Növbəti seçki uğursuzluğu
Növbəti parlament seçkiləri yaxınlaşdıqca ölkənin ictimai-siyasi həyatında canlanma və fəallıq nəzərə çarpır. Hər bir partiya seçkilərə hazırlıq istiqamətində müvafiq addımlar atır, seçki mübarizəsinə qoşulacaq namizədlərin adlarını müəyyənləşdirir. Bu baxımdan, radikal düşərgəyə daxil olan müxalifət partiyalarının xüsusi canfəşanlıq göstərməsi diqqətdən yayınmır.
Zahirən radikalların bu canfəşanlığında qeyri-adi heç nə yoxdur. Digər siyasi qurumlar kimi onlar də öz iddialarını ortaya qoyurlar, necə deyərlər, seçib-seçilmək istəyirlər. Bu düşərgədə baş verənlərin təfərrüatlarına vardıqda isə radikalların zahiri fəallığının daha çox imitasiya yaratmağa yönəldiyi aydın görünür. Hazırda bu düşərgəyə daxil olan partiyaların siyasi reytinqi ən aşağı həddə gəlib çatıb. Radikal partiyaların - AXCP (i)-nin, Müsavatın, ADP-nin, "KXCP"-nin və digərlərinin seçkilərdə nisbi uğur qazana biləcək bir neçə fəal funksioneri çoxdan bu partiyaları tərk edib. Hətta onlardan bəziləri ötən seçkilərdə məhz millət vəkili seçildikdən sonra üzvü olduqları partiyaların qərarı ilə radikal düşərgədən uzaqlaşdırılıblar. Bu səbəbdən radikalların 125 seçki dairəsinin hər birində namizədlə təmsil olunmağa çalışmaları heç nəyi dəyişmir.
Seçki prosesində müxalifət düşərgəsində azı 5-7 siyasi qruplaşmanın meydana çıxması, faktiki olaraq, bu düşərgənin növbəti parlament hazır olmadığını göstərir. Bu qruplaşmalardan bir neçəsi artıq seçki bloku kimi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınıb. Qanunvericiliyin tələblərinin yerinə yetiriləcəyi təqdirdə, digər müxalif seçki blokları da, sözsüz ki, qeydə alınacaq. Namizədlərin qeydiyyatı prosedurunun həddən artıq sadələşdirilməsi şəraitində bu düşərgə özü-özünü çətin vəziyyətə salıb. Belə ki, indiki halda iddialı şəxslərin namizədliyinin qeydə alınması üçün hər hansı problem yoxdur. Ölkəmizin seçki qanunvericiliyi beynəlxalq seçki qurumları tərəfindən çox yüksək dəyərləndirilir. MSK rəhbərliyi bununla bağlı verdiyi açıqlamalarda dönə-dönə vurğulayıb ki, seçki prosesində, istisnasız olaraq, bütün namizədlər üçün bərabər şərait yaradılacaq. Ötən - 2005-ci il parlament seçkilərində iddialıların sayı kifayət qədər yüksək - 2000 nəfərdən çox olmuş, onların əksəriyyəti deputatlığa - Milli Məclis üzvlüyünə namizəd kimi qeydə alınmışdı. Bu səbəbdən, müvafiq seçki bloklarının siyahısı üzrə namizədliyi irəli sürülən şəxslərin əksəriyyətinin Milli Məclis üzvlüyünə namizəd kimi qeydə alınacağı şübhəsizdir. Bu halda 125 dairə üzrə müxalifətin 500-dən çox namizədi meydana çıxa bilər. Başqa sözlə, hər dairədə bir yerə qarşı müxalifətin 4 iddialı namizədi olacaq ki, bu da radikal düşərgənin onsuz da həddən artıq zəif olan elektoratının azı 4 yerə parçalanmasına gətirib çıxaracaq. Bu halda müxalifətin zəif, pərakəndə, dağınıq, azsaylı tərəfdarlarının növbəti uğursuzluqla üzləşməsi qaçılmaz olacaqdır.
Radikal düşərgədə baş verənlərə ciddi nəzər saldıqda burada 3-4 nəfəri çıxmaqla digərlərinin seçkilərdə uğur qazanmaq şansının sıfır həddində olduğu aydın görünür. Doğrudur, bir sıra partiyalar hələ seçki dairələrinin çoxunu öz aralarında bölüşə bilmirlər. Lakin bu özünü daha çox uğursuzluq sindromundan yaranan barışmazlıq meyili kimi göstərir. Müxalifətin irəli sürdüyü namizədlərin əksəriyyətini yaxın qohumlarından başqa heç kəs tanımır. Onların çoxu ciddi seçki kampaniyası aparmaq potensialına malik deyillər. Müxalif namizədlərin xeyli hissəsi seçki qanunvericiliyinə və seçki prosedurlarına qətiyyən bələd deyil. Demək olar ki, əksər müxalif namizədlərin parlamentçilik ənənəsi ilə bağlı real təsəvvürü yoxdur. Hətta onların arasında Azərbaycanda müstəqillik dönəmində neçə parlament seçkisinin keçirildiyini, Milli Məclis üzvlərinin sayını bilməyənlər də var. Belələri, sözsüz ki, millət vəkilinin səlahiyyətləri, hüquq və vəzifələri haqqında dolğun təsəvvürə malik deyillər. Bu seçkilərdə onların yeganə arqumenti müxalifətçi olmalarıdır ki, bu da deputat seçilmək üçün hər hansı əsas və ya üstünlük yaratmır. Başqa sözlə, müxalif mövqedə durmaq, hər hansı radikal müxalifət partiyasını təmsil etmək heç də millət vəkili adına layiq olmaq demək deyil.
Hər ötən seçkidəki məğlubiyyət radikal partiyaların elektoratının zəifləməsinə, cəmiyyətin müxalifətdən üz döndərməsinə gətirib çıxarır ki, bu da ölkədə keçirilən bu və ya digər seçkilərdə özünü göstərir. Son bələdiyyə seçkilərində müxalifətin biabırçı məğlubiyyətə uğraması buna bariz nümunədir. Bu səbəbdən, müxalifətin seçki ərəfəsində nə yaratmasından asılı olmayaraq, radikal düşərgənin parlament seçkilərində hansısa uğur qazanması gözlənilən deyil.