"MBH"lideri Lalə Hacıyevanın parlament seçkilərində iştiraka gücü çatmadı
"Azadlıq" bloku fəaliyyətini dayandırdıqdan sonra bir sıra müxalifət partiyaları ilə yollarını ayırmış "MBH" lideri Lalə Hacıyevanın vəziyyəti ağırlaşıb. Eyni zamanda, AXCP (i) sədri Əli Kərimovun ənənəvi xəyanətkarlığı nəticəsində də, möhkəm stress keçirən L.Hacıyeva düşmüş olduğu durumdan çıxa bilmir. Bir müddət öncə isə, "MBH" lideri müəyyən qədər özünə gəldiyini və müxalifət düşərgəsindəki rəqiblərinə qarşı ciddi mübarizə aparacıağını bildirmişdi. Elə bu məqsədlə də, L.Hacıyeva uzun müddətdir ki, ALP-də sədr əvəzi postunda çalışmış Əvəz Temirxanı sədrlik postuna gətirdi.
Düşünülürdü ki, Ə.Kərimovun ona xəyanət edərək, Müsavat başqanı ilə əməkdaşlığa girməsi "MBH" liderinin sərt reaksiyası ilə nəticələnəcək. Məhz onun tərəfindən atılan addımlar da, bunun bir sıra prinsiplərini açıq şəkildə göstərirdi. Amma aradan az bir müddət keçmədi ki, qocaman "MBH" lideri, ümumiyyətlə, özünün siyasi arenanı tərk etməsi barəsində bəyanat verməli oldu. Görünən isə odur ki, radikal düşərgədəki eybəcərliklərə artıq dirəniş göstərə bilməyən L.Hacıyevanın yeganə çıxış yolu məhz bu imiş. Çünki mövcud situasiya düşərgədəki bütün prosesləri tam açıqlığı ilə meydana çıxarıb. Ona görə də, əksər müxalifət yetkililəri daha böyük biabırçılıqlarla üzləşməməkdən ötrü siyasi arenanı birdəfəlik tərk etmək barəsində qərara gəliblər. Digər bir tərəfdən isə düşərgədəki proseslər və baş verən daxili çəkişmələr nəticəsində yaranmış ağır durum müxalifətin, ümumiyyətlə, iflasını təmin edən amillərdən hesab olunur. Bu baxımdan da, batan gəminin sakinləri öz canlarını sağ-salamat qurtarmaq üçün buranı tərk edirlər. Məhz "MBH" lideri və uzun zamandır ki, müxalifət düşərgəsində saç ağartmış, tərk tökmüş bir şəxsin, yəni L.Hacıyevanın siyasətdən getmək barəsində vermiş olduğu qərar da, sadalananları bir daha təsdiqləmiş olur.
Qeyd edək ki, Azərbaycan Liberal Partiyasının və "Vətəndaş İnkişaf Partiyası"nın yaratmış olduğu oyuncaq "İnsan naminə" seçki bloku payızda keçiriləcək parlament seçkilərində məhz müxalifət düşərgəsindəki rəqiblərini sıradan çıxarmaq məqsədi ilə yaradılıb. Çünki radikal düşərgədə bu günə qədər yaradılmış bütün birlik və ya bloklar ancaq bir-birilərinin yolunu kəsmək məqsədilə formalaşdırılıb. Bir faktı da qeyd edək ki, hər seçki öncəsi yaradılan bu cür oyuncaq birlik və bloklar məhz seçkiyə az bir müddət qalmış tamamilə parçalanır və onlardan əsər-əlamət qalmır. Onu da əlavə edək ki, L.Hacıyevanın birdən-birə parlament seçkisi öncəsi siyasətdən getmək barəsində vermiş olduğu qərar düşərgə daxilində də, müəyyən söz-söhbətlərə səbəb olub. Payızda keçiriləcək parlament seçkilərində iştirak məqsədi ilə, bir müddət öncə, namizədliyini irəli sürəcəyini bəyan edən L.Hacıyeva məhz həlledici məqamda "MBH" və ALP-nin də təsisçisi olduğu "İnsan naminə" seçki blokunun namizədi olmaqdan imtina edib. ALP-nin hazırkı sədri Ə.Temirxan isə L.Hacıyevanın bu qərarını onun öz istəyi ilə verildiyini bildirib. Qeyd edib ki, "MBH" lideri bir müddət öncə seçkilərdə aktiv iştirak etmək barəsində qərar versə də, sonluqda bundan imtina edib.