Müxalifətin xalqın adından danışmaq hüququ yoxdur
Azərbaycanda mövcud olan müxalifət partiyaları arasında mövsümi birlik ənənəsi və bu dəfə də seçkilərə yeni seçki blokları şəklində gedilməsi düşərgədə radikal intensiv siyasi baxışların nəticəsdir. Şərti olaraq parlamentdə təmsil olunan, parlamentdənkənar və yerdə qalan partiyaların rəhbərliyində təmsil olunan siyasətçilər ölkədə çoxpartiyalılıq sistemindən yararlanmaqda aciz qalıb. Belə olan halda, sosial dayaqları tükənmiş radikal müxalifət partiyalarının seçkilərdə uğur qazanmaq imkanlarının məhdud olması onların siyasi fəaliyyətində olan destruktiv və dağıdıcı ideyalardan qaynaqlanır.
Ölkə Konstitusiyanın 1-ci maddəsinə əsasən Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Lakin xalqı siyasi ittihamlara məruz qoyan müxalifətin qınaq obyektinə çevrilməsi məhz bundan irəli gələn demoqogiya ilə şərtlənir. Digər tərəfdən "AXCP (i)-Müsavat" seçki blokunun "vahid namizəd" müəyyənləşməsində narazılıqların daha da artması göstərir ki, müxalifətin öz qüvvələrini vahid cəbhədə birləşdirmək ətrafında cəhdləri baş tutmayacaq. Hər iki partiyadan olan ən tanınmış namizədlərin bir-birini güzəştə getməməkdə ittiham edən qarşıdurmalar dərinləşməkdədir. R.Arifoğlunun açıqlaması bildirib ki, AXCP (i)-nin və şəxsən Ə.Kərimovun minnətini götürməklə, "vahid namizəd" olmaq istəmirəm. Seçkilərin rəsmi bəyan edilməsinə bir neçə gün qalmış hələ təşkilatlana bilməyən, üstəlik, qarşıdurmaların gücləndiyi blokun, nəinki hər hansı ciddi qələbə əldə edəcəyi, hətta formalaşıb qurtaracağı real görünmür.
Xalqın sərbəst və müstəqil şəkildə müqəddəratını həll etmək səlahiyyəti onun suveren hüququna hörmətlə yanaşmayan siyasi partiya təmsilçiləri xalqın adından danışmaqla öz fəaliyyətlərini bitmiş hesab edir. Baxmayaraq ki, Konstitusiyanın 4-cü maddəsində göstərilir ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təhlillərinə görə, seçkilərə qatılan subyektlər üçün strateji məqsəd fərqlidir: hakim partiya parlamentdəki çoxluğunu qoruyub saxlamağa və onu daha da artırmağa, müxalifət partiyalarının bir hissəsi hazırda təmsil etdiyi yerlərin sayını çoxaltmağa, digər qismi isə əvvəlki deputat yerlərini bərpa etməyə çalışırlar. Bu məqsədlərə nail olmaq üçün tətbiq edilən taktikalar da fərqlidir. Bloklaşma siyasətinə üstünlük verən siyasətçilərin siyasi iradəsindən irəli gələn məsələdir ki, əvvəlki seçkilərlə müqayisədə tərəflər arasında qarşıdurma şəxsi müstəvi ilə məhdudlaşır. İfrat siyasi maraqlarının girovuna çevrilən bir qrup siyasətçinin dövlət tərəfindən kompleks tədbirlər davam etdirilməsinə baxmayaraq, ölkədə seçkilərdən-seçkilərə vətəndaşların siyasi diqqətini öz tərəfinə çəkmək üçün pozitiv məqamlara neqativ yanaşma sərgiləyirlər. Ölkədə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə təminat verən Azərbaycan dövləti parlament mandatı uğrunda seçki marafonuna qoşulacaq namizədlərin sağlam seçki rəqabəti aparmaq üçün seçki praktikasının təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atıb.
2005-ci ilin noyabrında parlament seçkilərinin keçirilməsi zamanı baş verə biləcək nöqsanlar və qanun pozuntularının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli Sərəncamı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, həmçinin, digər dövlət məmurlarının seçki prosesinə qanunazidd müdaxiləsi qadağan edilib. Parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi, seçkilərə kənar müdaxilələrin qarşısının alınması məqsədilə ölkə Prezidentinin "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr 2005-ci il tarixli Sərəncamı da seçkilərin mütəşəkkil və yüksək səviyyədə keçirilməsinin təmin edilməsinə yönəldilmiş mühüm sənəd kimi xarakterizə edilir.
Bu gün ölkədə rəsmi qeydiyyatdan keçən 54 partiyanın 12-si parlamentdə təmsil olunub. Qarşıdan gələn seçkilərin ilkin hazırlıq mərhələsinə qədəm qoyulub. Ölkədə seçki kampaniyasının fəal subyektləri bütün demokratik dövlətlərdə olduğu kimi-partiyalar, bloklar, müstəqil namizədlər, vətəndaş cəmiyyəti, təşəbbüs qruplarıdır. Azərbaycan dövləti parlament mandatı uğrunda seçki marafonunda namizədlərin, televiziya və KİV vasitəsilə bərabər əsaslarla təbliğ olunması, "exit-poll" keçirilməsi üçün lazımi şərait yaradılması, həmin proseslərin gedişinə qanunazidd müdaxilənin qarşısının alınması, seçkilər ərəfəsində vətəndaşların toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və bundan sonra ictimai sabitliyin təmin edilməsinə zəmanət verir. Dövlət başçısının həmin seçki paraktikasına dair müvafiq sərəncamları istər Avropa Şurası və Venesiya Komissiyası, istərsə də yüksək nüfuzlu digər beynəlxalq qurumlar, eləcə də, hüquq-müdafiə institutlarının təmsilçiləri tərəfindən yüksək dəyərləndirilir.
Dördüncü çağırış Milli Məclisinə keçirilən seçkilərin də, qanunvericiliyin tələb etdiyi səviyyədə keçirilməsi respublikamızın siyasi həyatının önəmli hadisəsi kimi, ölkə Konstitusiyanın bütün tələblərini əldə rəhbər tutan Azərbaycan iqtidarı xalqın iradəsini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında müdafiəsində maraqlı tərəf kimi çıxış edir. Cari ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda növbəti seçkilərin də tam azad, şəffaf və demokratik şəraitdə keçirilməsinə hökumətin hər cür şərait yaradacağını vurğulayıb. Verdiyi vədlərə sədaqət nümayiş etdirən Prezident İlham Əliyevin demokratik ideya və prinsiplərin ölkədə bərqərar olması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında iyulun 12-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı da xüsusi qeyd edilməlidir. Binanın açılışında iştirak edən Prezident İlham Əliyev qeyd etmişdir ki, son illər ərzində Mərkəzi Seçki Komissiyası öz işində böyük nailiyyətlər qazanıb. Komissiyanın çox vacib funksiyalarına toxunan dövlət başçısı Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə olduğunu və ən qabaqcıl təcrübəni öyrənilməsinin Azərbaycanda tətbiqini də qeyd edib: "Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər. Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır".