Rauf Arifoğlu Əli Kərimovdan heyif çıxır
Radikal müxalifət düşərgəsində zəhlətökən, baş ağrıdan tipik şəxslər çoxluq təşkil edir ki, onların da önündə Müsavat partiyasının keçmiş başqan müavini, indiki halda "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu dayanır. Bütün hallarda düşərgədə gedən proseslərə burun uzatmaqda maraqlı olan R.Arifoğlu onun iştirakı olmadan ortaya atılan istənilən məsələdə pozucu mövqe tutub. Bu da faktdır ki, R.Arifoğlu radikal düşərgədə bir sıra partiyaların fəaliyyətinin dayanmasına, müxalifət liderlərinin çirkin işlərinin ictimailəşməsində də başlıca rol oynayıb. Digər bir məqam isə ondan ibarətdir ki, düşərgədə özünü maraq sahibi kimi gözə soxmağa çalışan R.Arifoğlunun şəxsi keyfiyyətləri də onun nə yuvanın quşu olduğunu açıq şəkildə sübut edib. Məhz bu reallıqlar ortalıqda ola-ola, R.Arifoğlu düşərgədə növbəti dəfə ona qarşı haqsızlıq edildiyini iddia edir. Onun iddiasına görə, müxalifət partiya sədrləri bu gün bir siyasətçi kimi mövcud olmalarına görə, ona çox sağ ol deməlidirlər. Amma bu gün düşərgədəki heç bir siyasətçinin onunla hesablaşmaq niyyətində olmadığını iddia edən R.Arifoğlu, belə olan təqdirdə, başqa mətləblərin ortaya çıxacağını da diqqətə çatdırıb. O, hətta onunla kompromisə girməyən müxalifət partiya sədrlərinə xəbərdarlıq da edib. Bu isə, öz növbəsində, onun bir qəzet baş redaktoru kimi nə dərəcədə qudurğanlıq həddinə yüksəlməsindən xəbər verir. Artıq müxalifətin başlıca probleminə çevrilən R.Arifoğlu sindromu hələ də, düşərgə təmsilçilərinin boğazında ilişib qalıb. Bir sıra mətləblərdə düşərgə yetkililərini aşağılayan R.Arifoğlu, maraqları təmin olunmadığı təqdirdə, ətrafındakılara qarşı çox amansız olur. Tabeçiliyində olan qəzetin səhifələrində davamlı şəkildə xoşu gəlməyən müxalifət yetkililərini təhqir və söyüş dolu yazılarla cılızlaşdıran R.Arifoğlu son günlər özünün qara piar kampaniyasına yenidən start verib.
Payızda keçiriləcək parlament seçkilərində iştirakla bağlı böyük səs-küy qoparan R.Arifoğlu sona qədər iddiasının təmin edilməsində israrlı olduğunu qeyd edib. Mənsub olduğu Müsavat partiyası tərəfindən belə namizədliyi dəstəklənməyən R.Arifoğlu bir ay öncə başqan İsa Qəmbərova qarşı antikampaniya aparırdı. İ.Qəmbərovla aralarındakı məlum razılışmadan sonra bu işə son qoyan R.Arifoğlu indi də, AXCP (i) sədri Əli Kərimova qarşı dirəniş göstərir. Hətta bir neçə gün öncə AXCP (i)-Müsavat danışıqlarının dalana dirəndiyi bir məqamda Ə.Kərimov tərəfdarları açıq şəkildə bu işə R.Arifoğlunun problem yaratdığını bildirirdilər. AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı hər iki partiya arasında danışıqların müsbət sonluqla nəticələnməsi üçün R.Arifoğlunun prosesə cəlb edilməsinin də vacibliyini bildirmişdi. Bütün bunlar isə onu göstərir ki, bu gün müxalifət düşərgəsində R.Arifoğlu sindromu hələ də, bir çoxları üçün maneçiliyə və baş ağrısına çevrilib.
Onu da əlavə edək ki, hazırda R.Arifoğlu Müsavatla "Demokratiya Uğrunda İttifaq"ın parlament seçkilərində işqtirak edəcək vahid namizədlərindən biridir. Məhz R.Arifoğlu Müsavatdan namizədlik məsələsində küskünlük yaşadığı dövrdə "DUİ" ilə danışıqlara gedərək, özünü onların namizədi kimi göstərmişdi. Lap sonradan isə İ.Qəmbərovun ona xoş münasibət göstərməsi aralarındakı buzların əriməsinə səbəb olmuşdu. Hazırda isə R.Arifoğlu Müsavatla blok yaratmış AXCP (i)-yə və onun sədri Ə.Kərimova qarşı barışmaz mövqedədir. Onun məhz Ə.Kərimovun düşmənlərinin təmsil olunduğu "DUİ"-nin namizədi olması və "KAXCP" sədri Mirmahmud Fəttayevlə əməkdaşlıq etməsi də, R.Arifoğlunun planlarının tərkib hissəsi sayılır. Amma görünən odur ki, düşərgədə hazırda baş verən çaxnaşmalar və təlatümlər burada daha ilginc olayların olmasını təmin etmiş olacaq.