PDF Oxu

Müxalifət

  • 10

Əli Kərimov növbəti peşmançılığını yaşayır

Əli Kərimov növbəti peşmançılığını yaşayır
Bir neçə gündür ki, radikal düşərgədə az qala böyük olay kimi səs-küylə qarşılanan AXCP (i)-Müsavat yaxınlaşmasının tipik və çirkin tərəfləri üzə çıxmaqdadır. Çünki birbaşa xarici donorların ismarıcı və diqtəsi ilə yaradılan bu oyunbazlığın sonunu əvvəlcədən elə hamı görürdü. Həmişəki kimi, bu məsələdə yenə də gözlərini "Soros" və "Nauman" təşkilatlarının pulları tutmuş Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimov müqəvva rolunda idilər. Digər bir məqam isə ondan ibarətdir ki, seçkiyə bir neçə ay qalmış radikal düşərgədə bu cür oyunların ortalığa atılması bir ənənə halına alıb. Amma çox təəssüf və təəccüb doğuran məqamlardan bir də ondan ibarətdir ki, bu gün radikal düşərgədə özlərini hakimi-mütləq hesab edənlər acı sonluğun astanasında olduqlarının fərqində deyillər. Əgər az da olsa, onlar belə bir düşəncədə olsaydılar, yəqin ki, indi Müsavat başqanı İ.Qəmbərovla AXCP (i) sədri Ə.Kərimov elə özlərinə müvafiq yerlərdə olardılar. Məhz onların bu gün radikal müxalifət düşərgəsində siyasi bazarlıqla məşğul olmaları isə yanlışlığın və ünvanı səhv salmağın göstəricisi kimi qimyətləndirilir. Bütün bunlar bir yana qalsın, axır ki, radikal düşərgədə uzun sürən çək-çevirdən sonra, guya blok yaradırlarmış kimi, bir görüntü yaratmağa cəhd edənlər, nə dərəcədə gülüş hədəfinə çevrildiklərini də anlamamış deyillər. Hərgah ki, onlara belə məsələlər çox gec çatır. Amma cəmiyyətin bütün üzvləri bilir ki, ancaq seçkidən-seçkiyə qış yuxusundan oyanan radikallar bu cür proseslərdə dırnaqarası fəallıq nümayiş etdirməklə hansı məqsədlərə xidmət etmək niyyətindədirlər. Ona görə də, bu gün cəmiyyət tərəfindən heç bir dəstək almayan radikal müxalifət qövmlərinin yenidən "əməliyyata" keçmələri, sözün əsl mənasında, insanda ikrah hissi oyadır. Çünki düşərgə təmsilçiləri o dərəcədə çirkabda çapalayırlar ki, onların yersiz harayalarını özlərindən başqa heç kimi duymur. Ara-sıra radikal müxalifət düşərgəsində duyulan və eşidilən məsələlər isə hələ də, onların öz mövcudluqlarını hiss etdirmək prinsipinə əsaslanır. Xarici donor təşkilatlardan tamamilə asılı vəziyyətdə olan radikal yetkililər üçün heç bir milli keyfiyyət qalmadığından, onlar hər cür hoqqabazlıqlardan çıxmağa hazırdırlar. Buna bariz nümunə kimi, AXCP (i) Müsavatın timsalındakı birləşmə oyununu göstərmək kifayətdir.
Hər kəs bilir ki, nə İ.Qəmbərovun nə də ki, Ə.Kərimovun bir-birilərini görməyə belə gözləri yoxdur. Onların partiyasında belə adıçəkilən şəxslərdən birinin sözü düşdükdə, bu böyük mübahisələrə səbəb olur ki, "sən o satqının və yaxud ikiüzlünün, xəyanətkarın adını niyə burada çəkirsən?" Bütün bunların müqabilində isə, İ.Qəmbərovla Ə.Kərimovun birlikdən, əməkdaşlıqdan, yaxınlaşmadan dəm vurmaları torbada olan pişiyin sədasından xəbər verir. Buradan isə gün kimi aydın olur ki, xarici qağaları onlara "gedin belə bir formatda birlik yaradın" deməklə İ.Qəmbərovla Ə.Kərimovu əməlli-başlı dağa-daşa salmalı olublar. Çünki ayrı-ayrılıqda İ.Qəmbərov da, Ə.Kərimov da bilir ki, onlar ortalıqda olan müəyyən vəsaitin müqabilində "birlik" görüntüsü yarada bilir. Onların tabeçiliyində qalmış olan beş-altı qotur basmış şəxs isə heç bir vəchlə buna razı olmur. Çünki həmin partiyalar üçün xaricdən göndərilən pullar elə qurumun yuxarı instansiyalarındaca bölüşdürülür. Məhz İ.Qəmbərovla Ə.Kərimovun əlaltılarına heç nə çatmayıb. Elə bu səbəbdən də, onlara ağalıq edənlər bu şəxslərə güldən ağır söz deyə bilmir. Bu baxımdan da, böyük pafosla "blok yaratdıq" adını da, "nə bilim nə qoyduq" deməklə işlərini bitmiş hesab edənlər kökündən yanlışlığa yol vermiş olurlar. Çünki bu işin qalmaqalı hələ arxadadır. Zaman onların hansı yuvanın quşu olduqlarını və kimə görə qanad çaldıqlarını açıq şəkildə növbəti dəfə cəmiyyətə görk edəcək.
Amma deyəsən, işlərin bu məcrada getməsi AXCP (i) sədri Ə.Kərimovu qane etmir. Yanlışlıqlardan, səhvlərdən qurtula bilməyən bir tip üçün qaneedici işin harada və necə bitməsi hələ də, sual altındadır. Bunlar onun öz vicdanına qalsın. Vicdan məsələsində isə tərəddüdlərdən qurtula bilməyən Ə.Kərimov üçün "AXCP (i) - Müsavat" blokunun formallığı baş ağrısına çevrilib. Bu yaxınlarda "Nauman" təşkilatının xətti ilə Almaniya və Kambocada qağalarına hesabat verməyə gedəcək Müsavat başqanı İ.Qəmbərov üçün yeni imkanların açılması Ə.Kərimovun məyusluğuna səbəb olub. Sonrakı peşmançılığın heç vaxt fayda verməyəcəyini nəzər alsaq, Ə.Kərimov üçün sonluğa gedən yolun daha sürətlə yaxınlaşdığını müşahidə etmək heç də çətin görünmür.

Digər xəbərlər