasının xaricdən verilən sifariş olduğunu söyləyirlər. Bu sifarişin arxasında, əsasən, erməni lobbisinin durduğu bildirilir. Yəni, xarici güclər Azərbaycanın daxilindəki erməni əsilli müxalifətçilərin fəaliyyətindən istifadə edərək, istəyirlər ki, əhalinin diqqəti Qarabağa yönəlməsin. Bu qüvvələr daxili problemlər yaratmaqla hakimiyətin başını bu olaylarla qatmağa çalışırlar və planlı şəkildə erməni dəyirmanına su tökürlər.
Əksər politoloqlar da Azərbaycanın artan iqtisadi tempinin bu qüvvələri qorxutduğunu vurğulayaraq, müdafiə xərclərinin artmasından sonra ölkəmizdə siyasi böhran yaratmağa maraqlı olan qüvvələrin artdığını bildirirlər. Çox təəssüf ki, müxalifət də ermənilərin havasına oynayır. Bu, birmənalıdır və istənilən halda, bunu sübut etmək olar. Əslində, heç bunu sübut etməyə ehtiyac da yoxdur. Təkcə son günlərdə erməni mediasında Əli Kərimovun, eləcə də, digər müxalifət liderlərinin ermənilərlə əlaqələrinin, ümummilli məsələlərdə ermənilərin mövqelərindən çıxış etmələrini yada salmaq kifayət edər.
Qarşıdan gələn seçkilərdə təklikdə heç bir faiz səs yığa bilməyəcəyini görən Müsavat və AXCP (i) birgə fəaliyyətə qərara verdilər. AXCP (i)-nin qurultayında isə partiyanın Müsavata birləşməsi haqda qərar qəbul edildi. Lakin məlum olduğu kimi, "iki qoçun başı bir qazanda qaynamaz". O üzdən də bu partiyalar birləşəndə, lider məsələsi ciddi problem yaradacaq, çünki heç biri özünü 2-ci dərəcəli lider kimi görməkdən məmnun deyil.
Maraqlı orasıdır ki, indiyədək öz siyasi fəaliyyətini heç kimə güzəştə getmədən quran və yalnız öz ambisiyalarına uyğun işlərlə məşğul olan Əli bəy indi nədən bu mövqeyindən geri çəkilir? Bəlkə müxalifəti parçalamağın əks-effekt verdiyini və ya partiyasının və özünün siyasətdən silinməsi təhlükəsinin yaxında olduğunu anlayıb? Xeyr, bunların heç biri deyil. Məsələ bir az başqa cürdür.
"Mister Fiks"in yeni planı
Məsələ ondandır Əli bəy, hətta balaca bir qərargahı belə olmayan nüfuzsuz bir partiyanın sədri olmaq "şərəfindən" imtina etməyə məcbur olmazdan və ya həmin postdan qovulmazdan öncə son taktikasını gerçəkləşdirmək üzrədir. Burada bir sıra başqa məqamlar da var. Öncəliklə, artıq tamamilə siyasi iflasa düçar olan radikal liderlərin hamısı kimi Əli bəy də builki seçkidə özünün və partiyadaşlarının ən minimum səs faizi belə toplaya bilməyəcəyini gözəl anlayır.
O zaman özünü daha da rüsvay etməyə, seçkidən sonra, hətta siyasətdən danışmağa haqqını itirməyə nə hacət var? Axı seçkiyədək "bizim böyük elektoratımız var", "sosial bazamız böyükdür", "tərəfdarlarımız çoxdur" kimi sərsəmləmələr səsləndirən liderlərdən soruşacaqlar ki, bəs hamı sizin dedikləriniz? Bunu həm də beynəlxalq təşkilatlar və qrant verən qurumlar da soracaqlar. O zaman təkcə siyasi ölüm deyil, həm də mənəvi ölüm anı olacaq və bu adamlar siyasi səhnədən birdəfəlik və rüsvayçı şəkildə silinib, ən yeni siyasi tariximizin qara səhifələrində yaşayacaqlar.
Bunları Kərimov yaxşı bilir. Elə o səbəbdən də, yeganə çıxış yolu kimi, Müsavatın çətiri altına keçməyi seçib. Axı yarışda təkbaşına iştirak etməyənə necə demək olar ki. sən uduzmusan? Məsələnin məntiqi izahı və səbəbləri məhz bundadır. Bəs özünün seçkidə uduzacağını bilə-bilə namizədliyini irəli sürməsini necə anlamaq olar? Çox rahat bir məntiqlə. Əli bəy Müsavatı bu uğursuzluğuna, ona görə şərik etmək istəyir ki, sabah məğlubiyyətinin günahkarı olaraq məsuliyyəti bölüşsün.
Əslində, Əli bəy bu seçkidə məğlub olacağını gözəl bilir, sadəcə, bu seçki kampaniyasından istifadə edərək, özünə və partiyalarına müəyyən reytinq yığmağa çalışır. Çünki namizədlər üçün yaradılmış imkanlardan maksimum istifadə edərək, özünü təbliğ edəcək və ən azı bir ay televiziya və mətbuatın tribunasından çıxış edərək, gündəmdə qalmağa çalışacaq.
Doğulmazdan öncə ölən taktika
Öncə, planın incə məqamlarının toplaşdığı detallara nəzər salaq. Birləşmə planı Müsavatdan dəstəklənsə və analoji qərar qəbul olunsa, o zaman proseslər Əli bəyin xeyirinə cərəyan edə bilər. Birincisi, o, bu ideyanın müəllifi kimi əsas fiqur olaraq görünəcək, axı digər tərəf onun təklifini qəbul etmiş sayılacaq. İkincisi, yuxarıda qeyd etdiyimiz imkanlardan və Müsavatın resurslarından yararlanaraq, siyasi reytinqini artırmağa çalışacaq. Üçüncüsü, Əli Kərimovun strateji taktikasına görə, gələndəfəki seçkilərədək, artıq qoca siyasətçilər səhnədən getməyə məcbur olacaqlar və o özü vahid lider kimi meydanda qala bilər.
Lakin bu plan baş tutana oxşamır, çünki xalq bunların kim olduğunu gözəl bilir. Artıq cəmiyyətin müxalifəti qəbul etməməsinin də özəl səbəbləri var. Radikal müxalifət siyasi səhnədən getmək üzrədir və ortaya yeni- konstruktiv müxalifət çıxmaqdadır. Son vaxtlar bir neçə partiyanın radikal kursdan imtina etməsini misal göstərirlər. Yerdə qalan bir neçə partiya isə öz sosial bazasını tamamilə itirmiş və ciddi böhranla üz-üzə qalmış durumdadır.
Əlbəttə, hər hansı bir ölkədə radikal müxalifət də ola bilər. Amma bu müxalifət inkarçılıq üzərində, milli mənafelərə, dövlətçilik maraqlarına zidd fəaliyyət üzərində qurulan strategiyaya söykənməməlidr. Qərbdə də radikal müxalifət var, amma bu qüvvələr sivil müxalifət sayılır və qanunsuz yollardan istifadə etməklə hakimiyyəti ələ keçirməyə çalışmırlar. Amma bizdəki müxalifət əsasən hakimiyyət hərisi olan qüvvələrdən ibarətdir. Məhz bu hakimiyyət hərisliyi onları, hətta on minlərlə soydaşımızı qanına qəltan etmiş düşmənlə əməkdaşlığa sürükləyir.
Yadınıza 2003-cü ilin prezident seçkiləriqabağı yaranmış situasiyanı salmaq istəyirəm. Hadisələri qabaqlayaraq, deyim ki, həmin seçkidə qarşılarına, nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ keçirmək məqsədi qoymuş "Azadlıq" bloku rəhbərləri, hətta vətəndaş müharibəsinə getməkdən də çəkinmədilər. Nə yaxşı ki, xalq bunların felinə uymadı və dövlət təhlükəsizlik orqanları xüsusi təlimatlandırılmış radikal dəstələri zərərsizləşdirə bildi.
İndi Ermənistanda siyasi və iqtisadi durum böhranlı hala çatıb. Ölkə vətəndaş müharibəsinin ərəfəsindədir. Yerevan Qarabağ danışıqlarında da dalana dirənib və ciddi beynəlxalq təzyiqə məruz qalır. Son vaxtlar Prezidentin Qarabağ məsələsi ilə bağlı kəskin çıxışlar etməsi ermənilərlə yanaşı, artıq bəzi xarici qüvvələrdə narahatlıq yaradıb. Bu üzdən də Azərbaycanda daxili siyasi durumun gərginləşməsinə hər cür yardım edirlər. Radikallara Ermənistandan verilən dəstək də bunun bir nümunəsidir.
Beləliklə, Əli bəy (eləcə də, digər radikal liderlər) öhdəliyə əməl edərək, ölkədə siyasi situasiyanı mümkün qədər gərginləşdirməyə, beynəlxalq aləmdə ölkəmizi antidemokratik ölkə kimi qələmə verməyə, cəmiyyətdə qarşıdurma və çaxnaşmalar yaratmağa cəhd edirlər. Onların erməni dostları isə bu tendensiyaya Qarabağda atəşkəsi pozmaqla və mövqelərimizə hücum etməklə dəstək verirlər.
Buna baxmayaraq, xalqdan dəstək almayan qüvvələr istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı öz taleyini ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına və onun lideri Prezident İlham Əliyevə etibar edir.