Radikalların uğursuz seçimi: təbliğat yoxsa təxribat?
Bəlli olduğu kimi, AXCP (i)-Müsavat blokunun təmsilçiləri seçki təbliğatı ilə bağlı kütləvi aksiyalar keçirmək niyyətində olduqlarını bəyan ediblər. Hər iki partiyanın təmsilçilərinin son birgə toplantısında kütləvi aksiyalara yenidən start verilməsi qərara alınıb. Radikalların bu qərarı onların ənənəvi taktikasının dəyişmədiyini göstərir. Belə görünür ki, radikal düşərgənin mənsubları destruktiv siyasi fəaliyyətdən geri çəkilmək niyyətində deyillər.
Doğrudur, mitinqlər və bu qəbildən olan digər kütləvi aksiyalar istənilən seçkidə təbliğat-təşviqat kampaniyasının zəruri tərkib hissəsi sayılır. Hər bir iddialı siyasi təşkilat, partiya və namizəd öz seçki platformasını seçicilərə çatdırmaq üçün müvafiq üsullardan mümkün qədər yararlanmağa çalışır. Bu, normal, seçki qanunvericiliyi ilə şərtləndirilən adi haldır. Lakin müvafiq üsullardan təxribat məqsədi ilə, sui-istifadə etmək cəhdləri istənilən halda yolverilməzdir və qanunla qadağan edilir.
Diqqəti çəkən odur ki, müxalifət təmsilçilərinə müvafiq müraciətlərə uyğun şəkildə, qanunvericiliklə müəyyən edilmiş qaydada yer ayrılmasına baxmayaraq, onlar adətən qanunsuz aksiyalar keçirməyə cəhd göstərirlər. Son bir neçə ildə radikallar onlara aksiya keçirmək üçün ayrılan yerlərə getməkdən birmənalı şəkildə imtina ediblər. Bunun müqabilində isə radikallar yalnız təxribat xarakterli aksiyalar keçirməyə çalışıblar, icazə verilməyən yerlərdə toplaşmağa cəhd etməklə ictimai asayişi pozmağa səy göstəriblər. Ümumilikdə, radikalların bu aksiyalarında iştirak edənlərin sayı 50-60 nəfərdən çox olmayıb. Belələrinin təxribat yaratmaq, hay-küy qaldırmaq cəhdlərinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən dərhal alınıb və şübhəsiz ki, bu, belə də davam edəcək.
Radikal düşərgə isə öz seçki təbliğatını yenidən mitinq şouları üzərində qurmaq niyyətindədir. Bu, onu göstərir ki, radikallar ənənəvi amplualarına sadiq qalaraq, təbliğat barədə deyil, təxribat barədə düşünürlər. Başqa sözlə, onlar bu seçkidə normal, sivil təşviqatı aparmaq niyyətindən uzaqdırlar. Bütün bunlara rəğmən, radikal düşərgə yenidən qeyri-müəyyənlik və çaşqınlıq içərisindədir. Növbəti parlament seçkilərində uğur qazanmaq şanslarının sıfıra bərabər olduğunu anlayan müxalif düşərgə təmsilçiləri, əslində, bununla öz qaçılmaz məğlubiyyətlərini irəlicədən sığortalamaq istəyirlər.
Bəllidir ki, 3-4 nəfəri çıxmaq şərti ilə istənilən halda müxalifətin hər hansı namizədi bu seçkilərdə ciddi uğur qazana bilməyəcək. Bunun səbəbi çox sadədir. Müxalif düşərgəsi, xüsusən, bu düşərgənin radikal qanadı ictimai rəydə özünə kifayət qədər mənfi imic formalaşdırıb. Radikal düşərgəni təmsil edənlər destruktiv fəaliyyətləri ilə ictimaiyyət arasında özlərini tam nüfuzdan salıblar. Bu düşərgənin mənsubları hər dəfə ardıcıl uğursuzluğa düçar olaraq siyasi səhnədə görünməz olanda mitinq şousu ilə gündəmə gəlməyə çalışırlar. Odur ki, AXCP (i)-Müsavat cütlüyünün belə təşəbbüslə çıxış etməsi heç də təsadüfi deyil. Əslində, müvafiq seçki blokunun təmsilçiləri düşərgə daxilində yaşanan siyasi böhrandan diqqəti yayındırmaq istəyirlər. Son illər sadə insanlar uzun illərdir ki, radikalların bu qəbildən olan qeyri-ciddi çağırışlarını birmənalı şəkildə rədd edir. Başqa sözlə, cəmiyyət belə çağırışlara tamamilə laqeyd və biganədir. Bu düşərgənin təmsilçiləri isə populist tənqiddən və qeyri-real, aldadıcı vədlərdən uzağa getmirlər. Məhdud saylı aktiv elektoratını tamamilə itirən müxalif düşərgəyə ictimai rəydə böyük apatiya hökm sürür. Uzun müddət müxalif partiya rəhbərlərini fanatcasına müdafiə edənlər belə, bu gün onların davranışlarına və fikirlərinə biganədirlər. Bütün bunlar müxalifət təmsilçilərinin siyasi mədəniyyətdən uzaq diletant fəaliyyətinin nəticəsidir.
İsa Qəmbərov, Əli Kərimov, Mirmahmud Fəttayev, Lalə Hacıyeva, Arif Hacıyev və digərləri qeyri-sağlam iddiaları, barışmaz müxalifətçilik ovqatı ilə yaxınlarını, dostlarını, keçmiş tərəfdarlarını özlərindən birdəfəlik uzaqlaşdırıblar. Davamlı siyasi aşınma və az-çox nüfuzu olan şəxslərin radikal partiyaları tərk etməsi onların siyasi fəaliyyətinin praktik olaraq iflic vəziyyətinə düşməsinə səbəb olub.
Müsavat başqanı və digər radikal partiya sədrləri üçün yüz nəfəri bir yerə toplamaq belə əməlli-başlı problemə çevrilib. Adi bir iclas keçirmək üçün adam tapa bilməyən müxalif partiya sədrlərinin ən azı, 200-300 insanın iştirak etdiyi kiçik bir mitinqin keçirilməsinə nail olacağı inandırıcı görünmür. İndi işsiz-gücsüz adam tapmaq da olduqca çətindir. Bu səbəbdən ənənəvi üsulla - muzd ödəməklə də kimisə küçəyə çıxarmaq mümkün deyil. Digər tərəfdən, radikalların çürük arqumentləri bu gün tamam dəyərdən düşüb. Bunun səbəbi çox sadədir, müxalifətin siyasi mübarizə taktikası sosial sifarişin tələbləri ilə daban-dabana ziddir.
Ölkəmizdə fəaliyyət göstərən müxalif siyasi partiyaların davranışına, mübarizə metodlarına, təbliğata və səsləndirdiyi siyasi şüarlara nəzər saldıqda, açıq görünür ki, onlar söz, fikir azadlığı haqqında yanlış, birtərəfli təsəvvürə malikdirlər. Odur ki, radikal düşərgənin ideoloji cəhətdən aşınmasında, elektorat baxımdan həddən artıq zəifləməsində qeyri-adi heç nə yoxdur. Bu gün belələrini ideya-mənəvi birlik, milli həmrəylik, azərbaycançılıq ideologiyası, xəlqi ruh, məfkurə yekdilliyi deyil, şəxsi maraq və ambisiyalar birləşdirir. Faktiki olaraq, iqtidara qarşı əks təbliğat üçün heç bir arqumenti qalmayan radikal düşərgə bu gün ölkədə yaranan siyasi sabitliyi və davamlı sosial-iqtisadi inkişafı etiraf etmək zorundadır. Belə vəziyyət radikal mövqeli, antimilli müxalifətin parlament seçkilərində hər hansı uğur qazanmaq ehtimalını sıfıra endirir.
Məlumdur ki, hakim Yeni Azərbaycan Partiyasının, ümumiyyətlə, hakimiyyətin reytinqinə müsbət təsir edən ən mühüm amillərdən biri ölkədə aparılan sosial-iqtisadi siyasətdir. Bu məsələ insanların, seçicilərin sosial durumuna, həyat səviyyəsinə birbaşa təsir edir. Hər bir seçici, bu və ya digər siyasi qüvvə arasında seçim edəndə sosial-iqtisadi amili əsas şərt kimi görür. Radikal müxalifət bu amildən özünəməxsus formada yararlanmaq istəsə də, indiyədək onların belə cəhdləri birmənalı şəkildə müvəffəqiyyətsizliyə düçar olub. Ötən illər ərzində bu düşərgə kütləvi tədbirlərin təşkilində səriştəsiz olduğunu nümayiş etdirib. Radikal müxalifət heç bir halda 3-4 min insanı cəlb etməklə geniş tərkibli aksiyaların keçirilməsinə nail ola bilməyib. Odur ki, indiki halda isə müxalifətin kütləvi tədbirləri təşkil edə biləcəyi sual altındadır. Bunun ən başlıca səbəbi müxalifət partiyalarının sədrlərinə qarşı olan inamsızlıqdır. Müxalifətin keçirilən bütün seçkilərdən məğlub çıxması hazırda cəmiyyətin aksiyalara maraq göstərməyəcəyini deməyə əsas verir.
Bütün bunlara rəğmən, AXCP (i) ilə Müsavat partiyasının təşkil etmək istədiyi "birgə" aksiyaların hər hansı effekti olmayacaq. Radikal düşərgədə mövcud olan vəziyyət tam əminliklə deməyə əsas verir ki, onlar nə ideya-siyasi, nə də təşkilati baxımdan mitinqlərə hazır deyillər. Odur ki, radikalların mitinq taktikasının uğursuz sonluğu irəlicədən görünür.