Maliyyəsi qaranlıq olan partiyanın şəffaf fəaliyyətdən danışması absurddur
Dünən Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Racu Mehralıyev Şükrəli oğlu, Hüseyn Qurbanov Afət oğlu, Elnur Mirzəliyev Aydın oğlu, Mirzə Ağayev Rza oğlu və Qabil Məmmədrzayev Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirildi. Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri Qabil Məmmədrzayev həbs olunana qədər AXCP (i) sədri Əli Kərimovun köməkçisi işləyib.
Qeyd edək ki, sözügedən cinayət işi 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilindən quldurluq yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə başlanılıb.
Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Mirzə Ağayev, Qabil Məmmədrzayev, Racu Mehralıyev, Elnur Mirzəliyev və Hüseyn Qurbanov qabaqcadan əlbir olaraq qrup halında Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36, mənzil 52-də olan külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə razılığa gəlmişlər. Belə ki, 2009-cu ilin noyabr ayının əvvəllərində Mirzə Ağayev əvvəllər sürücüsü işlədiyi Ruqiyyə Məmmədovanın imkanlı və yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36, mənzil 52-də külli miqdarda pulun olmasını Qabil Məmmədrzayevə deyərək, həmin pulu qanunsuz yolla ələ keçirmək barədə onunla qabaqcadan əlbir olmuş, binanın, mənzilin yerləşdiyi yeri, mənzildə yaşayan ailə üzvlərinin sayı və nə işlə məşğul olması barədə məlumat verməklə Ruqiyyə Məmmədovanın fotoşəklini də ona vermişdir. Q.Məmmədrzayev isə cinayət əməlini başqa şəxslərin törədəcəyini və əldə olunan puldan ona 10.000 ABŞ dolları verəcəyini vəd etmişdi.
Bundan sonra, Qabil Məmmədrzayev Bakı şəhəri, Cavadxan küçəsi, ev 36, mənzil 52-də külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə Racu Mehralıyevlə razılığa gəlmiş və həmin yeri 2009-cu ilin əvəllərində sonuncuya göstərmiş, Ruqiyyə Məmmədovanın fotoşəklini ona vermiş, sonra R.Mehralıyev 2009-cu ilin noyabr ayının ortalarında binanın ətrafında pusqu quraraq, mənzildə yaşayanların evdən nə vaxt çıxması və girməsini dəqiqləşdirmiş, Elnur Mirzəliyev və Hüseyn Qurbanovdan ibarət qrup təşkil etmişdir.
Elnur Mirzəliyev qanunsuz olaraq 3 ədəd 9 mm kalibrli, həmin kalibrə malik "Makarov" və "Steçkin" tapançalardan istifadə etmək üçün nəzərdə tutulan döyüş sursatı hesab edilən patronları və soyuq silah hesab edilən kustar üsulla hazırlanmış vurucu-dağıdıcı xassəyə malik kasteti əldə edərək, yaşadığı mənzildə saxlamış və həmin mənzildə axtarış keçirilərkən göstərilən patronlar və kastet aşkar edilərək götürülmüşdür.
Məhkəmə iclasında zərər çəkmiş şəxs Ruqiyyə Məmmədova, oğlu Azadlı Qədir, həmçinin, təqsirli bilinən şəxslər yenidən ifadə verdilər. Onların vəkilləri hər iki tərəfə suallarla müraciə edərək, bəzi məqamlara aydınlıq gətirdilər.
Qeyd olunduğu kimi, təqsirli bilinənlər arasında AXCP (i) sədri Əli Kərimovun müşavirinin də adı var. Bu günədək keçirilən məhkəmə iclaslarında Qabil Məmmədrzayevin susmağa daha çox üstünlük verməsi diqqətdən yayınmır. Eyni zamanda, onun yaxınlarına da proses zamanı rast gəlinmir. Q.Məmmədrzayevin vəkilinin digər vəkillərdən fərqli olaraq, baş verən cinayət hadisəsinə laqeyd münasibəti də diqqətdən kənarda qalmır. Müraciət etdiyi suallar yalnız diqqəti yayındırmaq məqsədi daşıyır.
Q.Məmmədrzayevin ilk iclasdan bu günədək susması, AXCP (i) sədrinin müavini işlədiyini sirr saxlaması qaranlıq məqamlara aydınlıq gətirdi. Q.Məmmədrzayevi AXCP (i) sədrinin müavini olduğunu gizlətməyə nə sövq edir?
Bu səbəbdən ki, AXCP (i)-nin "fəaliyyət" istiqamətləri bu yolda daha inamla irəliləyən Müsavat partiyasına daha yaxşı bəlli olar. "Məhkəmə prosesi ədalətli qaydada sübut etsə ki, doğrudan da, Qabil Məmmədrzayev bu cinayətdə bu və ya digər formada iştirakçı olub, o zaman AXCP (i) olaraq onun haqqlı cəzanı çəkməsinin tərəfdarı olacağıq. Əks halda AXCP (i) Q.Məmmədrzayevin hüquqlarını sonadək müdafiə edəcək" kimi açıqlama ilə çıxış edən müxalifət yetkililəri elə bu fikirləri ilə özü-özlüyündə bir çox məqamlara aydınlıq gətirirlər. Q.Məmmədrzayev, doğrudan da, şər-böhtana məruz qalsaydı, bu gün onların tabeliyində olan mətbu orqanların əks təbliğat maşınlarının sürətindən danışmaq belə mümkün olmazdı.
AXCP (i)-nin maliyyələşməsində çirkli yollarla əldə olunan pulların payı az deyil. Əli Kərimovun köməkçisi olan Qabil Məmmədrzayevin quldurluq yolu ilə böyük məbləğdə pul əldə etməyə can atması da buna bir işarədir. Bir halda ki, milli maraq Ə.Kərimov kimilər üçün arxa plandadır, onlardan partiya üzvlərinin alacağı dərs, götürəcəkləri nümunə nə ola bilər? Quldurluq yolu ilə əldə olunan böyük məbləğdə pula şərik olan Ə.Kərimov seyirçi mövqedə dayanmaqla özünü baş verən hadisədən xəbərsiz aparsa da, bunun mümkünsüzlüyünü hadisələrin gedişi faktı təsdiqləyir.