Əli Kərimov ermənilərlə iş birliyi qurub AXCP (i) sədri Dağlıq Qarabağ məsələsində düşmənə güzəştə getməyin tərəfdarıdır
Azərbaycan ictimaiyyəti dəfələrlə radikal müxalifətin ölkəmizin milli maraqlarının əleyhinə olaraq atmış olduğu addımların şahidi olub. Məhz bu gün də müxalifət qüvvələrinin ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsindən sui-istifadə etdiyini bütün cəmiyyətimiz görür. Eyni zamanda, müxalifətin öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün dəfələrlə məhz antiazərbaycan meyilli qüvvələrdən bu məsələyə görə müəyyən qarant və göstərişlər aldığı danılmaz faktdır. Bütün bunlarla yanaşı, ayrı-ayrı vaxtlarda müxalifət liderləri müxtəlif vaxtlarda erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun da Azərbaycan cəmiyyəti şahidi olub.
Məhz daha sıx şəkildə erməni lobbisi ilə yaxın təmasda olan radikal müxalifət başçıları onlardan almış olduqları maliyyə yardımları müqabilində bir sıra göstərişləri də yerinə yetirmək üçün, təbiidir ki, müəyyən öhdəliklər də götürüblər. Bu baxımdan da, artıq etiraf olunası bir fakt da ortalıqdadır ki, erməni lobbisinin maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavat və AXCP (i)-nin qəhrəmanlarına çevriliblər. Çünki istər Müsavat partiyası yetkililəri, istərsə də, AXCP (i) üzvləri bu və ya digər formada çıxışlarında düşmən ölkənin dəyirmanına su tökürlər. Bu da onların hansı xislətə və niyyətə malik olduqlarını daha qabarıq formada cəmiyyətə nümayiş etdirir. Amma bütün bunlarla kifayətlənməyən müxalifətçilər öz mətbuat orqanlarında ermənilərin dövlətimizə qarşı irəli sürdüyü iddiaları geniş işıqlandırmaqdadır.
Əldə olunan faktlar və atılan addımların müqabilində yaranmış mənzərədən aydın olur ki, AXCP (i) sədri Əli Kərimov Qərb dairələri ilə yaxından təmas qurmaq və dəstək almaq üçün ciddi-cəhdlə çalışır. Məlumatlara görə, o, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində ciddi vədlər də verib. Həmin dairələrin Azərbaycanda maraqlarının təmin olunacağını vəd edən AXCP (i) sədri Ə.Kərimov Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb. Tək bu faktdan bir daha aydın olur ki, AXCP (i) sədri öz maraqları naminə milli və dövləti maraqları belə qurban verməyə hazırdır. Bu da bütövlükdə cəmiyyətimiz tərəfindən böyük qınaq obyektinə çevrilib. Çünki xəyanətkar və satqın qüvvələrin cəmiyyət sırasında yeri yoxdur. Müxalifətçilik adı altında ancaq şəxsi maraqlarını güdən və bunun üçün dövləti maraqları belə zərbə altında qoymağa hazır olan Ə.Kərimov düşmən qüvvələrlə əməkdaşlıqdan əldə etmiş olduğu vəsaitlər müqabilində daha hansı öhdəliklər götürüb, AXCP (i) sədri Ə.Kərimov üçün mənəvi keyfiyyətlərin belə itməsi onun erməni lobbisi ilə açıq "iş" mübadiləsi aparmasına özünün böyük təsirini göstərib. Dəfələrlə antiazərbaycan meyilli qüvvələrlə qarşılıqlı əməkdaşlıq müqabilində müəyyən göstərişlər və vədlər alan Ə.Kərimov şəxsi prinsipləri üçün istənilən addımı atmağa hazır olduğunu da bəyan edib. Bu isə müxalifət düşərgəsində təmsil olunan qüvvələrin milli maraqlarımızı hər an zərbə altında qoymağa hazır olduğunu açıq şəkildə isbatlamış olur.