PDF Oxu

Müxalifət

  • 11

AXCP (i) qurultay keçirməmək üçün bəhanə axtarır

AXCP (i) qurultay keçirməmək üçün bəhanə axtarır
Bir neçə aydır ki, radikal müxalifət düşərgəsində əməlli-başlı anormal hallar baş verir. Müxalifət adı altında müəyyən çirkin işlərlə məşğul olan radikal partiya sədrləri artıq növbəti dəfə özlərinin iç üzlərini açıq şəkildə cəmiyyətə göstərmiş olurlar. Bu üzdən də, özünü cəmiyyətə sırımaq iddiasında olan radikal müxalifət yetkililəri yenidən bazarlığa əl atmağa çalışırlar. Onların sırasında AXCP (i) sədri Əli Kərimovun xüsusi ilə fərqləndiyini söyləsək, təbii ki, yanılmarıq. Çünki bu tip siyasi düşərgədə olduğu müddətdə özünün şəxsi maraqları prizmasından kənara çıxa bilməyib. Hər bir halda şəxsi istəklərini önə çəkən Ə.Kərimov üçün sonun başlanğıcı çox acı görünür. Tamamilə xarici donor təşkilatlardan asılı vəziyyətdə olan AXCP (i) sədri Ə.Kərimov son iki həftədə, sözün əsl mənasında, olmayan başını da itirib. Bir müddət öncə xarici havadarlarının sifarişi ilə bir sıra Avropa ölkələrində müəyyən görüşlərdə iştirak etmək niyyətinə düşən Ə.Kərimov xarici pasport davası çəkirdi. İndi isə onun başqa dərdi ortaya çıxıb. Dəfələrlə rəhbərlik etdiyi qurumun qurultayını təxirə salmaqla müəyyən məsələlərdən özünü sığortalamağa çalışmış Ə.Kərimov üçün artıq yeni bir çıxış yolu qalmayıb. Bütün yollar üzünə qapanan AXCP (i) sədri üçün yeganə çıxış yolu siyasi arenanı tərk etməkdən ibarətdir. Çünki bir ay əvvəl Ə.Kərimov partiyasının qurultay keçirməsi üçün müraciət etdiyi Nizami rayonu ərazisindəki "Təbriz" kinoteatrının rəhbərliyi ona istənilən vaxt gəlib yığıncağını keçirərsiniz demişdi. Məhz o zaman Ə.Kərimov və onun qotur basmış üç-beş əlaltısı kinoteatrda soyuducu kondisionerlərin olmamasını bəhanə gətirərək, AXCP (i)-nin qurultayının vaxtını havaların sərinləşməsinə qədər təxirə salmışdı. Sonradan isə AXCP (i)-nin sədr müavini Həsən Kərimov AXCP (i)-nin qurultayının məhz sentyabrın son günlərində keçiriləcəyini bildirmişdi. İndi isə həmin vaxt yetişdiyindən Ə.Kərimov əlaltılarına müəyyən bəhanələr gətirməklə prosesi növbəti dəfə təxirə salmağı tapşırıb. Çünki yoldaş Kərimov bilir ki, ölkə mühüm bir proses ərəfəsindədir və belə məqamda AXCP (i)-nin gülünc qurultay şousu onun sonunu daha da yaxınlaşdıracaq. Ona görə də, Ə.Kərimov son günlər özü-özünü ev dustağına çevirib. Bilir ki, çölə çıxan kimi heç kim ondan soruşmasa da, əlaltıları soruşacaq ki, "Əli "bəy", qurultayın axırı nə oldu"? Məhz bu sualı dəfələrlə eşitmiş və hər dəfə də, bir sıra yalanlar və bəhanələr uydurmuş Ə.Kərimov üçün, deyəsən, artıq deyiləcək söz qalmayıb. Bütün imkanları tükənmiş Ə.Kərimov dildən pərgar olsa da, indi nitqi tutulub. Axı özü də bilir ki, yalan və fırıldağın ömrü 40 gün çəkir. Bu baxımdan da, Ə.Kərimov müavini Həsən Kərimovu növbəti dəfə qabağa verərək, ondan partiyanın qurultay keçirəcəyi yerin münasib olmaması barəsində ifadələr işlətməyi tələb edib. Öz növbəsində, Ə.Kərimovun hər bir xarakterik xüsusiyyətləri ilə tanış olan H.Kərimov bu dəfə tamamilə çaş-baş qalıb. Çünki onun dilindən çıxan sonuncu açıqlamada AXCP (i)-nin qurultayının məhz sentyabrın sonunda keçiriləcəyi bildirilmişdi. Belə olan təqdirdə isə, Ə.Kərimovun növbəti dəfə öz müavinini maraqlarının və bacarıqsızlığının güdazına verdiyi də tam təsdiqini tapmış olur. Artıq sədrinin bu davranışından hiddətlənən H.Kərimov AXCP (i)-nin sabiq ali məclisinin sədri Qulamhüseyn Əlibəylinin yolunu seçəcəyi şübhəsizdir. AXCP (i)-də olan və olacaqlar isə bu partiyanın sona doğru böyük sürətlə irəlilədiyini təsdiqləyir. Partiyanın bütün imkanlarını məhv etmiş və qurum üçün son 15 ildə xarici donor təşkilatlar tərəfindən ayrılmış vəsaitləri mənimsəmiş Ə.Kərimovun aqibətinin necə olacağı barəsində rəy bildirmək o qədər də, çətin deyildir. Zaman-zaman tarix bu cür aciz fiqurları asanlıqla özünün acı arxivinə göndərib. AXCP (i) sədri Ə.Kərimovun da, belə bir reallıqdan kənarda qalmasını isə əsaslandıran heç bir müsbət amil mövcud deyildir. Ona görə də, yoldaş Kərimov üzüsulu ikən layiq olduğu yerə getsə, onun üçün də və AXCP (i) üçün də daha münasib olardı. Əks təqdirdə, başda Ə.Kərimov olmaqla AXCP (i) üçün böyük fəlakətin olması qaçılmazdır.

Digər xəbərlər