Müsavat-AXCP (i) blokunda yenidən ara qarışıb
Bu ilin noyabrında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində də ehtiraslar qızışır, bir-birinə olan ittihamları daha gərgin xarakter alır. Demək olar ki, düşərgə daxilində bir-birini söyüb-təhqir etməklə gözdənsalma kampaniyası adi hala çevrilib. İş o yerə çatıb ki, şou yaratmaq naminə, diqqət mərkəzinə çevrilmək xatirinə seçki blokları yaradan partiya sədrləri də bir-birinə buynuz göstərməyə başlayıblar. Bu cür qarşıdurmaların daha çox Müsavat-AXCP(i) seçki bloku daxilində cərəyan etdiyini qeyd etsək, səhv etmərik. Çünki, Sülhəddin Əkbər, Arzu Səmədbəyli, Arif Hacıyev, Razi Nurullayev, Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli, Həsən Kərimov, Rauf Arifoğlu və digər funksionerlər iddialarını "vahid seçki blokunun namizədləri" müəyyənləşərkən reallaşdıra bilmədiklərindən bir-birinə olan nifrətlərini seçki prosesinin ilk astanasında nümayiş etdirməyə başlayıblar.
Maraqlı məqam ondan ibarətdir ki, çəkişən tərəflər gözdənsalma kampaniyasını partiyalılıq sistemində deyil, fərdi qaydada aparırlar. Bu da ondan irəli gəlir ki, Müsavatda S.Əkbər, R.Arifoğlu, A.Səmədbəyli və A.Hacıyev bir-birinə düşmən kəsildikləri kimi, AXCP (i)-də də, R.Nurullayev, F.Qəhrəmanlı, N.Məmmədli və H.Kərimov bir-birinə təpik atmaqla məşğuldurlar. Bu səbəbdən də, hər iki partiyanın funksionerlərinin mübarizəsində pərakəndəliyin hökm sürməsi ilə yanaşı, effektsiz təsirlər də diqqəti cəlb edir. Düzdür, R.Arifoğlunun "Yeni Müsavat" qəzetinin baş redaktoru olması və qəzetdə rəqiblərinə qarşı təhqiramiz yazıların dərc etdirməsi ona üstünlüklər gətirir. Ancaq digər funksionerlər də, pulla ələ aldıqları mətbuat vasitələri ilə təhqirlərə, ittihamlara özlərinə məxsus şəkildə cavab verə bilirlər. S.Əkbər və N.Məmmədli bir qədər də uzağa gedərək, müəyyən məqamlarda R.Arifoğlu ilə yanaşı, digər rəqiblərinə dərslər verə bilirlər. Bununla kifayətlənməyən S.Əkbər R.Arifoğlunun qəzet baş redaktorluğundan uzaqlaşdırılması üçün səylər göstərir. S.Əkbərin dediyinə görə, Seçki Məcəlləsinin tələblərinə görə, KİV rəhbərləri seçki proseslərində iştirak edə bilməzlər. A.Hacıyevin də R.Arifoğlunun baş redaktor kimi seçki prosesinə qatılmasının qanunvericiliyin tələblərinə zidd olduğunu və bu qanunsuzluğun aradan qaldırılaması üçün Mərkəz Seçki Komissiyasının ciddi münasibət bildirməli olduğunu söyləyib. Bu arada Müsavat-AXCP (i) blokunun maliyyə maxinasiyaları etməsinə dair mətbuatda yazılar dərc edilməyə başlayıb. Bu faktların isə, heç də boş yerdən mətbuat səhifəsinə çıxarılmadığı üzə çıxır. "Od olmasa, tüstü çıxmaz" məsəlini nəzərə alsaq, blok daxilində daha çox maliyyə yardımları əldə etmək üçün mübarizənin başlandığı məlum olur. Mübarizədə uğur əldə edə bilməyənlər isə qisasını mövcud faktları mətbuata ötürməklə çıxmağa çalışırlar. Məlumatlara inansaq, İsa Qəmbərovla Əli Kərimov xaricdən ayrılan maliyyə vəsaitinin 90-95 faizini özlərinə götürürlər. Bu isə, hər iki partiyanın funksionerlərini ciddi narahat edir. Seçkilərdə pulun ən vacib amil olduğunu nəzərə alan partiyaların yetkililəri ədalətsiz bölgüyə qarşı dirəniş nümayiş etdirirlər. Vəziyyəti ictimailəşdirmək üçün narazı partiyadaxili müxaliflər maliyyə maxinasiyalarının baş verməsi ilə bağlı mətbuata məlumatlar ötürürlər. Məhz buna görə də, ötən gün Müsavat və AXCP (i)-nin kollegial orqanlarında maliyyə məsələsi ilə bağlı mətbuatada yayılan məsələlərlə bağlı müzakirələr aparılıb. Bu barədə "Səs"ə verilən məlumata görə, Müsavat Divanının və AXCP (i) idarə heyətinin birgə keçirilən iclaslarında Ə.Kərimov və İ.Qəmbərov məlumat sızdıranların ciddi cəzalandırılacağını söyləyiblər. Hətta ifşa olunan şəxslərin seçki blokunun siyahısından çıxarılacağı xəbərdarlığı edilib.
Baş verənlərə əsaslanaraq, demək olar ki, yaxın günlərdə Müsavat və AXCP (i)-də çatlar yaranacaq. Bu isə seçkilər başa çatmamış hər iki partiyanın parçalanaraq tarixin arxivinə atılacağından xəbər verir. Hər halda, araşdırmalar və partiyalar daxilində baş verən proseslər bunu deməyə əsas verir.