PDF Oxu

Müxalifət

  • 15

AXCP (i) və Müsavatın bir ad altında birləşməsi qeyri-mümkündür

AXCP (i) və Müsavatın bir ad altında birləşməsi qeyri-mümkündür
Son günlər radikal müxalifət düşərgəsində diqqətçəkən olaylar baş verməkdədir. Daxili ziddiyyətlər məngənəsində sıxılan radikal müxalifət düşərgəsində sonun başlanğıcının məhz qeyri-normal proseslərlə müşahidə olunması artıq təbii bir hal olub. Ona görə də, bu gün düşərgədə olanlara və olacaqlara görə, heç kəs özünü sorumlu bilmir. Çünki düşüncəsizlik və məntiqsizlik sindromundan hələ də qurtula bilməyən radikal müxalifət yetkililəri hər şeyə cəngəllik təfəkkürü ilə yanaşırlar. Bu baxımdan da, payızda keçiriləcək parlament seçkilərində yenidən özünü göstərmək niyyətində olan müxalifət partiyalarında baş verən anormal proseslər onları daha kritik bir vəziyyətə salıb.
Yaranmış situasiyadan öz maraqları naminə istifadə etməkdə israrlı görünən düşərgə təmsilçiləri, məhz bu prosesə qatılmaqla müəyyən donor təşkilatlardan vəsait qoparmağı planlaşdırıblar. Reallıqda isə onların özləri də bilir ki, hansı gücə və imkanlara malikdirlər. 20 ilə yaxındır ki, heç bir sferada müsbət imic yarada bilməyən radikal müxalifət üçün belə məqamda seçkilərə qatılmaq daha yeni sürprizlər yaratmış olub. Bu baxımdan da, düşərgənin həyatında baş verən son olayaları sadalamaq hər şeyə tam aydınlıq gətirmiş olur. Amma nədənsə, həmişə olduğu kimi, bu dəfə də, radikal düşərgədə özlərini hamıdan ağıllı göstərmək niyyətində olan AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov diqqət mərkəzində olmaq üçün dəridən-qabıqdan çıxır.
Sentyabrın 25-də AXCP (i)-nin aylardır, illərdir təxirə salınan və sonradan müəyyən donor təşkilatların maliyyə yardımı ilə biabırçı bir vəziyyətdə reallığa çevrilən qurultayında da, müxalifətin siması bir daha açıq şəkildə nümayiş etdirildi. Partiyasının qurultayında ağız dolusu boş sözlərdən istifadə etməklə pafoslu nitqlər söyləyən AXCP (i) sədri Ə.Kərimov özünün və partiyasının aqibətinin olduqca kritik olduğunu, dolayı yolla da olsa, etiraf etmiş olub. Müsavat partiyası ilə AXCP (i)-ni birləşdirib bir partiya yaradılmasını təklif edən Ə.Kərimov, əslində, bu yola özünü müəyyən məsələlərdən sığortalamış kimi görünür. Çünki onun özü də, çox gözəl bilir ki, tutmuş olduğu yanlış yol uçuruma aparır. Sadəcə olaraq, Ə.Kərimov bu yolla illərdir pərakəndə, səfil vəziyyətə salmış olduğu partiyasını Müsavata birləşdirib aradan çıxmağı planlaşdırır.
Onu da əlavə edək ki, bir müddət öncə də, AXCP (i) və Müsavatın bir partiya adı altında birləşməsi ideyası ortalığa atılmışdı. Sonradan məhz tərəflər arasında ciddi narazılıqların və münaqişələrin yaranması bu söhbətin bir kənara atılmasını zəruri etmişdi. İndi isə AXCP (i)-nin qurultayında Ə.Kərimov tərəfindən səsləndirilmiş birlik ideyası yenidən tərəflər arasında söz-söhbətlərə səbəb olub. Belə ki, həm Müsavat partiyasında həm də, AXCP (i) də hal-hazırda geniş müzakirə olunan mövzulardan, biri də Ə.Kərimov tərəfindən səsləndirilmiş birləşmək məsələsidir. Sadəcə olaraq, burada növbəti dəfə yeni bir qaranlıq məqam ortaya çıxır ki, bu iki qurum birləşərsə, onun adı nə olacaq və bu təşkilata kim rəhbərlik edəcək? Elə bu günlər hər iki partiya nümayəndələri məhz bu məsələni müzakirə edib, bir nəticəyə gələ bilmirlər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu ilin dekabrında Müsavat partiyası da özü üçün qurultay keçirmək niyyətindədir. Amma hər vəchlə bu qurultayın baş tutmamasına əngəl olmağa çalışan Müsavat başqanı İ.Qəmbərov AXCP (i) ilə birləşmə məsələsini gündəmə gətirib, partiyasının qurultayını təxirə salmaq iddiasını da, özü üçün keçərli hesab edir. Ona görə də, başqan İ.Qəmbərov Ə.Kərimovun bu təklifinə razı olduğunu ifadə etməyə çalışır. Onun, sadəcə olaraq, qorxduğu yeganə ünvan partiya tərəfdarlarıdır ki, onlar başqana qarşı qalxsalar, onun vəziyyəti heç də yaxşı olmayacaq. Hər bir halda isə, məsələnin bu səviyyədə müzakirə mövzusu olması AXCP (i) və Müsavat yetkililərinin də etirazına səbəb olub. Müsavat icra aparatının rəhbəri Arif Hacıyev AXCP (i) və Müsavat partiyasının birləşməsi ilə bağlı onlar tərəfindən heç bir müzakirələr aparılmadığını və bunun baş tutmasının mümkünsüzlüyünü dilə gətirib. O, qeyd edib ki, bu cür təkliflər, həmişə olduğu kimi, növbəti dəfə də, söz şəklindədir. Ona görə də, belə bir ideyanın gerçəkləşməsinə zərrə qədər inamının olmadığını bildirən A.Hacıyev ümumilikdə bu məsələnin parlament seçkilərindən sonra müzakirə mövzusu olub-olmayacağının da şübhə altında olduğunu vurğulayıb. İddiaçı tərəf olan AXCP (i)-dən isə yenicə qurumun ali məclisinin sədri seçilmiş Həsən Kərimov bu ideyanın reallaşmasının qeyri-mümkünlüyünü dilə gətirib. Açıq şəkildə bildirib ki, hər iki tərəfdən müəyyən dərəcədə iddiaçı və prinsipial qüvvələr mövcuddur.
Ona görə də, inanmaq olmaz ki, bu qüvvələr öz maraqlarından imtina edib, belə bir ideyanın gerçəkləşməsinə razı olsunlar, deyən H.Kərimov da parlament seçkisindən sonra aparılacaq müzakirələrin nəticələrini gözləməyi tövsiyə edib.
Yuxarıda sadalanan bütün faktlara və baş verən proseslərə nəzərən, tam əminliklə demək olar ki, artıq öz ömrünü başa vuran radikal müxalifət düşərgəsində bu cür eybəcərliklər və diqqətçəkən halların yaranması da təbii qarşılanmalıdır.

Digər xəbərlər