AXCP (i)-nin iki ilə yaxındır ki, davam edən qurultay şousu deyəsən, yekunlaşmaq üzrədir. Uzun müddət onlara müvafiq toplantını keçirmək üçün təklif olunan yerlərdən müxtəlif bəhanələrlə imtina edən "islahatçı" cəbhəçilər, nəhayət, bu gün - sentyabrın 25-də Təbriz kinoteatrında öz qurultaylarını keçirmək qərarına gəliblər. Bu partiyanın mənsubları qurultayın bu qədər gecikməsini "yer problemi" ilə izah etməyə çalışsalar da, əslində, bu yubanmanın yeganə səbəbi AXCP (i) daxilində mövcud olan ziddiyyətlərdir.
Partiyanın bir neçə dəfə bölünməsinə, parçalanmasına, aparıcı funksionerlərin AXCP (i)-ni tərk etməsinə baxmayaraq, bu təşkilat daxilində yaşanan böhran aradan qalxmayıb. Əksinə, burada fikir ayrılıqları və təşkilatı, faktiki olaraq, öz inhisarına alan Əli Kərimova qarşı inamsızlıq daha da dərinləşib.
Bütün bunlara rəğmən, qurultayın vaxtının dəfələrdə dəyişdirilməsi heç də təsadüfi deyil. Söhbət ondan gedir ki, sıraları kifayət qədər seyrələn AXCP (i) indi özünün bir neçə rayon təşkilatının sədrini belə bir yerə toplayaraq adi konfrans belə keçirə bilmir. Doğrudur, bu müxalif partiya 30-40 nəfər keçmiş fəalını birtəhər dilə tutaraq, AXCP (i)-Müsavat blokunun vahid siyahısına yerləşdirə bilib. Bu səbəbdən, onlar, hələlik, AXCP (i) sədri Əli Kərimovdan uzaqlaşmağa tələsmirlər. Burada radikalların korporativ maraqları da öz təsirini göstərir. Onlar Ə.Kərimova xarici təzyiq qrupları tərəfindən ötürülən maliyyə vəsaitindən pay qoparmaq, yararlanmaq istəyirlər. Bundan ötrü parlament seçkilərində iştirak "islahatçılar"ın namizədləri üçün tutarlı bəhanədir. Əslində, kiçik "islahatçı" namizədlər qrupu bu qurultayın baş tutmasında heç maraqlı deyillər. Əksinə, onlar mümkün qədər müvafiq toplantının seçkilərdən sonraya saxlanılmasına səy göstəriblər. Bölgə təşkilatlarından qurultayda iştirak etməyə nümayəndə tapa bilməyən Ə.Kərimov yenidən "orjinal" üsula əl atıb. O, bu dəfə qurultaya muzdlu nümayəndələr cəlb etməyi qərara alıb. Beləliklə, AXCP (i)-nin budəfəki qurultayında muzdlu təmsilçilərin sayı, deyəsən, partiya üzvlərindən daha çox olacaq.
Digər tərəfdən, Ə.Kərimovun seçkilər ərəfəsində təlaşa düşərək tələsik qurultay keçirmək istəməsi, onun Müsavat başqanı İsa Qəmbərova güc göstərmək istəyindən qaynaqlanır. Bununla, o öz nominal müttəfiqinə isbat etməyə çalışır ki, sədri olduğu partiya seçkilərə Müsavatdan daha yaxşı hazırlaşıb. Onun təbirincə, məhz bu səbəbdən hər iki partiyanın vahid siyahısında daha şanslılar, məhz AXCP (i)-nin namizədləridir. Lakin belə qeyri-ciddi siyasi oyunlar AXCP (i)-ni tənəzzüldən və növbəti məğlubiyyətdən sığortalamır.
Başqa sözlə, cəmi bir ay əvvəl bu partiyanın fəalları açıq şəkildə rayon təşkilatlarının qurultaya hazır olmadığını bildirir, müvafiq toplantılarının məhz bu səbəbdən yubandığını vurğulayırdılar. Bu qəbildən olan açıqlamalar AXCP (i)-nin sözçüləri sayılan Həsən Kərimov, Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli tərəfindən dəfələrlə səsləndirilib. Bütün bunlar onu göstərir ki, onlar bu məsələni süni şəkildə şişirdərək siyasi gündəmdə qalmağa cəhd göstəriblər. Bu mənada, qurultayın vaxtı da qəsdən, məqsədli şəkildə dəfələrlə yubadılıb və dəyişdirilib. Diqqəti çəkən odur ki, ayrı-ayrı AXCP (i) funksionerləri bu faktı fərqli və ziddiyyətli formada şərh edirlər. Bir qədər əvvəl, onlar qurultayın təxirə salınmasını, gecikdirilməsini "islahatçılar"ın indiki mərhələdə daha çox parlament seçkilərinə əhəmiyyət verməsi ilə izah edirdilər. İndi isə tamam əks mövqedən çıxış edərək qurultayın bilavasitə parlament seçkilərinə hazırlıqla bağlı keçirildiyini, burada əsas müzakirələrin məhz seçkilərlə bağlı olacağını bildirirlər. Beləliklə, AXCP (i) təmsilçilərinin mövqelərinin kifayət qədər haçalandığı ortaya çıxır.
Prinsip etibarı ilə qurultayın indiyə qədər baş tutmamasının başlıca səbəblərindən biri də funksionerlər arasında mövcud olan fikir ayrılığıdır. Belə görünür ki, "islahatçılar" partiyanın qurultayının nə vaxt və hansı şərtlər daxilində keçirilməsi barədə uzun müddət yekdil fikrə gələ bilməyiblər. Qurultayın keçirilməsi üçün yer ayrılmaması barədə səsləndirilən qeyri-ciddi mülahizələr isə, sadəcə, bəhanə olub. Çünki AXCP (i) son illərdə partiyanın yerləşməsi üçün yaradılan şəraitdən, qurultay keçirmək məqsədi ilə onlara təklif olunan yerlərdən qətiyyən istifadə etməyib. Bununla destruktiv mövqe nümayiş etdirən "islahatçılar" siyasi nihilizmin daşıyıcıları olduqlarını isbat ediblər. Başqa sözlə, qurultay məsələsini şouya çevirməyi əvvəlcədən qarşılarına məqsəd qoyan "islahatçılar" bundan ucuz siyasi reklam vasitəsi kimi sonadək yararlanmağa çalışıblar.
Bu partiyanın ifrat radikallıq mövqeyinə yuvarlanması onu siyasi səhnədə və müxalifət düşərgəsində böhranlı durumla üzləşdirib. Qurultay ərəfəsində AXCP (i)-də yaranan qarşıdurma və ikitirəlik bu müxalif partiyanı ciddi təşkilati problemlərlə qarşılaşdırıb. Belə şəraitdə gecikmiş qurultayın yaranmış ziddiyyətləri aradan qaldıracağı, ən azı, inandırıcı görünmür. Əksinə, vahid namizədlər siyahısı ilə bağlı narazılıqlar, partiya daxilində yaşanan fikir ayrılıqları, radikal müxalifət düşərgəsində yaşanan gərginlik qurultayda çox kəskin müzakirələrə və qalmaqala səbəb ola bilər. Bu mənada, elə qurultayın gedişində növbəti parçalanmanın yaranması, AXCP (i)-dən yeni qopmaların baş verməsi kifayət qədər real görünür. Başqa sözlə, gecikmiş qurultay AXCP (i)-ni siyasi aşınmadan və tənəzzüldən xilas etməyəcək.