PDF Oxu

Müxalifət

  • 8

Radikalizmin sonu çatıb

Radikalizmin sonu çatıb
Cari ilin noyabr ayında keçiriləcək parlament seçkiləri müxalifət düşərgəsində çox ciddi silkələnməyə səbəb olub. Çünki hər seçki sosial dayağı olmayan müxalifət liderlərinin siyasi meydana əlvida deməsini daha da yaxınlaşdırır. Ancaq özləri etiraf etməsələr də, ictimaiyyət onlara 2003-cü ildə birdəfəlik əlvida deyib. Buna baxmayaraq, müxalifəti təmsil edən əksər partiyalar artıq parçalanma mərhələsinə qədəm qoyduqlarını dərk edərək, tələm-tələsik qondarma seçki bloku yaratmaqla özlərinin "varlığını" nümayiş etdirmək istədilər. Liderlərin bu qərarı ilə razılaşmayan partiya funksionerləri də etiraz əlaməti olaraq partiyaları tərk edirlər. Elə bu səbədəndir ki, boykot yolu tutan radikal düşərgədə qarşıdurmalar son həddə çatıb.
Ötən seçkilərdə tam məğlubiyyətə uğrayan və cəmiyyətdə öz nüfuzunu itirən radikal müxlifət partiyaları, növbəti dəfə də eyni aqibəti yaşayacaqlarını öncədən dərk edirlər. Ancaq radikal partiya liderləri sonda biabırçı uğursuzluqlarının məsuliyyətini öz üzərilərindən ataraq günahı partiyaların ali qurumlarının və rayon təşkilatlarının üzərinə atırlar. Guya onlar partiyanın qərarına tabe olublar. Əslində isə, hamı yaxşı bilir ki, radikal siyasi partiyalar avtoritar üsulla idarə olunur. Bütün qərarları rəhbərlər özləri müəyyənləşdirirlər, partiya orqanları isə, sadəcə, "demokratik pərdə" funksiyası daşıyır. Ancaq son seçkilər onu göstərir ki, nə beynəlxalq təşkilatlar, nə də xarici müşahidəçilər onların səsinə səs verir. Çıxılmaz vəziyyətdə qalan radikal müxalifətin rəhbərləri həmişəki kimi, yenə də bildirirlər ki, guya bunların bölgələrdəki "strukturları" keçirilən seçkiləri müşahidə edib və qanun pozuntusu aşkar ediblərmiş. Heç cür anlamaq olmur ki, radikallar bölgələrdəki strukturlar dedikdə, nəyi nəzərdə tuturlar. Heç kim bilməsə də, özləri yaxşı bilirlər ki, hər rayonda partiyanın cəmi bir neçə üzvü var ki, onlar da öz işləri ilə məşğuldurlar, yəni, siyasi fəaliyyət göstərmirlər. Partiyanın rayon təşkilatı adlandırılan bu adamların nə bir qərargahı var, nə də fəaliyyət göstərmək üçün digər imkanları. Belə olan halda, beş-üç adamı hansı məntiqlə struktur adlandırmaq olar.
Müxalifət düşərgəsində son zamanlar baş verən proseslər, onu göstərir ki, radikal partiya sədrləri növbəti seçkilərdə də bu gedişi getmək istəyir. Xüsusilə də, seçkilərə start verildikdən sonra müxalifət partiya sədrləri, o cümlədən, Müsavatla AXCP (i) elə zənn edir ki, "bu dəfə də oyunları baş tutacaq". Ancaq bu reallığı anlamaq istəmirlər ki, uzun illər müxalifətçi mövqedə dayanan və daim məğlubiyyətə uğrayan partiyalar, görəsən, hansı haqla özlərini əsas böyük partiyalar sayır və seçkilərə qatılmaq istəyirlər? Ümumiyyətlə, hansı partiyanın böyük, hansının kiçik olduğunu, görəsən, hansı kriteriyalarla təyin etmək olar? Belə olduqda, düşünmək olar ki, özlərini "nəhəng" sayan partiyalar, "cırtdan" hesab etdikləri partiyalardan heç nə ilə fərqlənmir.
Bir məqama da toxunmaq istəyirəm. Neçə vaxtdır ki, bəzi müxalifət funksionerləri camaatın baş-beynini aparıblar ki, bəs biz iqtidarla dialoq istəyirik. Amma neçə dəfə onlara dioloq təklif olunub, bunlar razılıq verməyiblər. Kimə acıq edirlər və ya kimdən küsürlər, bilmək olmur. Adama deyərlər ki, ayə, sənin xalqın qarşısında nüfuzdan düşməyinə mənmi səbəb olmuşam?
Dialoqda (özü də qrant almaqda ümidli olduqları beynəlxalq təşkiltların qabağında) biabır olacaqlarını bildiklərindən belə təşəbbüsləri boykot edirlərsə, onda hansı məntiqlə "quyruqları qapı arasında qalan kimi" dialoq istəyirlər, anlamaq olmur. Özü də bu dialoqda kiçik saydıqları partiyaların iştirakını istəmirlər. Başqa vaxt bar-bar bağırırlar ki, bəs vətəndaş birliyi belə getdi, siyasi anlaşma elə getdi. Göründüyü kimi, vətəndaş birliyinin əleyhinə çıxan, sivil mübarizədən qorxan ancaq radikallardır, yəni, ənənəvi müxalifət partiyalarıdır. Siyasi səhnədən tamam silinməkdə olan partiyaların bu inadı ölümqabağı son çırpınışa bənzəyir. Bu qüvvələr, zatən, mənəvi cəhətdən çoxdan ölmüşdülər, indi isə fiziki, siyasi və hüquqi cəhətdən məhv olurlar. Onlar özləri özlərini buna məhkum ediblər, ona görə də, kimdən və nədənsə inciməyə haqları yoxdur. Şübhə yoxdur ki, seçki ili olan 2010-cu il Azərbaycanın ən yeni siyasi tarixinə siyasi radikalizmin tam iflası ili kimi həkk olunacaq. Buna artıq nə radikallar, nə başqaları şübhə etmirlər. Çünki bu tarixi ədalətin tələbidir. Azərbaycanın ən yeni siyasi tarixi yeni bir cəmiyyət quruculuğuna hamilədir. Konstruktiv müxalifətə, vicdanlı siyasətçilərə, azad və demokratik dəyərlərə malik olan bir vətəndaş cəmiyyətinə. Bunun baş verməsi üçün lap az qalıb.

Digər xəbərlər