PDF Oxu

Müxalifət

  • 18

"İlkin şərtsiz" birləşmə...

"İlkin şərtsiz" birləşmə...
AXCP (i)-nin ötən şənbə keçirilən qurultayında baş verənlər bu radikal təşkilat daxilində dərin böhranın yaşandığını bilavasitə təsdiqləyir. Partiyanın hər hansı ilkin şərt irəli sürmədən Müsavatla birləşməyə qərar verməsi bunun əyani təzahürüdür. Doğrudur, burada müvafiq təşəbbüs məhz Müsavat partiyası tərəfindən ortaya atılıb. Belə ki, bu iki müxalif partiyanın birləşməsi ideyası Müsavat başqanlığından gedəcəyini bəyan edən İsa Qəmbərova məxsusdur. Lakin uzun müddət Müsavatla münasibətləri çox soyuq olan AXCP (i)-nin parlament seçkiləri ərəfəsində birləşmə ilə bağlı tələsik "müsbət" qərar verməsi bir qədər qəribə və müəmmalı görünür. AXCP (i)-nin sədri Əli Kərimovun İ.Qəmbərovun qarşısında ardıcıl olaraq, geri çəkilməsi bununla bağlı şübhələri və fərqli mülahizələri daha da artırır.
Burada diqqəti çəkən odur ki, əvvəlcə iki partiyanın vahid namizədlər siyahısında yerlərin çoxunu - üçdə ikisini Müsavata güzəştə gedən AXCP (i) indi də heç bir şərt irəli sürmədən radikal düşərgədəki barışmaz rəqibi ilə birləşməyə qərar verir. Bu isə iki fərqli səbəbdən baş verə bilər. Burada ən çox ehtimal edilən və əsaslandırılan məqam Ə.Kərimovun başqanlıq iddiası ilə şəxsi-korporativ maraqlarını önə çəkərək, sədri olduğu partiyanı Müsavata qurban vermək qərarına gəlməsidir. Digər tərəfdən, bu, onu göstərir ki, hazırda AXCP (i) həqiqətən mürəkkəb və çıxılmaz durumdadır. Bu səbəbdən, müvafiq qurumun nə Ə.Kərimovun fərdi iddialarını cilovlamağa gücü, nə də birləşmədən imtina etməyə yetərli potensialı qalmayıb.
Əslində, Müsavatın vəziyyəti müqayisədə heç də ürəkaçan deyil. AXCP (i)-ni müxtəlif vasitələrlə zəiflətməyə çalışan Müsavatın sıraları son illər ərzində həddən artıq seyrəlib. AXCP (i)-dən fərqli olaraq, bu təşkilatın rəhbərliyi açıq qalmaqallardan yayınmağa qismən müvəffəq olsa da, narazı çoxluğun Müsavatı tərk etməsinin qarşısını ala bilməyib. İş o yerə çatıb ki, bu təşkilat 150-200 adamı bir yerə yığıb kiçik bir mitinq belə keçirə bilmir. Belə vəziyyətdə Müsavat vaxtilə bütün vasitələrlə sıradan çıxarmağa çalışdığı AXCP (i)-ni indi zorən müttəfiq kimi qəbul etməyə məhkumdur.
Müxalifət düşərgəsində birincilik uğrunda barışmaz rəqabət aparan bu iki partiyanın birləşərək tənəzzüldən xilas olmaq cəhdini radikalların son ümidi kimi də dəyərləndirmək mümkündür. Hər iki partiyanın elektoratının həddən artıq seyrəldiyini nəzərə aldıqda, bu zəiflərin "güc toplamaq" niyyəti ilə bir araya gəlməsi kimi də qiymətləndirilə bilər. Lakin niyyətləri, maraqları tez-tez toqquşan bu iki təşkilatın birləşərək eyni partiyanın çətiri altında cəmlənməsi qeyri-mümkün görünür. Bu nominal birləşmə baş tutsa belə, müxalifət düşərgəsində nə kəmiyyət, nə də keyfiyyət baxımından heç nə dəyişməyəcək. Əksinə, radikalların bu süni birliyi müxalifət düşərgəsində narazılıqları və ikitirəliyi daha da artıracaq. Çünki burada AXCP (i)-Müsavat cütlüyünü qəbul etməyən siyasi qurumların sayı kifayət qədərdir. ADP, AMİP, "KXCP", BQP, BAXCP, VHP, Ədalət, Vəhdət burada tamamlanmayan böyük nominal siyahını ifadə edir. Adıçəkilən partiyaların heç biri zorən müttəfiqə çevrilən bu cütlüyü ciddi rəqib kimi qəbul etmir. Xüsusən, "KXCP", BQP, BAXCP mənsubları həm Müsavatı, həm AXCP (i)-ni hədəf götürərək hər iki partiyada birləşmə şousundan narazı olanları öz çevrələrinə cəlb etməyə çalışırlar.
Düşərgə daxilində belə birləşmə şoularının adətən növbəti parçalanmalara yol açdığını nəzərə alsaq, "AXCP (i)-Müsavat" birliyinin də bənzər aqibətlə üzləşməsi istisna deyil. Xatırladaq ki, vaxtilə AXCP-nin parçalanmış qanadlarını birləşdirmək üçün göstərilən səylər eyni ada iddia edən 4-5 təşkilatın meydana çıxması ilə nəticələnmişdi. Bu mənada, AXCP (i)-Müsavat cütlüyünün vahid partiya kimi birləşmək səyləri həm Müsavat, həm də AXCP (i) üçün arzuolunmaz sonluqla başa çata bilər. Əgər bu partiyalardan hər hansı biri növbəti bölünmə, parçalanma ilə üzləşərsə, onda nə Müsavatdan, nə də AXCP (i)-dən əsər-əlamət qalmayacaq. Hər iki partiyanın sosial bazası tam tükəndiyindən, bu, qaçılmaz sonluq kimi görünür.

Digər xəbərlər