Nihilist qüvvələrin aqoniyası: imitasiya xarakteri daşıyan mövsümi birlik modeli
Parlament seçkilərdə iştirak etməmək barədə qərar verən radikal müxalifət partiyaları xarici donor təşkilatlardan qrant almaq üçün gərgin iş aparır. Müxalifət başçılarının rəhbərlik etdikləri qurumlarda diktatura rejimi yaradaraq, müxtəlif xarici dairələrdən partiyalarına qrantlar cəlb etmək məqsədilə siyasi fəaliyyətlərini xaricdən verilən sifarişlər üzərində kökləyirlər. Respublikamızın sosial-iqtisadi sahədə qazandığı böyük uğurları özünün onsuz da real olmayan hakimiyyət iddialarına sarsıdıcı zərbə kimi qiymətləndirməyə məcbur olan radikal müxalifət ictimai rəyi çaşdırmağa, real vəziyyəti təhrif etməyə yönəlmiş destruktiv fəaliyyətini yeni ampluada davam etdirməyə çalışır. Daxildə xalqın dəstəyindən məhrum olan 1992-1993-cü ildə dövlət məmurları statusu daşıyan insanların müxalifət partiyalarında cəmlənməsi siyasi hakimiyyətin yenidən ələ keçirilməsi naminə öz fəaliyyətini bir çox hallarda xarici qüvvələrin maraqlarına uyğunlaşdırmaq cəhdi həm də maliyyə maraqları ilə izah oluna bilər. 2005-ci ildə qeyri-sivil mübarizə üsullarına, zorakılığa meyillənən, "məxməri inqilab" eyforiyasına qapılan Azərbaycan müxalifəti sarsıdıcı məğlubiyyətdən sonra reallıqdan tamamilə uzaq təbliğat maşınlarını işə saldı. Bütün siyasi proseslər "rəngli inqilab"ların mümkünlüyünə dair verilən proqnozların tam əksinin reallaşması ölkədə ictimai-siyasi, sosial-iqtisadi durumla şərtlənirdi.
Azərbaycan hakimiyyəti siyasətdə varislik prinsipini qoruyaraq və yeni dünya nizamının tələblərini mənimsəyərək sivil və demokratik dövlət quruculuğu yolunda qətiyyətli addımlar atmaqdadır. Azərbaycandan fərqli olaraq, bir sıra post sovet ölkələrində baş verən siyasi hadisələr nəticəsində siyasi hakimiyyətə qarşı yaranan inanmazlıq rəngli inqilablarla nəticələndi. Ukrayna və Gürcüstandakı baş verən inqilab dalğasını düzgün qiymətləndirmədən siyasi hadisələrdən həvəsə gələn radikal müxalifətin inqilabi dəyişikliyin guya qaçılmazlığı barədə iddialarına cavab olaraq, müxalifət yenə də məğlub oldu, Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə əsas səs çoxluğuna sahib partiya kimi seçkilərdən qalib çıxdı. Seçkilərdən qalib çıxan partiyanın Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın ölkənin gələcək inkişafında müstəsna rol oynaması, ölkəmizin siyasi, sosial-iqtisadi həyatında baş verən sürətli inkişaflı bağlıdır. Demokratiya libaslı avantüristlərin utopik meydan fəlsəfəsi bir andaca dağıldı, özlərini ön cərgələrə dürtənlər kütlənin arxasında belə sığınacaq tapmağa cəsarət etmədilər. Müxalifət rəhbərlərinin potensiallarından qat-qat artıq olan mövcud gerçəkliyin onların təsvir etdiklərindən köklü şəkildə fərqlənməsi düşərgədə cəmləşən müxalifətçilərin məğlubiyyətini stimullaşdırır. Ölkədə hansısa absurd inqilabi situasiyanın formalaşdırılması məqsədinə xidmət edən iddialarla manipulayasiya edən "demokratlar" seçki kampaniyası dövründə ictimai diqqətin daşıyıcısına çevrilməkdə aciz qalıb. Radikal müxalifəti təmsil edən partiya nümayəndələrinin, eləcə də, daim bu düşərgənin maraqlarından çıxış edən, obyektiv reallığı etiraf etmək cəsarətində olmayan bir sıra "ekspertlərin" hansısa problemin həllinə deyil, sadəcə, hökumətin həyata keçirdiyi və müsbət nəticələri dünyanın ən nüfuzlu maliyyə qurumları tərəfindən etiraf olunan islahatları kor-koranə tənqid etməklə yanlış rəy formalaşdırmaqla məşğuldur.
Azərbaycanda mövcud siyasi hakimiyyətin uzun illər ərzində həyata keçirdiyi iqtisadi inkişaf proqramlarına, uğurlu inkişaf strategiyasına qarşı heç bir sanballı "vahid proqram" ortaya qoymayan radikal müxalifət populist şüarlar səsləndirməklə kifayətlənməli oldu. Qərəzli və reallıqdan uzaq bu iddia hakimiyyət hərisləri populist qüvvələrin neobolşevik xarakterini bütün çılpaqlığı ilə ortaya qoyurdu. Radikal müxalifəti təmsil edən partiyalar zaman-zaman belə iddialarla çıxış edərək hakimiyyətə gələcəkləri təqdirdə, Azərbaycanın milli maraqlarına belə yenidən baxılması kimi məsələlər ətarında fikirlər səsləndirirdilər. İndiki halda, radikal müxalifətin xain və satqın elan etdiyi Müsavatla keçmiş "müttəfiqləri" arasında qarşılıqlı ittihamlar son həddə çatıb. Hər iki tərəf bir-birini gözdən salmaq üçün mümkün olan bütün variantlardan istifadə edir. İmitasiya xarakteri daşıyan mövsümi birlik modelləri əsasında fəaliyyət göstərən Azərbaycan müxalifəti AXCP (i) və Müsavat rəhbərliyinin düşərgə daxilində birincilik iddiası prinsipləri üzərində köklənib. Lakin bəzi məqamlar, xüsusilə, adları çəkilən partiyaların və onların başçılarının "birlik ideyası" fərdi maraqları çərçivəsində yeni qurumun siyasi perspektivini indidən sual altına qoyur. Əsasən, fərdi maraqların və iddialara köklənən imitasiya xarakteri daşıyan mövsümi birlik modeli qarşıya qoyulan məqsədə çatmadan iflasa uğrayıb dağılcağı şübhəsizdir.