Pənah Hüseynov öz ampluasında...
Bir vaxtlar əksər müxalifət partiyaları tərəfindən arzuolunmaz şəxs elan edilən keçmiş AXP sədri Pənah Hüseynov yenə öz ampluasındadır. Obrazlı şəkildə, müxalifətin katalizatoru - araqarışdıranı adlandırılan P.Hüseynov bu dəfə AXCP (i) ilə Müsavatın birlik şousundan faydalanmaq niyyətinə düşüb. "Cırtdan" AXP-si ilə bir iş görə bilməyən bu şəxs indi daha böyük arzusunu - Müsavatın başqanı olmaq niyyətini gerçəkləşdirmək istəyir. Müsavat başqanı İsa Qəmbərovun bir müddət əvvəl AXCP (i) ilə Müsavatın birləşməsini təklif etməsi P.Hüseynovun canfəşanlığını daha da artırıb. Belə ki, o, İ.Qəmbərovun partiya rəhbərliyindən gedəcəyini bəyan etməsi isə Müsavat başqanlığına gedən yolunun açıldığını düşünür.
Lakin o, bu yolda digər iddialı və siyasi oyunbazlığına, intriqalara meyilliliyinə görə, heç də ondan geri qalmayan başqa bir rəqiblə - AXCP (i) sədri Əli Kərimovla üzləşib. Artıq AXCP (i)-nin sədri olmaqdan bezən Ə.Kərimovun könlündən indi də, deyəsən, Müsavat başqanlığı keçir.
Münasibətləri o qədər də isti olmayan bu iki şəxs arasında hər zaman barışmaz rəqabət mövcud olub. Ə.Kərimov vaxtilə AXC-də aparıcı fiqurlardan sayılan P.Hüseynovun sonradan partiyaya çevrilən bu təşkilata qayıtmasına imkan verməyib. O zaman hələ qütblərə bölünməyən köhnə AXCP (i)-nin mənsubları məhz Ə.Kərimovun təhriki ilə onun əleyhinə xüsusi bəyanat da səsləndiriblər. Bunun müqabilində inadından dönməyən P.Hüseynov bu olayların əvəzini AXCP (i)-də baş verən parçalanmaları açıq şəkildə dəstəkləməklə çıxıb. Bir müddət bütün müxalifət partiyalarından eyni məsafə saxlamağa çalışan P.Hüseynov indi özünü hər kəsə sadiq müsavatçı kimi təqdim edir.
Müsavatın üzvü olmamasına baxmayaraq, indidən özünü bu partiyanın gələcək sədri kimi aparan P.Hüseynov bu iki partiyanın birləşəcəyi təqdirdə, sədrlik və ya başqanlıq postunun məhz ona qismət olacağını fikirləşir. İ.Qəmbərov və Müsavatın bir sıra digər funksionerləri ilə münasibətlərinin yaxşı olmasından arxayınlaşan P.Hüseynov sədrlik uğrunda mübarizədə Ə.Kərimovu üstələyəcəyini düşünür.
Sözsüz ki, Ə.Kərimovun da bu məsələdə öz haqq-hesabı var. O, İ.Qəmbərovla olan qapalı görüşlərində P.Hüseynovu birləşmiş partiyada görmək istəmədiyini bildirib. Bununla yanaşı, birgə seçki siyahısında yerlərin çoxunu Müsavatın namizədlərinə güzəştə gedən Ə.Kərimov bunun müqabilində qarşı tərəfdən AXCP (i)-Müsavat cütlüyünün gələcək rəhbəri kimi dəstək alacağını gözləyir. Başqa sözlə, bu məsələdə həm P.Hüseynov, həm də Əli Kərimovun öz oyunu var. İ.Qəmbərov isə belə vəziyyətdə Ə.Kərimovu iddialı şəxs kimi neytrallaşdırmaq üçün keçmiş AXP sədrindən maksimum yararlanmaq niyyətindədir. Müsavat daxilində daha iki şəxsin Arif Hacıyevlə Sülhəddin Əkbərin "birləşmiş partiya"nın sədri seçilmək iddiasında olması yaranmış ziddiyyətlər daha da kəskinləşdirir. Burada vaxtilə "Yeni Müsavat" partiyası yaratmaq təşəbbüsü ilə çıxış edən Rauf Arifoğlunu da yaddan çıxarmaq lazım deyil. Bu, həmin R.Arifoğludur ki, bir neçə ilə əvvəl Müsavat rəhbərliyini ona qarşı əclafcasına davranmaqda ittiham edirdi. Bu şəxslərdən yalnız A.Hacıyevin P.Hüseynova güzəşt etməsi real görünür. Hər iki şəxsin isti münasibətləri onların bu məsələdə asanlıqla dil tapa biləcəyini söyləməyə əsas verir. "Sadiq dostlar" yəqin ki, bu məsələdə çətinlik çəkmədən razılığa gələcəklər. Bu, indiki halda İ.Qəmbərovun da maraqlarına uyğundur. Odur ki, o, daha çox A.Hacıyevi irəli verməklə R.Arifoğlunu mümkün qədər zərərsizləşdirməyə çalışır.
İddialılardan S.Əkbərə gəldikdə, onun sədr seçilib-seçilməməsi daha çox Vurğun Əyyubov - R.Arifoğlu cütlüyünün kimə dəstək verəcəyindən asılıdır. Amma burada Ə.Kərimovun partiyaların birləşməsi iddiası ilə Müsavatda həlledici söz sahibi olmaq cəhdlərini nəzərə aldıqda, Müsavatın məclis sədrinin şansı kifayət qədər aşağı görünür. Eyni zamanda, sədrliyi gələcəkdə heç cür Ə.Kərimova təhvil vermək istəməyən İ.Qəmbərov P.Hüseynovun əli ilə partiyaya daha effektli nəzarət edəcəyini fikirləşir. Beləliklə, birlik və başqanlıq oyunu həm Müsavat, həm də AXCP (i) daxilində yeni ixtilaf yaradıb. Hələlik, bu oyunun necə tamamlanacağı bəlli olmasa da, deyəsən, burada müxalifətin katalizatoru P.Hüseynovun "bir addım irəli"də olduğu sezilir. Bunun müqabilində onun iki addım geri düşüb-düşməyəcəyi isə, yəqin ki, seçkilərdən sonra bilinəcək. Çünki radikallar yeni birləşmə şousunu parlament seçkilərindən sonraya saxlayıblar.