PDF Oxu

Müxalifət

  • 7

Əli Kərimovun quldur dəstəsinin məhkəməsində yeni faktlar açıqlanır

Əli Kərimovun quldur dəstəsinin məhkəməsində yeni faktlar açıqlanır
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Racu Mehralıyev Şükrəli oğlu, Hüseyn Qurbanov Afət oğlu, Elnur Mirzəliyev Aydın oğlu, Mirzə Ağayev Rza oğlu və Qabil Məmmədrzayev Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirildi.
Sözügedən cinayət işi 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilindən quldurluq yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə başlanılıb.
Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Mirzə Ağayev, Qabil Məmmədrzayev, Racu Mehralıyev, Elnur Mirzəliyev və Hüseyn Qurbanov qabaqcadan əlbir olaraq qrup halında Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36, mənzil 52-də olan külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə razılığa gəlmişlər. Belə ki, 2009-cu ilin noyabr ayının əvvəllərində Mirzə Ağayev əvvəllər sürücüsü işlədiyi Ruqiyyə Məmmədovanın imkanlı və yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36, mənzil 52-də külli miqdarda pulun olmasını Qabil Məmmədrzayevə deyərək həmin pulu qanunsuz yolla ələ keçirmək barədə onunla qabaqcadan əlbir olmuş, binanın, mənzilin yerləşdiyi yeri, mənzildə yaşayan ailə üzvlərinin sayı və nə işlə məşğul olması barədə məlumat verməklə Ruqiyyə Məmmədovanın fotoşəklini ona vermişdir. Q.Məmmədrzayev isə cinayət əməlini başqa şəxslərin törədəcəyini və əldə olunan puldan ona 10.000 ABŞ dolları verəcəyini vəd etmişdir.
Məhkəmənin dünənki iclasında zərərçəkmiş Əmir Kərimli (Ruqiyyə Məmmədovanın oğlu Azadlı Qədirin dostu), həmçinin, təqsirli bilinənlər Racu Mehralıyev və Mirzə Ağayev ifadə verdilər.
Avqust ayından başlanan məhkəmə iclaslarında diqqəti çəkən məqam həbs olunana qədər AXCP (i) sədri Əli Kərimovun müşaviri işləmiş Qabil Məmmədrzayevin susması, digər təqsirləndirilən şəxslərin ifadələrini dinləməklə seyrçi mövqedə dayanmasıdır. Dünənki iclasda Q.Məmmədrzayev danışsa da, bunun diqqəti yayındırmaq məqsədi daşıdığı özünü qabarıq şəkildə büruzə verdi. AXCP (i) sədrinin "ideya müəllifliyi" partiyanın sıravi üzvlərinin belə canına çöküb. İbtidai istintaq zamanı da müəyyən edilmişdir ki, zərər çəkmiş şəxsin Ruqiyyə Məmmədovanın sürücüsü işləyən Mirzə Ağayev Qabil Məmmədrzayevlə yaxın dostdur.
Müşaviri olduğu AXCP (i) sədri Ə.Kərimovun partiyanın büdcəsini oğurladığı, üzvlərdə, xüsusilə, gənclərdə vətənə xəyanət hissini aşılayıb, onları hazırladığı oyunun əsas oyunçusuna çevirməklə, xeyli məbləğdə pul əldə etdiyi, xarici dairələrdən ayrılan qarantları mənimsədiyi halda Q. Məmmədrzayev düşünür ki, nə üçün o, oğurluq edə bilməz. Lakin bu pulda da Ə.Kərimovun payı olduğu heç kimdə şübhə doğurmur.
Quldurluğun yollarının müəyyənləşdirilməsində Q.Məmmədrzayevin Ə.Kərimova necə sadiq olduğu aydın görünür. AXCP (i) sədri də hazırladığı ssenarilərin oynçusu olmaqdan qaçır, çirkin məqsədlərini başqasının əli ilə həyata keçirməyə çalır. Elə ki, planların üstü açıqlandı, ideyanın müəllifinin məhz AXCP (i) sədri olduğu bəlli olur. Müşaviri Q.Məmmədrzayev də cinayət əməlini başqa şəxslərin törədəcəyini və əldə olunan puldan 10.000 ABŞ dolları M.Ağayevə verəcəyini bildirib.
Q.Məmmədrzayevin vəkilinin də müəmmalı görünməsi diqqətdən yayınmır. Gah məhkəmə iclasına qatılmır, gah da qatılaraq heç bir əhəmiyyəti olmayan, cinayət işi barədə məlum olmayan məqamların açıqlanmasına xidmət etməyən sualları ilə missiyasını bitmiş hesab edir. İttiham olunan Q.Məmmədrzayevlə vəkilinin bir-birilərinə baxışlarından yalnız susmağın gərəkliyi sezilir.
İki aydır məhkəmə iclasının davam etməsinə baxmayaraq, AXCP (i)-nin inhisarında olan mətbu orqanda bununla bağlı yazıya rast gəlinmir. Yalnız məhkəmə prosesinin sonunu gözlədiklərini bildirən partiya funksionerləri söyləyirlər ki, Q.Məmmədrzayevin bu cinayətdə bu və ya digər formada iştirakçı olduğu sübut olunsa, o zaman AXCP (i) olaraq onun haqq etdiyi cəzanı çəkməsinin tərəfdarı olacağıq. Görəsən, AXCP (i) nümayəndələrinin, xüsusilə, partiya sədri Ə.Kərimovun həqiqətlə barışdığı anlar olubmu? Vətənə xəyanətdə təqsirli bilinərək həbs olunan R.Bəşirli kimilərin müdafiəsinə qalxan, onları "hüquq müdafiəçiləri" ilə birgə "siyasi məhbus" siyahısına salan Ə.Kərimovdan obyektiv yanaşma gözləmək sadəlövhlük olar. AXCP (i) sədrinin müşaviri özünü günahkar bilməsəydi, sözsüz ki, məhkəmə iclasının gedişində susmaz, Ə.Kərimovdan aldığı dərsə uyğun olaraq əsassız fikirləri ilə diqqəti özündən yayındırmaq üçün canfəşanlıq edərdi. Amma Q.Məmmədrzayev çox yaxşı bilir ki, həqiqəti gizlətmək, ört-basdır etmək qeyri-mümkündür.

Digər xəbərlər