Yedəkdə getmək Mehman Əliyevin axırına çıxacaq
Bu, bir faktdır ki, istənilən siyasətçinin cəmiyyətdə uğur qazanması özünün xarizmatik görünüşündən və apardığı siyasətdən asılıdır. Problemli, aydın düşüncəsi, müstəqil mövqeyi olmayan siyasətçi cəmiyyət tərəfindən qəbul edilmədiyi kimi, istənilən seçki yarışmasında da məğlubiyyətə məhkumdur. Buna əyani sübut kimi Azərbaycan siyasi səhnəsində iyirmi ildir ki, mənasız yerə var-gəl edən radikal partiya sədrlərinin acı talelərini göstərmək olar. İyirmi ildir ki, siyasətdə olmalarına baxmayaraq, cüzi də olsa, sosial dayaqlara malik deyillər. İyirmi ildir ki, qatıldıqları seçkilərdə rüsvayçı məğlubiyyətlə üzləşiblər. Amma bir diqətçəkən məqam var ki, məğlubiyyət addımbaşı onları izləsə də, siyasətdən getmək haqqında belə düşünmürlər. Partiya sədri kreslosundan möhkəm yapışıb, "canım sənə fəda olsun" deyirlər. Səbəb isə gəlirlərinin, dolanışıqlarının sədrlik kreslosundan çıxmasıdır. Digər tərəfdən də xarici antiazərbaycan mövqeli qüvvələr onlara siyasətdən getmək deyil, orada daha da möhkəmlənmək tapşırığı verirlər. Ona görə də, Azərbaycanda körpə uşaqlar belə AXCP (i), Müsavat, ADP, ALP kimi partiyaların funksionerlərini Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsinə qısqanclıqla yanaşan maraqlı qüvvələrin Bakıdakı təmsilçiləri olduğunu bilirlər. Sübut kimi, dəfələrlə radikal müxalifətin keçirdiyi mitinqlərdə müəyyən xarici ölkələrin hökumət və dövlət başçılarının plakatlarını başları üzərinə qaldırıb, müxtəlif pozucu xarakterli şüarlar səsləndirmələrini göstərmək olar. Daha bir sübut kimi onların Azərbaycan əleyhinə xarici beynəlxalq təşkilatlara "donos"lar göndərmələrini qeyd etmək olar.
Müxalifətin radikal qanadının rüsvayçı fəaliyyətində diqqətçəkən məqamlardan biri də odur ki, özləri çirkabda olduğu halda, digərlərini də özlərinə yoldaş etməyə səylər göstərirlər. Buna müəyyən hallarda nail də olurlar. Daha doğrusu, eyni mərkəzdən qidalanan və idarə olunan müxtəlif yönlü qüvvələr fəaliyyətlərini birləşdirməyə qərarlar verirlər. Bəzən bunu məcburiyyət qarşısında etdiklərini də gizlətmirlər. Misal kimi, "Soros"un Bakı nümayəndəliyinin rəhbəri Mehman Əliyevin istəməsə də, Müsavat və AXCP (i) ilə eyni mövqedən çıxış etmək məcburiyyətində qalmasını göstərmək olar. Həm də, "Turan" informasiya agentliyinini rəhbəri olan M.Əliyev "Soros"un mərkəzi ofisindən verilən tapşırığa əsasən işini İsa Qəmbərov və Əli Kərimovla məsləhətləşməklə qurur. Demək olar ki, partiya sədrlərinin razılığı olmadan M.Əliyev heç bir təşkilata layihələrinin maliyyələşdirilməsi üçün yardımların ayrılmasına imza atmır. Araşdırmalara əsasən, qeyd etmək olar ki, bu ilin səkkiz ayı ərzində "Soros" fondu tərəfindən müxtəlif QHT- lərə ayrılan 12 milyon dollara yaxın vəsaitin böyük hissəsi Müsavat və AXCP (i)-nin inhisarında olan QHT-lərə ayrılıb. Yalnız 4 təşkilata M.Əliyev 560 min dollar maliyyə vəsaitinin ayrılmasına imza atıb ki, bu da onun başına bəla açıb. Çünki Ə.Kərimov və İ.Qəmbərov 560 min dollar vəsaitin ayrılmasına görə, faizlərini almayıblar. Bunu özlərinə hörmətsizlik kimi dəyərləndirən partiya sədrləri "Soros" fondunun Vaşinqton ofisinə M.Əliyevdən şikayət etdikləri bildirilir. Bu barədə "Səs"ə məlumat verən mənbənin dediyinə görə, İ.Qəmbərovun və Ə.Kərimovun şikayətləri M.Əliyevi çox pis vəziyyətə qoyub. Çünki M.Əliyevi gizli razılaşmaları pozmaqda günahlandıran baş ofis onun fəaliyyətini və son altı ay da, təşkilatlara ayırdığı maliyyə vəsaitinin məqsəd və xərclərinin təftiş edilməsinə qərar verib. Məlumata görə, M.Əliyev hesabatları Vaşinqtona internet vasitəsi ilə göndərsə də, baş ofis bundan məmnun qalmayıb. Aldığımız məlumata əsasən, yaxın günlərdə Vaşinqtondan Azərbaycana gələcək fondun nümayəndələri M.Əliyevin fəaliyyətini araşdıracaqlar. Araşdırmanın nəticəsindən asılı olmayaraq, M.Əliyevin cəzalandırılacağı bildirilir. Çünki Ə.Kərimov və İ.Qəmbərov belə istəyirlər. Bizə isə, "Bu da axırın, Mehman Əliyev. Neçə il xidmət etdiyin partiya sədrlərinin qərarları çox kəskin oldu" demək qalır.